Məhkəmə qərarları › İş №2-1(118)-3772/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3772/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3772/2024 17.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qərarın ləğvi, əvvəlki pensiyanın bərpa edilməsi, tutulmuş pensiyanın qaytarılması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, etimad hüququ) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, pensiyanın bərpa edilməsi, tutulmuş pensiyanın qaytarılması” tələblərinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 17 dekabr 1976-cı il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 23 ferval 2024-cü il tarixli, 3-17-1/2-C-43963/2024 nömrəli “Artıq ödənilmiş əmək pensiyası haqqında” məktubundan görünür ki, araşdırma zamanı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı 17 may 2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməsi olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 17 may 2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajını 31 il 9 ay 4 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı tarixədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 37,50 manat (31,76 il x 170 manat 144 ay) hesablanaraq 17 may 2010-cu il tarixə indeksləşdirilib 58,10 manat müəyyən edilməklə üzərinə, 1 yanvar 2006-cı il- 17 may 2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1.785,60 manat sığorta kapitalına uyğun 12,40 (1.785,60:144) manat və 75 manat baza hissəsi əlavə edilərək 17 may 2010-cu il tarixə 145,50 manat (58,10+12.40+75) (indeksləşdirilərək 1 noyabr 2017-ci il tarixə 208,68 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, pensiya hüququnun yarandığı gündən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14.025,11 manat sığorta kapitalına əsasən əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (14.025,11 : 121 ay (63 il 6 ay - 59 il 5 ay =49 ay + 144 ay - 72 ay)=115,91 manat) 1 noyabr 2017-ci il tarixindən yenidən hesablanaraq 208,68 manatdan 324,59 manata (208,58+115,01) (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilməklə 5 iyun 2022-ci il tarixinə 563,51 manat) artırılıb. Bundan başqa, 16 iyun 2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 21.262,30 manat sığorta kapitalına əsasən əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada ((21.262,30: 72 ay)=295,31 manat) həmin tarixdən yenidən hesablanaraq 563,51 manatdan 858,82 manata (563,51 + 295,31) artırılıb. Qeyd olunanlara əsasən son üç il üzrə 3.997,89 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş vəsait 2023-cü ilin dekabr ayından etibarən hər ay 85,88 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.

3. “Azərbaycan Beynəlxalq Bankı”nda İddiaçı “hesab vərəqəsi”ndən 1 yanvar 2023-cü il – 4 sentyabr 2024-cü il tarixlər üzrə elektron çıxarış.

Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” 29 noyabr 2023-cü il tarixli, 3-17-1/3-3- 63494/2023 nömrəli qərarından görünür ki, İddiaçı “Hazırkı pensiya məbləği” 717,59 manat, “yenidən hesablanmış pensiya məbləği” 858,82 manat olaraq göstərilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 23 ferval 2024-cü il tarixli, 3-17-1/2-C-43963/2024 nömrəli “Artıq ödənilmiş əmək pensiyası haqqında” məktubu (§2).

6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən tərtib edilmiş 054192 nömrəli İddiaçı adına verilmiş “Pensiyaçının uçot vərəqəsi”;

7. 17 dekabr 1976-cı il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”.

8. 29 dekabr 2017-ci il, 4 yanvar 2018-ci il tarixli “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sığorta stajı və pensiya kapitalı barədə” arayışlar;

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

9. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 avqust 2024-cü il tarixli, 3-17-1/2-193661/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 35 il 11 ay 4 gün (1 yanvar 2006-cı il tarixədək 31 il 9 ay 4 gün (1 sentyabr 1973-cü il – 27 iyun 1977-ci il, 8 avqust 1977-ci il – 17 oktyabr 1977-ci il, 18 noyabr 1977-ci il – 15 oktyabr 1980-ci il, 15 yanvar 1981-ci il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il 2 ay), güzəştli iş stajı isə 25 il 1 ay 25 gün (8 avqust 1977-ci il – 17 oktyabr 1977-ci il, 15 yanvar 1981-ci il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” 19 aprel 2024-cü il tarixli, 3-17-1/3-3-5584/2023 nömrəli qərarından görünür ki, İddiaçı “Hazırkı pensiya məbləği” 955 manat, “yenidən hesablanmış pensiya məbləği” 935,71 manat olaraq göstərilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” 29 noyabr 2023-cü il tarixli, 3-17-1/3-3- 63494/2023 nömrəli Qərarı (§4); - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən tərtib edilmiş 054192 nömrəli İddiaçı adına verilmiş “Pensiyaçının uçot vərəqəsi”; - 1 iyul 1977-ci il tarixli, C seriyalı, 601713 nömrəli Diplomnan görünür ki, İddiaçı 1973cü ildə Sumqayıt kimya-texnologiya texnikumuna daxil olmuş, 1977-ci ildə “Kimya zavodlarının avadanlığı” ixtisası üzrə tam kursu bitirmişdir; - БЕ seriyalı, 042455 nömrəli İddiaçı məxsus “Hərbi bilet”;

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dekabr 2023-cü il tarixdən başlayaraq hər ay əmək pensiyasından tutulmuş 85,88 manat pensiyasının iddiaçıya ödənilməsi və əmək pensiyasından tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbinin dəlilləri onunla əsaslandırılmışdır ki, xx xxx 1958-ci il təvəllüdlü iddiaçı 1973-1977-ci illərdə Sumqayıt Kimya-Texnologiva Texnikumunun əyani Şöbəsində təhsil almışdır, 20 sentyabr 1976-cı il – 21 dekabr 1976-cı il tarixdə M.Əzizbəyov adına Kimya Zavodunda işləmişdir. 8 avqust 1977-ci il – 17 oktyabr 1977-ci il tarixdə yenə həmin zavodda işləmişdir. 8 oktyabr 1977-ci il – 17 oktyabr 1990-cı il tarixlərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 15 yanvar 1980-ci il – 26 aprel 2012-ci illərdə yenidən həmin müəssisədə işləmişdir. 27 aprel 2012-ci il – 16 iyun 2023-cü il tarixdə “Azərkimya” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsində işləmişdir. Ümumi iş stajı fasiləsiz 50 ildir. Ümumi iş stajının (1976-26 aprel 2012-ci il) 36 ili 1-ci siyahı üzrə zərərli iş dövrünə aiddir. Cavabdeh 23 fevral 2024-cü il tarixli məktubu ilə 3.997,89 manat artıq ödənilmiş məbləğin 2023-cü ilin dekabr ayından etibarən hər ay 85,88 olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsini bildirmişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, iddiaçıya 1 nömrəli Siyahı üzrə 52 yaşı tamam olanda pensiya təyin edilməli olduğu halda, 50 yaşından yaşa görə güzəştli pensiya təyin edilmişdir. Cavabdeh hesab edir ki, 1 avqust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etdiyinə görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. 1 yanvar 2006-cı il tarixdə qüvvədə olmuş “Vətəndaşların pensiya təyinatı haqqında” Qanunun 13-cü maddasina əsasən iddiaçıya 50 yaşı tamam olan tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının 50 yaşı 17 may 2008-ci il tarixdə tamam olmuşdur. Həmin tarixə qədər iddiaçının 35 il ümumi iş stajı, 32 il 1-ci Siyahı üzrə iş stajı olmuşdur. 1 avqust 1997-ci il tarixə qədər iddiaçının 24 il ümumi, 21 il 1-ci Siyahı üzrə iş stajı olmuşdur.

12. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Fərmanına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33, 73, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə istinad olunmuşdur.

13. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Əmək pensiyasının yenidən hesablanması haqqında” 29 noyabr 2023-cü il tarixli, 3-17-1/3- 3-63494/2023 saylı qərar ləğv edilməklə ona 17 may 2008-ci il tarixdə təyin edilmiş pensiyanın bərpa edilməsi və dekabr 2023-cü il tarixdən avqust 2024-cü il tarixədək tutulmuş pensiyanın qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 25 noyabr 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

16. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Etirazın əsasları: Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı 17 may 2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 17 may 2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 31 il 9 ay 4 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə əsasən, həmin tarixə pensiyasının sığorta hissəsi 37,50 manat (31,76 il x 170 manat:144 ay) hesablanaraq 17 may 2010-cu il tarixə indeksləşdirilib 58,10 manat müəyyən edilməklə üzərinə, 1 yanvar 2006-cı il-17 may 2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1.785,60 manat sığorta kapitalına uyğun 12,40 (1.785,60:144) manat və 75 manat baza hissəsi əlavə edilərək 17 may 2010-cu il tarixə 145,50 manat (58,10+12,40+75) (indeksləşdirilərək 1 noyabr 2017-ci il tarixə 208,68 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Bununla əlaqədar olaraq, iddiaçının pensiya hüququnun yarandığı gündən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14.025,11 manat sığorta kapitalına əsasən əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (14.025,11 : 121 ay (63 il 6 ay -59 il 5 ay = 49 ay +144 ay -72 ay) = 115,91 manat) 1 noyabr 2017-ci il tarixdən yenidən hesablanaraq 208,68 manatdan 324,59 manata (208,68+115,91) (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilməklə 15 iyun 2023-cü il tarixə 563,51 manat) artırılıb. Bundan başqa, 16 iyun 2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 21.262,30 manat sığorta kapitalına əsasən əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada ((21.262,30 : 72 ay )= 295,31 manat) həmin tarixdən yenidən hesablanaraq 563,51 manatdan 858,82 manata (563,51+295,31) artırılıb. Qeyd olunanlara əsasən iddiaçının son üç il üzrə 3.997,89 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş vəsait 2023-cü ilin dekabr ayından etibarən hər ay 85,88 manat olmaqla ərizəçinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar ərizəçinin əmək pensiyası 1 yanvar 2024-cü il tarixindən 955 manat təşkil edir.

18. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8, 27, 29.1, 37.3.1, 39.1, 45, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına istinad olunmuşdur. c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilmməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

21. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

22. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

24. Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir;

Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər

9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

… Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması

39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. …

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.

Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

29. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

30. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

31. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, o cümlədən iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

32. Belə ki, iddia tələbinin əsasına görə iddiaçının qanunsuz olaraq 50 yaşından təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası cavabdehin qərarı ilə kəsilmiş, hazırda pensiya məbləğindən tutulmalar aparılır. İddiaçının 50 yaşı 17 may 2008-ci il tarixdə tamam olmuşdur. Həmin tarixə qədər onun 35 il ümumi iş stajı, 32 il 1-ci Siyahı üzrə iş stajı olmuşdur. 1 avqust 1997-ci il tarixə qədər iddiaçının 24 il ümumi, 21 il 1-ci Siyahı üzrə iş stajı olmuşdur.

33. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı 17 may 2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 17 may 2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilmişdir. Belə ki, iddiaçının son üç il üzrə 3.997,89 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edildiyi üçün, artıq ödənilmiş vəsait 2023-cü ilin dekabr ayından etibarən hər ay 85,88 manat olmaqla ərizəçinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.

34. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.”

35. Göründüyü kimi, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.

36. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına görə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 17 may 2008-ci il tarixdə təyin edilmişdir, həmin pensiya məbləğinin səhv hesablanması barədə qərar isə 2023-cü ildə qəbul olunmuş, ödənilmiş pul vəsaitinin tutulması aparılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir.

37. Bununla da aydın olur ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini gözləməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Odur ki, cavabdeh təxminən 15 ildən sonra iddiaçının pensiya məbləğinin səhv təyin edilməsinin bildirilməsində və pensiyadan müvafiq tutulmaların aparılmasında haqlı olmamışdır.

38. Bundan əlavə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcuddur, həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.

39. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2-1(102)-1293/2024 saylı qərarında qeud olunur ki, “... analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (o cümlədən, xx.xx.2019-cu il tarixli 2- 1(102)-2641/2019 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2023/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 1 avqust 1997-ci il tarixinədək topladığına görə, ona əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 50 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. ... Bununla da, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə və “Əmək pensiyaları haqqında” Qanun 9.8-ci maddəsinə əsasən, 50 yaşı tamam olduğu 12 avqust 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. ...”

40. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.

NƏTİCƏVİ HİSSƏ

41. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 29 noyabr 2023-cü il tarixli, 3-17- 1/3-3-63494/2023 saylı qərar ləğv edilməklə İddiaçı 17 may 2008-ci il tarixdə təyin edilmiş pensiyanın bərpa edilməsi və dekabr 2023-cü il tarixdən avqust 2024-cü il tarixədək tutulmuş pensiyanın qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar