Məhkəmə qərarları › İş №2-1(118)-3778/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3778/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3778/2025 25.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 240 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 240 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN:**********) Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün X1 Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə yaranan 242,53 manat borcuna görə 240 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü tarixli **********5 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın müvafiq vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc büdcəyə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən müvafiq fonda 240 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. “Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli İcmalında qeyd edilmişdir ki, Vergi mübahisələrinə münasibətdə bu qəbildən olan iddialar üzrə işlərə cavabdeh inzibati orqan olduqda inzibati orqanın yerləşdiyi yerin (inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edibetməməsindən asılı olmayaraq), cavabdeh vergi ödəyicisi (hüquqi şəxs və ya fərdi sahibkar olmasından asılı olmayaraq) olduqda isə onun uçotda olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İş materiallarında olan "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh vergi ödəyicisinin uçotda olduğu yer Bakı şəhəri, Qaradağ rayonudur. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiaya aiddir və cavabdeh vergi ödəyicisinin uçotda olduğu yer Bakı şəhəri, Qaradağ rayonudur. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.4-cü maddəsinin müddəası tətbiq edilməklə cavabdeh vergi ödəyicisinin uçotda olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhəri, Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 80, 81.1-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar