Məhkəmə qərarları › İş №2-1(118)-379/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-379/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-379/2021 10.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, X1 iştrakı ilə, X1 cavabdeh X2rşı “Masazır Bələdiyyəsinin ümumi iclasının xx xxxxx 2020-ci il tarixli, 4 saylı Qərarının ləğv edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, pul tələbinin ödənilməsi ilə bağlı inzibatiaktların məcburi icrası barədə “İcarəçi” X6 dair Masazır bələdiyyəsinin ümumi iclası xx xxxxx 2020-ci il tarixli, 4 saylı qərar qəbul etmişdir. Bu torpaq sahəsi bələdiyyə tərəfindən icarəyə götürülməklə iddiaçının atası tərəfindən ödənişlər həyata keçirilmişdir. Lakin onun atası dünyasını dəyişdikdən sonra bu icarə haqqı ödənişlərinin verilməsi dayandırılmışdır. Belə ki, həmin ödənişlər atası Abbasov Qorxmaz tərəfindən hər altı ayda bir dəfə Masazır bələdiyyəsinin Maliyyə vergi şöbəsinin inspektorlarına verilmişdir. Təəssüflər olsun ki, onun atası dünyasını dəyişdikdən sonra qeyd edilən torpaq sahəsinə dair müvafiq sənədləri atasının yaşadığı mənzildə tapa bilməmişdir. Lakin bu ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Bələdiyyə qərarı ona rəsmi təqdim edilmədiyindən iddiaçı Masazır bələdiyyəsinə müraciət etdi və x xxxxxxx 2020-ci il tarixdə bu qərar ona verildi. Bu qərarın ləğvi ilə bağlı cavabdeh tərəfə müraciət etdi. Lakin Masazır bələdiyyəsi qərarının ləğv edilməsi ilə bağlı qərar qəbul etməkdən imtina etmişdir. Bu baxımdan iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək zərurətində qaldı. Belə ki, Masazır bələdiyyəsi qərarın icra edilməsi üçün Nəsimi rayon İcra və probasiya şöbəsinə göndərmiş və hal-hazırda bu icra işi onların icraatındadır. İcra şöbəsi məsələ ilə bağlı qərar qəbul etmiş və onun əmək haqqından bu borcun silinməsinə dair müvafiq işlədiyi quruma müraciət ünvanlanmışdır. Belə ki, icarə haqqı əmək haqqından tutulacaqdır. Hesab edir ki, Masazır bələdiyyəsinin ümumi iclası xx xxxxx 2020-ci il tarixli, 4 saylı qərar qanunsuz və əsassızdır. Vergi qanunvericiliyinin pozulması dedikdə, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olan, təqsirli olaraq törədilmiş qeyri-hüquqi əməl başa düşülür, bu əməl özünü həm hərəkətdə, həm də təqsirli şəxsin hərəkətsizliyində göstərir. Bununla belə qeyd olunmalıdır ki, şəxsin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməli və onun Konstitusiyada və digər qanunlarda təsbit olunmuş hüquq və azadlıqlarını pozmamalıdır. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. İşdən müəyyən olunduğu kimi sözügedən qərar iddiaçının icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək icarə haqqını ödəməməsi nəticəsində ondan həmin məbləğin tutulması məqsədilə qəbul edilmişdir. Başqa sözlə bələdiyyə özünün xüsusi hüquq münasibətinin subyekti kimi çıxış etməklə bağladığı müqavilə üzrə qarşı tərəfin yol verdiyini güman etdiyi pozuntu ilə bağlı həmin tərəfin öhdəliklərinin icrasını təmin etmək üçün qərar qəbul etmişdir. İcarə müqaviləsinin bağlanması nəticəsində tərəflər arasında xüsusi hüquq münasibətləri yarandığı üçün tərəflər arasında müqavilə şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar yaranan mübahisələr də həmin məsələləri tənzimləyən xüsusi hüququn normalarına uyğun həll edilməlidir. Buna görə də tərəflər arasında müqavilə şərtlərinə əməl edilməməsi ilə bağlı öhdəliyin icra edilməməsinə dair mübahisə vardır. Bələdiyyə icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsini təmin etmək üçün ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Tərəflərin icarə müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirib-yetirmədiyi qiymət verilməsi, eləcə də öhdəliklərin icra edilməməsinə görə vurulan zərərin əvəzinin ödənilməsi məsələsi yalnız məhkəmə qaydasında həll edilə bilər. Belə ki, Masazır bələdiyyəsinin ümumi iclasının xx xxxxx 2020-ci il tarixli, 4 saylı Qərar qanuna ziddir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Masazır Bələdiyyəsinin xx xxxxx 2020-ci il tarixli 04 saylı qərarının etibarsız deyil, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək və ərizə təqdim edərək bildirdi ki, Bələdiyyə tərəfindən iddia tələbinin qəbul edilməsinə baxmayaraq mübahisə predmeti olan xx xxxxx 2020-ci il tarixli, 4 saylı qərarı Masazır Bələdiyyəsi tərəfindən ləğv edilmir və həmin qərar hal-hazırda Nəsimi rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Masazır Bələdiyyəsinin hərəkətsizliyi nəticəsində onun hüquqları pozulub. Ona görə də iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan tərəfindən iddiaya dair etiraz məhkəməyə təqdim olunmamışdır. Lakin cavavbdeh təşkilat özü tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinə etirazının olmamasını bildirmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iddiaçıya ünvanlanmış məktubu, Abşeron Rayon Masazır Bələdiyyəsi pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası barədə “İcarəçi” X5 məsələsinə dair Masazır bələdiyyəsinin ümumi iclasının xx xxxxx 2020-ci il tarixli, 4 nömrəli Qərarı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayonu Masazır Bələdiyyəsi ilə X7 arasında xx xxxx 2011-ci ildə Masazır kəndi ərazisində yerləşən 3 ha torpaq sahəsinə dair uzunmüddətli icarə müqaviləsi bağlanmışdır. Bələdiyyə tərəfindən xx xxxx 2011-ci ildən xx xxxxxx 2020-ci ilədək torpaq icarəsi müqaviləsi üzrə 27.575 manat icarə haqqı, 20129 manat penya borcu hesablanmışdır. Bunula bağlı Masazır Bələdiyyəsi tərəfindən xx xxxxx 2020-ci il tarixli 04 saylı qərar qəbul edilərək, məcburi qaydada icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı icarə müqaviləsi üzrə ona hesablanmış icarə haqqı ilə razı deyil. Masazır Bələdiyyəsi ona qarşı qaldırılmış iddia tələbi ilə razı olmasına baxmayaraq özü tərəfindən qəbul edilmiş qərarı ləğv etmir, buna dair əsassız bəhanələr gətirir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.5-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 66.2 2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 710.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hazır ki, iddia tələbi ilə bağlı qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi üzrə mübahisə predmeti olan Abşeron rayonunun Masazır Bələdiyyəsinin xx xxxxx 2020-ci il tarixli 04 saylı qərarı qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Masazır Bələdiyyəsi ilə X7 arasında icarə müqaviləsi bağllandığı xx xxxx 2011-ci ildən etibarən onların arasında öhdəlik yaranmışdır. İcarə müqaviləsi üzrə nəzərdə tutulmuş icarə haqqı X7 tərəfindən lazımi qaydada yerinə yetirilməmişdir, yəni icarə müqaviləsi üzrə nəzərdə tutulmuş icarə haqqı uzun müddət ödənilməmişdir. Buna baxmayaraq Masazır Bələdiyyəsi tərəfindən xx xxxxx 2020-ci il tarixinədək hər hansı bir təsir qüvvəsinə malik olan tədbir həyata keçirilməmişdir. Belə ki, Masazır Bələdiyyəsi qarşı tərəfin icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə bağlı ən azından icarə müqaviləsinin ləğv edilməsini tələb edə bilərdi. Lakin göründüyü kimi bu tədbirlərin heç biri yerinə yetirilmədən Masazır Bələdiyyəsin icarə müqaviləsi üzrə öhdəlik yarandığı 2011-ci ildən 9 il keçdikdən sonra “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 7-ci maddəsinə əsaslanmaqla X3 27.575 manat icarə haqqının və ona hesablanmış 2.0129 manat penyanın tutulması barədə xx xxxxx 2020-ci il tarixli 04 saylı Qərarını qəbul etmişdir. Qeyd olunan xx xxxxx 2020-ci il tarixli Qərar qəbul edərkən cavabdeh təşkilat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinin tələblərinin nəzərə almamışdır. Belə ki, həmin Məcəllənin tələbləri baxımından icarə haqqı ilə bağlı tələblər üzrə 5 il müddət nəzərədə tutulub. Başqa sözlə desək Masazır Bələdiyyəsinin 9 illik icarə haqqının xx xxxxx 2020-ci il tarixli Qərar ilə tələb edilməsi düzgün deyil və onun tərəfindən icarə müqaviləsi üzrə yalnız son 5 illik müddəti keçməmiş icarə haqları tələb edilə bilərdi. Buna görədə məhkəmə hesab edir ki, Masazır Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli Qərar qanunsuzdur.Lakin bu Qərarın qanunsuz hesab edilməsi X5 xx xxxx 2011-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış son 5 ilin icarə haqqının ödənilməsindən azad etmir. Ona görədə Masazır Bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli icarə müqaviləsi üzrə son 5 il üçün yaranmış borcun yenidən tələb edilməsi üçün diskression səlahiyyəti var. Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun 2.0.7-ci maddəsinə əsasən qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsinə diskresion səlahiyyət sayılır. Masazır Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli 04 saylı qərar qanuni əsalara söykənmədiyinə görə ləğv edilməlidir. İcarə müqaviləsi üzrə son 5 il üzrə icarə haqlarının tutulmasına dair, qeyd olunan xx xxxxx 2020-ci il tarixli 04 saylı qərarın qismən, yəni son 5 il üzrə tutulacaq icarə haqqı hissəsində qüvvədə saxlanması məsələsinə gəlincə isə məhkəmə hesab edir ki, Masazır Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 04 saylı qərarın qismən ləğv edilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin tələblərinə ziddir. Belə ki, həmin Məcəllənin 73.3-cü maddəsinə görə 1)inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, 2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə və 3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə tərəfindən inzibati aktın qismən ləğv edilməsinə yolverilmir. Məhkəmə iclaslarında X7 bildirmişdir ki, Masazır Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsi üzrə nəzərdə tutulmuş icarə haqqı ilə bağlı mülki mühakimə qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək fikrindədir. Ona görədə məhkəmə hazır ki, iddia tələbi üzrə Masazır Bələdiyyəsinin xx xxxxx 2020-ci il tarixli 04 saylı Qərarını qismən ləğv edilməsini məqsədə müvafiq deyil.Belə ki, hazır ki, iddia tələbi üzrə məhkəmə tərəfindən Masazır Bələdiyyəsinin xx xxxxx 2020-ci il tarixli 04 saylı qərarının qismən ləğv edilməsi, yəni son 5 il üzrə hesablanmış icarə haqqını təsdiqləməsi gələcəkdə X6 mülki mühakimə qaydasında icarə müqaviləsi üzrə nəzərdə tutulmuş icarə haqqının mübahisələndirməsi hüququ məhdudlaşdırmış olacaq. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Abşeron Rayon Masazır Bələdiyyəsinin ümumi iclasının xx xxxxx 2020-ci il tarixli, 4 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron Rayon Masazır Bələdiyyəsinin ümumi iclasının xx xxxxx 2020-ci il tarixli, 4 saylı qərarı ləğv edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar