Məhkəmə qərarları › İş №2-1(118)-3772/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3772/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3772/2025 23.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X1 qarşı iş üzrə (Açar sözlər: ölüm haqqında akt qeydinin ləğv edilməsi) GİRİŞ HİSSƏ X2-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” X1 qarşı “ölüm haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, barəsində 03 noyabr 1952-ci il tarixdə vəfat etməsinə dair Xaçmaz rayon Hülövlü İcra Nümayəndəliyi tərəfindən qeydə alınmış 05 noyabr 1952-ci il tarixli, 0026 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1952-ci il tarixdə Xaçmaz rayonu, Hülövlü kəndində anadan olmuşdur. Hazırda Xaçmaz rayonu, Hülövlü kəndində pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Bildirir ki, pensiya ilə bağlı aidiyyəti üzrə müvafiq dövlət orqanına müraciət etdiyi zaman ona sistemdə ölü göründüyünü, yəni barəsində 03 noyabr 1952-ci il tarixdə vəfat etməyi ilə əlaqədar 05 noyabr 1952-ci il tarixli, 0026 №-li ölüm haqqında akt qeydinin olduğu bildirilmişdir. Bu həqiqətən də gülməli bir vəziyyətdir. Bu yaşına kimi bu barədə heç bir məlumat verilməmiş, yalnız pensiya üçün müraciət etdiyi zaman xəbəri olmuşdur. Qeyd edir ki, sözügedən ölüm haqqında akt qeydinin ləğvi ilə bağlı iş üzrə cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” X1 ərizə ilə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəməyə müraciət etməyi bildirilmişdir. Qeyd olunanlara əsasən, hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Hazırda maddi vəziyyətim olduqca acınacaqlıdır. Pensiya ala bilmir. Dəfələrlə müraciət edərək səhvlik olduğunu bildirsə də, barəsində ölüm haqqında akt qeydinin olması səbəbindən pensiya verilməsindən imtina edilmişdir. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması ilə Xaçmaz rayon Hülövlü İcra Nümayəndədliyi tərəfindən qeydə alınmış 26 saylı, 05 noyabr 1952-ci il tarixli ölüm haqqında akt qeydi ləğv edilməlidir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-11-2406/2023 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Odur ki, yuxarıda göstərilən ölüm akt qeydinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunur.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13cü maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/Q-0207/69 nömrəli arayışdan görünür ki, İddiaçı 03 noyabr 1952-ci ildə ölmüşdür. Ölüm xx.xx.1952-ci ildə 0026 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: Sətəlcəm. Ölümün qeydə alındığı yer: Xaçmaz rayon İHB-nın Hülövlü kənd İN-də.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-7xx-xx/2025 nömrəli məktubdan görünür ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.1952-ci il tarixli, 0031 nömrəli doğum akt qeydi və xx.xx.1952-ci il tarixli, 0026 saylı ölüm akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmə sorğusuna əsasən, Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin surətləri məhv edildiyindən onların məhkəməyə təqdim edilməsi mümkün deyildir (qanunverciıiyin tələblərinə əsasən sənədlər 3 il müddətinə arxivdə saxlanılır və müddət başa çatdıqdan sonra yandırma yolu ilə məhv edilir). Xaçmaz RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin arxivində saxlanılan İddiaçı məxsus fərdi uçot kartoçkasının surəti məhkəməyə təqdim edilmişdir.

IV. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

16. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir; 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5-ci bəndə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

17. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.7. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. 8.8. Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır. 8.9. Yol getdiyi yerdə (qatarda, gəmidə, təyyarədə və s.) ölmüş şəxslərin ölümü yaxındakı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində qeyd oluna bilər. 8.10. Qəzaların icrası zamanı ölən məhkumların, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərin ölümünün qeydə alınması ümumi əsaslarla həyata keçirilir. 8.11. Ölüm qeyd edilərkən, ölənin yetkinlik yaşına çatmayan uşaqları barəsində məlumatı olan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi uşaqların yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına bir gün müddətində məlumat verməlidirlər. 8.12. Ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə müvafiq olaraq Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir. 8.13. Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, ölümün qeydə alınması zamanı Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi hərbi bilet və s. hərbi xidmətlə bağlı olan sənədləri onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə təhvil verirlər. Bu orqanlar eyni zamanda, ölmüş şəxsin sənədlərinin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə təhvil verilməməsi barədə də məlumatlandırılır. 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir.

IV. Məhkəmənin mövqeyi

19. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

20. İddiaçı xx xxxxxxxx 1952-ci il tarixdə Xaçmaz rayonu, Hülövlü kəndində anadan olmuşdur. Hazırda Xaçmaz rayonu, Hülövlü kəndində pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Bildirir ki, pensiya ilə bağlı aidiyyəti üzrə müvafiq dövlət orqanına müraciət etdiyi zaman ona sistemdə ölü göründüyünü, yəni barəsində 03 noyabr 1952-ci il tarixdə vəfat etməyi ilə əlaqədar 05 noyabr 1952-ci il tarixli, 0026 №-li ölüm haqqında akt qeydinin olduğu bildirilmişdir.

21. Məhkəmə qeyd edir ki, ölümün qeydə alınması əsasları qanunvericiliklə müəyyən edilmişdir. İddiaçı barəsində öllümlə bağlı akt qeydinin aparılmasına əsas mövcud olmamış, cavabdehdə iddiaya münasibətində iddianı qəbul etmişdir.

22. Qanunveriliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

24. Məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydinin əsassız olduğu aşkar surətdə aydın olduğundan iddia tələbi təmin edilərək xx.xx.1952-ci il təvəllüdlü İddiaçı barəsində Xaçmaz rayon Hülövlü İcra Nümayəndəliyi tərəfindən qeydə alınmış 05 noyabr 1952-ci il tarixli, 0026 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

25. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1-ci, 68-69-cu, 73-cü və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı: İddia təmin olunsun. İddiaçı barəsində Xaçmaz rayon Hülövlü İcra Nümayəndəliyi tərəfindən qeydə alınmış 05 noyabr 1952-ci il tarixli, 0026 nömrəli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X2-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar