Məhkəmə qərarları › İş №2-1(118)-3775/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3775/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3775/2025 10.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnin xx.xx.2024-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 866,94 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1200 manat məbləğində siyahıya alınmış əmlakının (Xudat şəhəri Mərkəzi Malikanə məhəlləsində yerləşən çayxanada olan 1 ədəd dondurma üçün soyuducu) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh borcun ödənilməsinə dair qəbzləri məhkəməyə təqdim edərək iddia tələbində qeyd olunan borc məbləğinin ödənildiyini bildirmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, 121380 (digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar) büdcə təsnifat kodu üzrə 500 manat və 366 manat məbləğində ödənişlər edilmişdir. Göründüyü kimi, iddia tələbind qeyd olunan Dövlət Sosial Müdafiə Fonduna olan borc məbləği cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, hazırkı işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81.1-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar