Məhkəmə qərarları › İş №2-1(118)-3799/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3799/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3799/2024 30.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial təminatların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1978-ci ildə Laçın rayonunun Zabux kəndində doğulmuş İddiaçı məcburi köçkün statusunun bərpa edilməsi vəzifəsiin Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial təminatların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci ildə Laçın rayonunun Zabux kəndində doğulmuşdur. 1985-ci ildə Zabux kənd orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 1992-ci ildə kənd ermənilər tərəfindən işğal edilmişdir, 1992-ci ildə 14 yaşında valideynləri ilə məcburi köçkün gələrək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən pansionatda məskunlaşmışlar. 1995-ci ildə Sumqayıt şəhər sakini X8 ilə ailə qurmuş və onun mənzilinə gəlin köçmüşdür. Rəsmi nikahlarından 3 övladı vardır. Xasiyyətləri uyğun gəlmədiyindən nikahları ləğv edilmişdir. M.Abbasovla faktiki ayrıldqdan sonra 2007-ci ildə valideynləri ilə birgə məskunlaşdığı pansionatda valideynlərinin yanında yaşamışdır. Məcburi köçkün statusundan heç vaxt istifadə etməmişdir. Rayon işğaldan azad olunandan sonra iddiaçının qulluğuna ehtiyacları olan yaşlı valideynləri atası X10, anası X1 qayıdaraq doğma yurdlarında məskunlaşmışlar. İddiaçı da öz doğma el-obasına qayıtmaq və valideynləri ilə yaşamaq istəyir. Lakin şəhər sakini ilə ailə qurduğundan valideynləri də olan birgə təsərrüfatdan adı çıxarılmışdır. Valideynləri Laçın rayonunun Zabux kəndinə döndüyü vaxtdan cavabdehə müraciət edərək məcburi köçkün statusunun bərpa edilməsini xahiş etsə də, müraciətiərinə cavab verilməmişdir. 1992-ci ildə valideynləri ilə Laçın rayonunun Zabux kəndindən məcburi köçkün gəldiyindən hesab edir ki, məcburi köçkün statusu bərpa olunmalıdır. İddiaçı iddia tələbini müdafiə etdi və iddia əriəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhləmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, İddiaçı Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların tələblərinə əsasən, məcburi köçkün olduğunuzu təsdiq edən sənədlərin əsillərini Komitənin Sumqayıt şəhər sektoruna təqdim etməlidir. Aidiyyəti üzrə tələb olunan sənədlər təqdim edildikdən sonra məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)3799/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial təminatların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə iddiaçıya ərizənin icrası ilə bağlı müvafiq sənədləri cavabdehə rəsmi təqdim edilməsi üçün 15 gün, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinə isə 1 ay müddət müəyyən edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda bildirmişdir ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının atası X10 məcburi köçkün statusuna malik olmadığından ona məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. İş materiallarına əlavə edilmiş: - AZ-İ 482409 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı nikahına xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. - Laçın RİHB-nın Zabux kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məcburi köçkün olan X4 övladı İddiaçı 2007-ci ildən anasının yanında yaşamışdır. Anası, X7 ailəsi ilə Zabuxa köç etdikdən sonra İddiaçı oğlu ilə Sumqayıt şəhərində kirayə mənzildə yaşayır. - xx.xx.2024-cü il tarixli rayışdan görünür ki, İddiaçı 1994-1995-ci illərdə tədris ilinin 01 sentyabr 1995-ci il 06 №-li əmrlə Laçın rayon Ə.Məmmədov adına Zabud kənd orta məktəbin Xİ (on birinci) sinfi bitirmişdir və tam orta təhsil haqqında attestat almışdır. - AA 19635 nömrəli vəsiqəqədən görünür ki, X7 məcburi köçkün statusuna malikdir. - Laçın RİHB-nın Zabux kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı vətəndaş 1992-ci ilin may ayından Laçın rayonun Zabux kəndindən məcburi köçkün olmuş və Sabunçu rayonunda müvəqqəti məskunlaşmışdır.Vətəndaş 1996-cı ildə nikaha daxil olduqdan sonra dövlət tərəfindən verilən aylıq müavinət (çörək pulu) kəsilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin sosial təminatların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsi məhkəmənin ayrıca qərardadı ilə mümkün sayılmamışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: - Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların ümumiləşdirilmiş mənası onunla bağlıdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasınının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təmanatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Məhkəmə hesab edir ki, Qaydalarda nəzərdə tutulmuş “valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan” anlayışı ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməzdi. Həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət (...) cinsindən (...) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Cavabdehin imtina cavabında istinad etdiyi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsi isə sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından onlara münasibətdə geriyə tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, iddiaçıya məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar