Məhkəmə qərarları › İş №2-1(118)-3785/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3785/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3785/2024 02.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona cəza çəkməkdən azad edildiyinə görə birdəfəlik pul müavinəti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq sənədləri təqdim etməklə və ərizə ilə cavabdehə müraciət edərək cəza çəkməkdən azad edildiyimə görə birdəfəlik pul müavinəti verilməsini xahiş etmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 220112/2023 saylı “Sosial müavinətin təyin olunmasından imtina edilməsi haqqında” məktubu ilə ona cəza çəkməkdən azad edildiyinə görə birdəfəlik pul müavinəti verilməsindən imtina edilmişdir.Hesab edir ki, aşağıda sadalananlara görə ona cəza çəkməkdən azad edildiyinə görə birdəfəlik pul müavinəti verilməsindən inzibati orqanın verdiyi imtina qanunsuz və əsassızdır.Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarları ilə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 04 ay 01 gün müddətinə azadlıqdan məhrum edilmişdir.Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarları nəzərə alınmaqla qəti olaraq təyin edilmiş 01 il 04 ay 01 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İddiaçı qeyd olunan müddətlərdə həbsdə olmuş və sonradan şərti olaraq vaxtından əvvəl azad edilmişdir.Beləliklə də, müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinası formal olmaqla, heç bir hüquqi əsası yoxdur, bununla da həmin imtina qanunsuz və əsassızdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 14.1 -ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmişşəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Qanunun 8.2-ci maddəsinə əsasən sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsinə əsasən həbs — qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində (istintaq təcridxanalarında) saxlanılmasıdır.Təqdim etdilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin müvafiq arayışına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə 1 il 4 ay 1 gün azadlıqdan məhrum edilmiş xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək cəza müddətini çəkmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci i! tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir.İddiaçı birdəfəlik-müavinətin təyin olunması üçün xx.xx.2023-cü il tarixində 6 saylı DOST Mərkəzinə müraciət edib, onun müraciətini ilə əlaqədar olaraq, Qanunun 8.1 -ci maddəsi ilə müəyyən edilmiş sosial adaptasiya müddəti 1 (bir) il onun tərəfinizdən ötürüldüyündən ona sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 22 sentyabr 2023-cü il tarixli 3-17-1/2-J-220112/2023 nömrəli məktubun surəti, cavabdehin etiraz ərizəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun məhkumluqdan vaxtından əvvəl şərti azad edilməsi vaxtından vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehin 22 sentyabr 2023-cü il tarixli 3-17-1/2-J-220112/2023 nömrəli məktubunu qəbul etdikdən sonra məhkəməyə vaxtında müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar.Həmin Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş sosial adaptasiya müddəti 1 (bir) il müddətini ötürüldüyündən ona müvafiq müavinətin təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cəza çəkmədən azad edilməmişdən öncə nə penitensiar müəssisədə, nə də ki, azad olunduqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınmamışdır. Belə ki, Penitensiar Xidmətin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi 3-16-5/2-15591/2024 saylı məktubdan məlum olur ki, iddiaçı cəza çəkmədən öncə Xidmətdə qeydiyyata alınmamışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci ildə şərti olaraq vaxtından əvvəl azad edilmiş və birdəfəlik müavinətin təyin olunması üçün xx.xx.2023-cü il tarixində cavabdehə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın hərəkətləri qanunidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona cəza çəkməkdən azad edildiyinə görə birdəfəlik pul müavinəti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar