Məhkəmə qərarları › İş №2-1(118)-3798/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3798/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3798/2024 11.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə (Açar sözlər: xəstəliyin səbəb-əlaqəsinin dəyişdirilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyinin səbəb-əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı məxsus SX seriyalı, ******* nömrəli “Hərbi bilet”.

2. “Çağırış məntəqəsinə təhkim edilmə haqqında” 26 yanvar 2011-ci il tarixli, 181 nömrəli vəsiqədən görünür ki, İddiaçı 26 yanvar 2011-ci il tarixdə tibbi komissiyanı keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir.

3. “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayış”dan görünür ki, İddiaçı 26 iyun 2012-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək, 5 oktyabr 2020-ci il tarixdən 6 dekabr 2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N noyabr 2021ci il tarixli, 2896 nömrəli İddiaçı barəsində “Travma haqqında arayış”dan görünür ki, 26 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması, qapalı kəllə-beyin travması, sağ əlin, sağ ayağın yumşaq toxumalarının əziyi” xəsarəti alınmışdır. “Xəsarətin (yaralanmanın, travmanın, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən almışdır.

5. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”lardan görünür ki, İddiaçı 29 mart 2022-ci il tarixdə “ümumi xəstəlik-gözdən əlil” səbəbi ilə “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-Ə. solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnoza əsasən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Həkim Psixiatr Komissiyasının 11 dekabr 2023-cü il tarixli, 2928 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, teztez baş verən dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar F 07.0” qoyulmuşdur.

7. 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli İddiaçı barəsində “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, Hərbi Həkim Komissiyasının qərarı ilə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Partlayış travması (26 oktyabr 2020), keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, Partlatış travması (26 oktyabr 2020), sağ əlin İİİ (üçüncü) daraq sümüyünün, İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kanari, natamam, horizontal yırtığı. Alının yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-ə, solda 0.04ə qədər azalması, korreksiya etmir” diaqnozu isə “Ümumi xəstəlik” səbəbi ilə qoyulmuşdur.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 22 fevral 2024-cü il tarixli İddiaçı göndərilmiş məktubundan görünür ki, 29 yanvar 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-həkim komissiyası tərəfindən şəhədatləndirilmiş, “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyaları, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci-üçüncü) dərəcəli keratokonusu” qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir. Partlayış travması (26 oktyabr 2020): keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (26 oktyabr 2020): sağ əlin İİİ (üçüncü) daraq sümüyünün İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kənari, natamam, horizontal yırtığı. Alnın yumşaq toxumalarının yad cismi (metal qəlpə) diaqnozu ilə “Xəstəliklər cədvəli”nin 14a, 35a, 30b maddələrinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” rəyi verilmiş və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən diaqnoz: Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyaları, intihar fikirləri, kognitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Partlayış travması (26 oktyabr 2020): keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (26 oktyabr 2020): sağ əlin İİİ (üçüncü) daraq sümüyünün İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kənari, natamam, horizontal yırtığı. Alnın yumsaq toxumalarının yad cismi (metal qəlpə) “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, Diaqnoz: Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə İİ-İİİ (ikinci-üçüncü) dərəcəli keratokonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04ə qədər azalması, korreksiya etmir”. “Ümumi xəstəlikdir” səbəb-əlaqəsi ilə qərar verilmişdir. Məlumat üçün bildirilmişdir ki, keratokonus xəstəliyi gözün irsi köklərə bağlı degenerativ xəstəliyidir və buynuz qişanın strukturunun problemidir, erkən yaşlardan yaranır, 30-40 yaşa qədər proqressivləşir, bu səbəbdən buynuz qişa incəlir və zəif görmə yaranır. Hərbi xidmətə çağırılarkən SHXÇDX-nın hərbi-həkim komissiyası tərəfindən müayinə zamanı gözlərinin görmə itiliyi hər iki gözdə yararlılıq dərəcələrinə uyğun olduğundan hərbi xidmətə yararlı hesab edilmişdir. Keratokonusu həmin dövrdə aşkar etmək üçün müvafiq şikayətlər əsasında daha dərin müayinə metodlarından istifadə olunmalı idi (məs: Korneal Topoqrafiya, Paximetriya və s.). Buna baxmayaraq müayinə zamanı korreksiya verməməsi keratokonus xəstəliyindən şübhələnmək üçün əsasdır. Ərizədə qeyd edildiyi kimi, 5 oktyabr 2020-ci il tarixdən 6 dekabr 2020-ci il tarixədək Vətən müharibəsində hərbi qulluçu kimi iştirak etdiyi zaman aldığı xəsarət göz və gözətrafı nahiyyəni əhatə etmədiyi üçün keratokonus xəstəliyi mövcud travması ilə bağlı əlaqələndirilə bilməz. Yuxarıda sadalanmış şərtlərə əsasən, “Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə İİ-İİİ (ikinci-ücüncü) dərəcəli keratokonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir.” diaqnozu “ümumi xəstəlikdir” səbəb-əlaqəsi ilə təsdiq olunması qanunauyğundur. Həmçinin, göstərilən tarixlərdə döyüş əməliyyatları zamanı göz və gözətrafı nahiyyədən xəsarət alması barədə xidmət etdiyi hərbi hissənin verməli olduğu “Travma haqqında arayış” (Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 nömrəli əmrinə 11 nömrəli Qoşma) təqdim edilməyib. “Travma haqqında arayış” (bu Təlimata 11 nömrəli Qoşma) olmadıqda xəsarətin səbəb əlaqəsi haqqında qərar çıxaran zaman HHK tərəfindən xəsarətin alınmasının səbəbləri və şəraiti haqqında aşağıdakı sənədlər (əgər onlar xəsarətin alınmasından 3 aydan gec olmayaraq tərtib olunubsa) nəzərə alına bilər: - xidməti və tibbi xasiyyətnamələr, tibbi yardım üçün ilkin müraciət edən xəstələrin ambulator uçot kitabından çıxarış, travmanın uçot vərəqəsi, inzibati və ya xidməti araşdırma, təhqiqat və ya cinayət işi materialları, attestasiyalar, dövlət səhiyyə sistemi müəssisəsinin, hərbi tibb müəssisəsinin və digər tibb müəssisələrinin arayışları, xəstəlik tarixi və ya ondan çıxarış, xəstəlik haqqında şəhadətnamə, hərbi tibb müəssisəsinin həkim-mütəxəssisinin hərbi qulluqçunun (hərbi toplanış keçmiş vətəndaşın) tibb kitabçasında tibbi yardım üçün ilkin müraciəti haqqında qeydləri, arxiv müəssisəsinin arayışı. Verilmiş qərar düzgündür, dəyişmək üçün heç bir əsas yoxdur.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, 476 nömrəli məktubundan görünür ki, keratokonus xəstəliyi ilə əlaqədar aşağıdakı məlumatlar verilmişdir (Hərbi Həkim Komissiyasının sədri Samira Hüseynli, X1 həkimi Nərminə Hümbətova və Baş həkim Aygün Məmmədbəylinin imzaları ilə təsdiq edilmişdir): - Səbəb genetik və ya sonra yarana bilər, yəni hər iki səbəbdən mümkündür. Gözün allergik xəstəlikləri xəstəliyin proqressivləşməsinə səbəb ola bilir. Eyni zamanda, genetik, ətraf-mühit (ekoloji) faktoru xəstəliyin yaranması və inkişafında rol oynayır. Xəstəlik adətən yeniyetmə və gənc yaşlarda özünü birüzə verir və sürətlə inkişaf edir. - Şəxsin bilməməsi mümkündür, ixtisaslı həkim xəstəliyin erkən mərhələsində xəstəliyin olmasını ancaq xüsusi diaqnostik avadanlığın tətbiqi ilə aşkarlaya bilir. - 30 yaşdan sonra prosses stabilləşir, proqressivləşmə ehtimalı azalır. - Xəstəliyin bütün mərhələlərində hərbi xidmətə yararsızdır. - Travma nəticəsində yarana bilər, xüsusən göz ovuşdurma ilə əlaqədar yaranan mikrotravmalar xəstəliyin proqressivləşməsinə səbəb olur. - Xəstəliyin partlayış travması, qapalı kəllə-beyin silkələnməsi ilə hər hansı bir əlaqəsi ola bilməz. - Travma bu xəstəliyin ağırlaşmasına səbəb ola bilər, proqressivləşmə sürətlənə bilər. - Xəstəlik əsasən qeyri-düzgün astiqmatizm və proqressivləşən görmə zəifliyin yaranmasına səbəb olur. Xəstəlik nəticəsində yaranan qeyri-düzgün astiqmatizm adətən eynəklə korreksiya olunmur.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddia tələbinin dəlilləri:

10. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən iddiaçının döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın xəstəliyin səbəb-əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddiaçı iddia tələbinin əsasları kimi işin hallarına (§1-8) istinad edərək aşağıdakılar göstərilmişdir: - müharibədən qayıtdıqdan sonra səhhətində ciddi problemlər yaranmağa başlamışdır. Gözlərinin zəifləməsi, əsəb sistemi gərginliyi, sayıqlamalar, yuxusuzluq, rahatlaşmamaq, bir yerdə qərar tuta bilməmək, bərbad vəziyyətə düşmüşdür; - xəstəlik haqqında şəhadətnamədə gözlərilə əlaqəli qoyulan diaqnozun “ümumi xəstəlikdir” səbəbi kimi qeyd edilməsi ilə qətiyyən razı deyil, çünkü iddiaçı iki dəfə ayrı-ayrı vaxtlarda hərbi xidmətdə olmuşdur, gözlərilə əlaqədar heç bir problemi olmamışdır. Əgər problem olsa idi, 44 günlük Vətən Müharibəsi zamanı kəşfiyyat bölməsində xidmət edib, hər hansı bir tapşırığı yerinə yetirə bilməzdir. Bundan başqa, əgər gözləri doğurdanda xəstə idisə, bir dəfə deyil, iki dəfə hərbi xidmətə aparıb və üstəlikdə kəşfiyyat bölməsində döyüş tapşırığına göndərməzdilər; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”sinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarına uyğun olaraq, döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətin Komissiyada şəhadətləndirilib tibbi yoxlanışdan keçmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin xətti ilə cavabdehə təkrar müraciət etmişdir, cavabdeh tərəfindən öz növbəsində 22 fevral 2024-cü il tarixdə rəsmi olaraq imtina verilmişdir; - aldığı travmanın səbələri bu gündə özünü biruzə verməkdədir və şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə hərbi qulluqçunun şəhadətləndirilməsinə, hərbi qulluqçunun almış olduğu travmanın və xəstəliyinin səbəb-əlaqəsinin hərbi xidmətlə əlaqəsinin olub-olmamasına birbaşa Komissiya cavabdehdir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 5.1, 7.1, 7.2, 7.3-cü bəndlərinə istinad olunmuşdur.

13. Daha sonra iddiaçı tələbinə dair dəqiqləşdirmə ərizəsini təqdim edərək, barəsində verilmiş 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərəkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 4 iyul 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. Məhkəmənin 24 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3798/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinə tapşırılmışdır.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

16. Cavabdeh iddia tələbinə etiraz edərək aşağıdakıları bildirmişdir: - İddiaçı ərizəsində ona dair 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan “Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci-üçüncü) dərəcəli keratokonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir” diaqnozu ilə olan xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilərək “hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin o, travma almasına dair çıxarış epikrizi və hansı şəraitdə xəsarət almasına dair hərbi hissə komandirinin verməli olduğu travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. - Göstərilən bu xəstəlik diaqnozlarının travma ilə heç bir əlaqəsi yoxdur və travma nəticəsində yaranması mümkün deyildir. Elmi ədəbiyyata əsaslanaraq bildirilir ki, Keratokonus xəstəliyi (30b) həm anadangəlmə, həm də uşaqlıq dövründən yaranıb inkişaf etməyə başlayır. Bu xəstəliyin dərəcəsindən aslı olmayaraq yarandığı vaxtdan hərbi xidmətə yarasız hesab olunur. Əgər xəstədə keratokonus varsa, mütləq “qeyri-düzgün astiqmatizm”də yaranır və getdikcə zəifləyir. Bu xəstəliklərin 2 ay ərzində yaranması heç bir halda mümkün deyildir. - İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 1 il 6 aydan artıq ötürmüşdür.

17. Etirazın maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı Qərarına, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi İPM-in 35.1, 38.1-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

21. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

23. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

25. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

28. Cavabdeh orqanın etirazının bir dəlili ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən müddət ötürüldükdən sonra məhkəməyə müraciət edilmişdir.

29. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

30. Məhkəmə cavabdehin dəlili ilə razılaşmayaraq qeyd edir ki, 870 saylı “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, 29 yanvar 2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəsinin 28 dekabr 2023-cü il tarixli, 53 nömrəli göndərişi ilə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. ... Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli 2090 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin. İş materialına əlavə edilmiş zərfdən görünür ki, iddiaçı məhkəməyə 18 mart 2024-cü il tarixdə müraciət etmişdir. Qərarın iddiaçıya təqdim edilməsini təsdiq edən heç bir sənədin iş materialında olmamasını nəzərə alaraq, məhkəmə müddəti ötürülməmiş hesab edir.

31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Tətbiq edilən hüquq:

32. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu ...

3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“V. Hərbi qulluqçuların şəhadətləndirilməsi

5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. Zabitlərdə, gizirlərdə, miçmanlarda və Dövlət Sərhəd Xidmətinin müddətdən artıq xidmət keçən çavuşlarında “Xəstəliklər cədvəli” üzrə hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə fərdi qiymətləndirməni nəzərdə tutan xəstəliklər olduqda, yararlılıq kateqoriyası haqqında qərar şəhadətləndirilənlərin ixtisası, tutduğu vəzifə, hərbi-uçot ixtisası, yaxud təyin ediləcəyi nəzərdə tutulmuş vəzifə və hərbi uçot ixtisası üzrə xidmət təcrübəsi, sağlamlıq vəziyyəti, komandanlığın və hərbi-hissə həkiminin bu hərbi qulluqçunun hərbi xidmət, hərbi-uçot ixtisası üzrə xidməti vəzifələrini icraetmə qabiliyyəti barədə xidməti və tibbi xasiyyətnamələrdəki rəyləri nəzərə alınmaqla çıxarılır. Könüllü hərbi xidmət keçən əsgərlərdə, matroslarda, çavuşlarda (Dövlət Sərhəd Xidmətinin çavuşlarından başqa və buraxılış kursunda təhsil alanlar istisna olmaqla), hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarında “Xəstəliklər cədvəli” ilə hərbi xidmətə yararlılıq kateqoriyasının fərdi qiymətləndirilməsini nəzərdə tutan xəstəliklər olduqda, hərbi xidmətə yararlılıq haqqında “C” kateqoriyası üzrə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı çıxarılır. Sıradankənar hərbi xidmətə yararlı və ya sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş zabitlər, gizirlər, miçmanlar əgər “Xəstəliklər cədvəlində” başqa hal nəzərdə tutulmayıbsa, hava-desant qoşunlarında (bundan sonra - HDQ), üzən heyətlərdə (bundan sonra — ÜH), dəniz piyadasında (bundan sonra - DP), xüsusi təyinatlı dəstələrdə (bundan sonra — XTD) və xüsusi qurğularda (bundan sonra - XQ) xidmətə yararsızdırlar. Sıradankənar hərbi xidmətə yararlı olan müddətdən artıq xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları əgər “Xəstəliklər cədvəli” ilə başqa hal nəzərdə tutulmayıbsa, HDQ-də, ÜH-də, DP-də, XTD-də və XQ-də xidmətə yararsızdırlar. Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. ...” “Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi

7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. ... Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; ... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. ...”

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

35. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

36. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

37. İddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçının hərbi xidmətdən sonra məlum olan, cavabdeh tərəfindən təyin olunmuş göz zəifliyi ilə əlaqədar olan diaqnozun səbəbəlaqəsi ümumi xəstəlik deyil, hərbi travma hesab edilməlidir, çünki hərbi xidmətə qədər gözləri ilə əlaqədar heç bir problemi olmamışdır. Əgər olsa idi, hərbi xidmətə iki dəfə göndərilməzdi, həm də nəzərə alınmasını istəyir ki, kəşfiyyat bölməsində döyüş tapşırığına göndərilmişdir. Bu səbəbdən də hesab edir ki, xəstəliyinin səbəb-əlaqəsi dəyişdirilməlidir.

38. Cavabdeh tərəfin mövqeyinə görə “Keratokonus” xəstəliyi diaqnozlarının travma ilə heç bir əlaqəsi yoxdur və travma nəticəsində yaranması mümkün deyildir. Xəstəlik (30b) həm anadangəlmə, həm də uşaqlıq dövründən yaranıb inkişaf etməyə başlayır. Bu xəstəliyin dərəcəsindən asılı olmayaraq yarandığı vaxtdan hərbi xidmətə yarasız hesab olunur. Əgər xəstədə keratokonus varsa, mütləq “qeyri-düzgün astiqmatizm”də yaranır və getdikcə zəifləyir. Bu xəstəliklərin 2 ay ərzində yaranması heç bir halda mümkün deyildir.

39. İş materiallarının araşdırılması nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 26 yanvar 2011-ci il tarixdə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. 26 iyun 2012-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək, 5 oktyabr 2020-ci il tarixdən 6 dekabr 2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. 29 mart 2022-ci il tarixdə “ümumi xəstəlik-gözdən əlil” səbəbi ilə “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-Ə. solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnoza əsasən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həkim Psixiatr Komissiyası tərəfindən müayinə nəticəsində “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar F 07.0” diaqnozu qoyulmuşdur.

40. Hərbi Həkim Komissiyasının qərarı ilə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Partlayış travması (26 oktyabr 2020), keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, Partlatış travması (26 oktyabr 2020), sağ əlin İİİ (üçüncü) daraq sümüyünün, İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kanari, natamam, horizontal yırtığı. Alının yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-ə, solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnozu isə “Ümumi xəstəlik” səbəbi ilə qoyulmuşdur.

41. Məhkəmə tərəfindən mövcud elmi ədəbiyyatlar araşdırılan zaman müəyyən edilmişdir ki, keretokonusun səbəbi tam olaraq bilinməsə də, inkişafında ən əhəmiyyətli rolu genetika və mexaniki travmalar oynayır. Hətta gözün tez-tez ovulması, sərt kontakt linzaların istifadəsi kimi ətraf mühit faktorları xəstəliyin inkişafına səbəb ola bilər.

42. İş materialında olan Hərbi Həkim Komissiyasının qərarında “Partlayış travması (26 oktyabr 2020), keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” qoyulan diaqnozlardandır.

43. Bu səbəbdən məhkəmə Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə sorğu ilə müraciət edilmişdir.

44. Həmin sorğu əsasında məhkəməyə təqdim edilmiş məktub ilə müyyən edilir ki, keratokonus xəstəliyinin səbəbi genetik və ya sonra yarana bilər, yəni hər iki səbəbdən mümkündür. Gözün allergik xəstəlikləri xəstəliyin proqressivləşməsinə səbəb ola bilir. Eyni zamanda genetik, ətraf-mühit (ekoloji) faktoru xəstəliyin yaranması və inkişafında rol oynayır. Xəstəlik adətən yeniyetmə və gənc yaşlarda özünü birüzə verir və sürətlə inkişaf edir. Şəxsin bilməməsi mümkündür, ixtisaslı həkim xəstəliyin erkən mərhələsində xəstəliyin olmasını ancaq xüsusi diaqnostik avadanlığın tətbiqi ilə aşkarlaya bilir. 30 yaşdan sonra prosses stabilləşir, proqressivləşmə ehtimalı azalır. Xəstəliyin bütün mərhələlərində hərbi xidmətə yararsızdır. Travma nəticəsində yarana bilər, xüsusən göz ovuşdurma ilə əlaqədar yaranan mikrotravmalar xəstəliyin proqressivləşməsinə səbəb olur. Xəstəliyin partlayış travması, qapalı kəllə-beyin silkələnməsi ilə hər hansı bir əlaqəsi ola bilməz. Travma bu xəstəliyin ağırlaşmasına səbəb ola bilər, proqressivləşmə sürətlənə bilər. Xəstəlik əsasən qeyri-düzgün astiqmatizm və proqressivləşən görmə zəifliyin yaranmasına səbəb olur. Xəstəlik nəticəsində yaranan qeyri-düzgün astiqmatizm adətən eynəklə korreksiya olunmur.

45. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 14 noyabr 2024-cü il tarixli, T 716/204 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki: - İddiaçı “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “a” bəndinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hər iki gözün keratokonusu sağ gözdə İİ dərəcəli, sol gözdə İİ-İİİ dərəcəli keratokonusu qeyridüzgün astiqmatizim nəticəsində görmə itiliyinin sağda 0,1-ə solda 0,004-ə qədər azalması korreksiya etmir”, “Ümumi Xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Resbublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşmaya əsasən hərbçilərin xəstəliklərinin səbəb əlaqəsinin təyini birbaşa Hərbi-Həkim Komissiyası ekspertlərinin səlahiyyətlərinə aiddir. Keratokonus, buynuz qişanın nazikləşməsi və itiləşməsi nəticəsində irəliləyən miopiyaya və astiqmatizmə səbəb olan bir xəstəlikdir. Xəstəlik adətən yeniyetmə dövründə başlayır və 20 yaşa qədər xəstələr tərəfindən bilinmir. Xəstəlik 20-40 yaş arasında inkişaf edir və 40 ildən sonra sabitləşir. Keratokonusun səbəbi tam bilinməsə də inkişafında ən əhəmiyyətli rolu genetika və mexaniki travmalar oynayır, gözün tez-tez ovulması, sərt kontakt linzaların istifadəsi kimi ətraf mühit faktorları və genetik meyil bu xəstəliyin inkişafına səbəb olur (daimi allergiya və ya gözlərin qaşınması, yüngül göz qıcıqlanması). Xəstəliyin müalicəsi görmə qabiliyyətini artırmır, yalnız xəstəliyin irəliləməyini dayandırır. Diaqnoz adətən yetkinlik dövründə qoyulur və xəstəliyin ən ağır mərhələsinə isə iyirmi ya da otuz yaşlarında çatır. - Bu xəstəliyə düçar olmuş şəxslərin xəstəliyini bilməməsi mümkündür, ixtisaslı həkim xəstəliyin erkən mərhələsində ancaq xüsusi diaqnostik avadanlığın tətbiqi ilə bu xəstəliyi aşkarlaya bilər. - Xəstəlik 30 yaşdan sonra stabilləşir, belə ki, prosesin proqressivləşmə ehtimalı azalır. - “Keratokonus” xəstəliyindən əziyyət çəkən şəxslər xəstəliyin bütün mərhələlərində hərbi xidmətə yararsızdır. - Keratokonusun yaranma səbəbi tam bilinməsə də mexaniki travmalar (gözün tez-tez ovulması, sərt kontakt linzaların istifadəsi kimi ətraf mühit faktorları) xəstəliyin inkişafına səbəb olur. - Xəstəliyin partlayış travması nəticəsində alınmış qapalı kəllə-beyin silkələnməsi ilə hər-hansı bir əlaqəsi ola bilməz, travma bu xəstəliyin proqressivləşməsinə səbəb ola bilər. - Xəstəlik əsasən qeyri-düzgün astiqmatizm və proqressivləşən görmə zəifliyinin yaranmasına səbəb olur. Xəstəlik nəticəsində yaranan qeyri-düzgün astiqmatizm adətən eynəklə korreksiya olunmur.

46. Göründüyü kimi, bu xəstəlikdən əziyyət çəkən şəxslər xəstəliyin bütün mərhələlərində hərbi xidmətə yararsız hesab olunur. İşin hallarını və xəstəliyin xüsusiyyətlərini nəzərə alaraq, müəyyən edilir ki, iddiaçıda keratokonus xəstəliyi hərbi xidməti və müharibədə iştirak etdiyi müddətdən sonra əmələ gəlməmişdirdir. Hərbi xidmət dövründə xəstəliyin proqressivləşməsi mümkündür. Lakin iddiaçı 26 yanvar 2011-ci il tarixdə hərbi tibbi komissiyanı keçmiş, hərbi xidmətə yararlı hesab edilmişdir. Halbuki, həmin xəstəlikdən əziyyət çəkən şəxslər xəstəliyin hər mərhələsində hərbi xidmətə yararsız hesab olunmalıdırlar.

47. Beləliklə, - iddiaçı 26 yanvar 2011-ci il tarixdə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. Deməli, bu vaxta kimi şəxsdə xəstəliyin əlamətləri aşkar edilməmişdir. 26 iyun 2012-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək, 5 oktyabr 2020-ci il tarixdən 6 dekabr 2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materialında olan sənədlərdən görünür ki, onda həmçinin, “alını yumşaq toxumalarının yad cismi (metal qəlpə) müəyyən edilmişdir.

47. Məhkəmə hesab edir ki, “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-ə, solda 0.04-ə qədər azalmasının hərbi travma olması mübahisəsiz haldır, mübahisə səbəb-əlaqəsinin ümumi xəstəlik olması ilə bağlı olmasıdır. Bu isə o deməkdir ki, hərbi travma olan bu xəstəliyin səbəbi hərbi xidmət dövründən əvvəl yaranmışdır. Lakin həmin dövrə dair olan sənəddə iddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. Xəstəliyin yaranmasını iki əsası ola bilər ki, bu halda “anadangəlmə” faktoru aradan qalxır. İddiaçı 2011-ci ildə hərbi xidmətə yaralı olmuş və 26 iyun 2012-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək hərbi xidmət vəzifələrini icra etmişdir. Daha sonra yenidən hərbi xidmət keçmişdir. Deməli, şəxs hərbi xidmətə yararlı olmuşdur ki, yenidən hərbi xidmətlə bağlı vəzifələrini icra edə bilmiş və ona ilk dəfə 2020-ci il tarixdə hər iki gözün keratakonusu qoyulmuşdur.

48. Məhkəmə nəzərə alır ki, hətta gözün ovuşdurma ilə əlaqədar yaranan mikrotravmalar xəstəliyin proqressivləşməsinə səbəb ola bilər, gənc yaşlarda özünü birüzə verə bilər. Xəstəlik sürətlə inkişaf edir. Ətraf-mühit (ekoloji) faktoru xəstəliyin yaranması və inkişafında rol oynayır, travma onun ağırlaşmasına və proqressivləşmənin sürətlənməsinə gətirib çıxara bilər ki, iddiaçının travma alması işin mübahisəsiz halıdır.

49. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı barəsində verilmiş 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərəkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

50. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində verilmiş 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərəkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar