Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3789/2024 17.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan tibb-baş leytenantı kimi xx.xx.2023-cü il tarixdə xəstəliyi ilə əlaqədar ordu sıralarından təxris edilmişdir. Təxris olunduğu vaxtadək N nömrəli “Komando” tipli hərbi hissədə xidmət etsə də, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət aparmışdır. Müharibə başlanan 27 sentyabr 2020-ci il tarixdə Türkiyə Respublikasında təhsil kursunda olsa da, müharibədə iştirak etmək məqsədilə xx.xx.2020-ci il tarixdə Azərbaycana gəlmiş və dərhal xidməti yerinə qayıtmışdır. Daha sonra N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə N nömrəli hərbi hissəyə ezam olunmuş və ezam olunduğu müddətdə N nömrəli hərbi hissənin N nömrəli döyüş sərəncamları ilə hücum taktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə ezamdan qayıtmış və xidməti fəaliyyətini həmin hərbi hissədə davam etdirmişdir. Daha sonra 2022-ci ildə sentyabr ayının 13-də keçirilən hərbi əməliyyatlarda və 2023-cü ilin sentyabr ayında keçirilən anti-terror əməliyyatlarında iştirak etmişdir. Bununla da bağlı kifayət qədər sübutlar, fotoşəkillər mövcuddur. Müvafiq sənədlər cavabdeh təşkilata təqdim edilsə də, mənə “müharibə veteranı” statusunun verilməsindən imtina edilmişdir. İmtinanın verilməməsinin əsas kimi ezamiyyətə göndərildiyim (N nömrəli hərbi hissə) hərbi hissənin qərargahının və tibb məntəqəsinin yerləşdiyi yerin Göygöl rayonunun Çaykənd və Azad kəndinin olması qeyd edilmişdir. İmtina tam qanunsuz və əsassız hesab edilməlidir. Həmin hərbi hissənin qərargahı və tibb məntəqəsi Göygöl rayonunun Çaykənd və Azad kəndində yerləşsə də, müharibənin ilk günündən hərbi hissə Kəbəcər rayonun ərazisində aktiv döyüşlərdə iştirak etmiş və hətta müharibədən sonra qərargah Kəlbəcər rayonuna köçürülmüşdür. Təbii ki, müharibə dövründə heç bir hərbi hissə öz qərargahında qalmamışdır. İddiaçı da ezam olunduğu dövrdə müvəqqəti yerləşmə məntəqəsində olmuşdur. Qeyd olunan qanunvericilik aktından göstərilən bütün rəsmi sənədlər qaydasında olsa da, iddiaçının tibbi təminat sahəsində müharibə ocağında xidmət aparmağı əmrlər, ezamiyyə vəsiqələri və digər sənədlərdə öz təsdiqini tapsa da, bu adın verilməsindən imtina edilməsi başa düşülən deyildir. İddiaçı ilə birlikdə xidmət aparan hərbçi yoldaşları bu adı alsalar da, o, hələ də ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, N nömrəli hərbi hissədən təqdim olunmuş sənədlərdən də görüyündüyü kimi iddiaçının ezam olunduğu ərazi (Göygöl rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci tarixli 216 nömrəli Qərarı ilə müəyyən olunmuş ərazi meyarlarına uyğun olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Bu kimi hallan nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsaslan baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. İş materiallarında olan: -İddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, xx.xx.1992xx.xx.1996-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissənin tərkibində Ağdərə və Fizuli rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir. - N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli, 294 nömrəli əmrindən çıxarışan görünür ki, döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə adları çəkilən hərbi qulluqçular (7. Leytenant İddiaçı) 049, 038, 171, N nömrəli hərbi hissələrə ezam olunmuşdur. - N nömrəli hərbi hissənin komandirinin xx.xx.2019-cu il tarixli, 214 nömrəli əmrindən çıxarışan görünür ki, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsini bitirmiş, Müdafiə nazirinin 22 iyun 2019-cu il tarixli, 0512 nömrəli əmrinə əsasən ”tibb xidməti leytenantı” hərbi rütbəsi verilməklə N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsinə təyin edilmişn, Bakı şəhəri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsindən gəlmiş hesab edilmiş, xx.xx.2019-cu il tarixdən hərbi hissəsnin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. - N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmrindən çıxarışan görünür ki, döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə adları qeyd olunan hərbi qulluqçular (7. Leytenant İddiaçı) N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş hesab edilmiş və hərbi hissənin qazan təminatına qoyulmuşdur. - N nömrəli hərbi hissənin komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmrindən çıxarışan görünür ki, adları çəkilən hərbi qulluqçular (1.Tibb xidməti leytenantı İddiaçı) xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədən ezamiyyətdən (Göygöl rayonu) qayıtmış hesab edilmiş və xx.xx.2020-ci il tarixdən qazan təminatına qoyulmuşlar. -Hərbi qulluqçu barədə arayış-məlumatdan görünür ki, tibb xidmət leytenantı İddiaçı xidmət keçdiyi hərbi hissə N nömrəli hərbi hissə olmuş, 27.7.2019-cu il tarixli 214 nömrəli əmrlə xidmətə daxil olmuş, xx.xx.2021-ci il tarixli 24 nömrəli əmrlə siyahıdan çıxmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam edilmişdir. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 03 nömrəli döyüş əmrinə əsasən, 172 nöməli həbi hissəyə N nömrəli döyüş sərəncamları ilə hücum faktijki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. “Ezam olunmasının səbəbi və məqsədi” qrafasında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin döyüş tapşırıqlarını yerinə yetirmiş bölmələrin yaralılarına, xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində, onların döyüş meydanından təxliyyə edilməsində iştirak etmiş və döyüş əməliyyatları zamanı tibbi təminatla bağlı tapşırıqları icra etmişdir. “Ezam olunduğu ərazi” kimi Murovdağ silsiləsi, Kəlbəcər istiqaməti göstərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xidmət keçdiyi N və N nömrəli hərbi hissələr tərəfindən 27.09-xx.xx.2020-ci il tarixlərdə aparılmış döyüş əməliyyatlarında xidmətini əks etdirən müvafiq sənədlər Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına baxılıb qərar qəbul edilməsi məqsədi ilə təqdim edilmişdir. Lakin komissiyanın 13 yanvar 2023-cü il tarixli 919 nömrəli protokoluna əsasən müsbət qərar qəbul edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarına edilmiş yeni dəyişikliklərə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında şəxslərə “müharibə veteranı” statusu verilir. Həmin bəndin “Qeyd” hissəsinin 2-ci abzasından göstərilir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixədək Göygöl rayonunda yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Ezamiyyətin məqsədi həm müvafiq əmrlərdə, həm də arayış-məlumatda döyüş tapşırığını yerinə yerinə yetirilməsi və döyüş tapşırığını yerinə yetirmiş bölmələrin yaralılarına və xəstələriə vaxtında ilkin tibbi yardımın göstərilməsi, onların döyüş eydanından təxliyyə edilməsi və s. olması qeyd edilmişdir. Bundan başqa həmin hərbi hissə Göygöl rayonunda yerləşsə də, döyüş tapşırığının Murovdağ silsiləsi Kəlbəcər istiqamətində həyata keçiriləcəyi qeyd edilmişdir. Beləliklə, iddiaçının döyüş meydanında bilavasitə iştirak etməsi (döyüşçülərin döyüş meydanından təxliyyə edilməsi) və müvafiq tibbi təminatı göstərməsi iş materialları ilə sübuta yetirilir. Hazırda həmin bölgənin (Göygöl rayonu) döyüş əməliyyatlarınnı aparıldığı bölgə olmaması kimi dəlil əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya mühairbə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3789/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3789/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver