Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3775/2023 21.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarına əsasən ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli, 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, iddiaçıya Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarına əsasən ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli, sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarına əsasən ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli, 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri,Corat qəsəbəsi,2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli sahəsi 600 kv.m. olan torpaq sahəsi Sumqayıt şəhər XDS İcrayyə Komitəsinin xx.xx.1990-cı il tarixli 8.607 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya ayrılmışdır. O, qanuni əsaslarla ona ayrılmış torpaq sahəsinin təhkim aktı tərtib edilməklə istifadəsinə təhvil verilmiş, o da qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı o, cavabdehə müraciət etmişdir, lakin cavabdeh ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etrniş və bunu onunla əsaslandırmışdır ki, təqdim edilən 20 oktyabr 1991-ci il tarixli 340 saylı ayrıc aktı tərtib olunsa da möhürlə təsdiq olunmamışdır. Belə hesab edir ki,cavabdehin bu imtinasının heç bir hüquqi əsası yoxdur, qeyd edilən torpaq sahəsinin ona fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılması barədə qərar qüvvədədir,ləğv edilməmişdir,həmin torpaq sahəsinin koordinatları ərazinin baş planına da salınmış və dəqiq koordinatları müəyyən olunmaqla ona bu barədə ayrıc aktı da verilmişdir. Akt qərarın tərkib hissəsi olduğu üççün onun üzərinə möhür vurulmamış və həmin möhürün vurulmamasına görə o, cavabdehlik daşımır. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas verən yetərincə sənədlərin olmasına baxmayaraq, cavabdeh təşkilat əsassız səbəb gətirməklə bundan imtina etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, təqdim olunmuş ərizəyə üzərində hüquqlar dövlət qeydiyyatına alınması nəzərdə tutulan torpaq sahəsinə dair tərtib edilmiş 20 oktyabr 1991-ci il tarixli, 340 nömrəli ayrıc aktı əlavə edilsə də, qeyd edilən akt müvafiq möhürlə təsdiqlənməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Məhkəməyə sorğu əsasında təqdim edilmiş Sumqayıt rayon XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarından çıxarışdan və Sumqayıt rayon XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli, 600 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. - Mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş 20 oktyabr 1991-ci il tarixli, 340 nömrəli ayrıc aktından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli, 600 kv.m torpaq sahəsi yerində ölçülərək iddiaçıya təhvil verilmişdir. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 0.06 ha-dan ibarətdir, torpaq sahəsi yerüstü komunikasiya xətlərinin mühafizə zolağında yerləşmir, torpaq sahəsinin ünvanı qonşu bağların ünvanlarının sıra ardıcıllığına uyğundur və torpaqdan təyinatı üzrə istifadə edilir, mübahisəli hal yoxdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 12 may 2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 12 may 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli, 600 kv.m torpaq sahəsi Sumqayıt rayon XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində olmuşdur. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənəd əsasında mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 12 may 2023-cü il tarixli bildirişi ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Cavabdeh orqan imtinasının əsası kimi torpaq sahəsinə dair tərtib edilmiş 20 oktyabr 1991-ci il tarixli, 340 nömrəli ayrıc aktının müvafiq möhürlə təsdiqlənməmiş olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə cavabdeh orqanın qeyd edilən dəlilinin araşdırılması üçün Sumqayıt rayon XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarının və iddiaçıya ayrılmış torpaq sahəsinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün Sumqayıt şəhər Dövlət Arxivinə sorğu ünvanlamışdır. Sumqayıt şəhər Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt rayon XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarından çıxarışdan və Sumqayıt rayon XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli, 600 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş 20 oktyabr 1991-ci il tarixli, 340 nömrəli ayrıc aktından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli, 600 kv.m torpaq sahəsi yerində ölçülərək iddiaçıya təhvil verilmişdir və həmin akt müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. Həmin aktın möhürlə təsdiq edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna, həmçinin vətəndaşın mülkiyyət hüquqlarınının məhdudlaşdırılmasına əsas ola bilməz. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmçinin, məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 0.06 ha-dan ibarətdir, torpaq sahəsi yerüstü komunikasiya xətlərinin mühafizə zolağında yerləşmir, torpaq sahəsinin ünvanı qonşu bağların ünvanlarının sıra ardıcıllığına uyğundur və torpaqdan təyinatı üzrə istifadə edilir, mübahisəli hal yoxdur. “Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarına əsasən ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli, 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 07 dekabr 1990-cı il tarixli, 8.607 nömrəli qərarına əsasən ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 59 nömrəli, 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva