Məhkəmə qərarları › İş №2-1(118)-38/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-38/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-38/2024 22.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X7, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha (Abşeron rayon İcra Hakimiyyətinin 5 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən) torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdeh inzibati orqan tərəfindən X11 adına . Abşeron rayon Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüquqina dair aparılmış qeyd (xx.xx.2013-cü il tarixdə **********81 reyestr nömrəli çıxarış) qismən, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 314 saylı sərəncamına əsasən mənə ayrılmış 0,05 ha torpaq sahəsi hissəsində ləğv edilməsi, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 314 saylı sərəncamına əsasən mənə ayrılmış Abşeron rayon Novxanı kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarımın qeydə alınmasında cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməsi və Abşeron rayon Novxanı kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarımın qeydə alınması vəzifəsi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “bşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha (Abşeron rayon İcra Hakimiyyətinin 5 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən) torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 373 saylı sərəncamı ilə X12 Novxanı sovxozu ərazisindən 0,10 ha bağşılıq- bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 314 saylı sərəncamına əsasən həmin bağ sahəsinin 0,05 ha hissəsi F.Nağıyevin və ailə üzvünün razılığı ilə mənim adıma keçirilmişdir. Həmin sərəncam əsasında onun adına Abşeron rayonu Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 0,05 ha bağ sahəsinin ayrıc sənədi tərtib edilmiş və bağçılığın üzvlü kitabçası verilmişdir. Onun tərəfindən həmin torpaq sahəsinə dair Novxanı bələdiyyəsinə müvafiq olaraq hər il torpaq vergisi ödənilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən ona 10.1 1.2021-ci il tarixdə imtina məktubu verilmişdir. İmtina məktubundan məlum olmuşdur ki, üçüncü şəxs F.Nağıyevə ayrılmış 0,1 Oha torpaq sahəsinin 0,05 ha hissəsi sonradan sərəncamla ona ayrılmasına baxmayaraq, onun müraciəti əsasında bütünlüklə 0,10 ha torpaq sahəsi 3-cü şəxs F.Nağıyevin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydə alınmışdır. Həmçinin məktubda baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin bir hissəsinin Samur-Abşeron su kanalının mühafizə zolağında, bir hissəsinin isə bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi aşkar edildiyi və bu səbəblərdən - ərizəmin icrasından imtina edildiyi qeyd edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməsi tam əsassız və qanunsuz olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına əsas olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaçıya məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsi arasında 500 kv.metr məsafənin olduğunu bildirərək, müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdir. İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 26 oktyabr 2021-ci il tarixli, ********** daxilolma nömrəli müraciətinizə baxılmışdır. Təqdim edilmiş sənədlər ekspertiza edilərkən, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının 05 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamından çıxarışla iddiaçıya ayrıldığı müəyyən edilməsinə baxmayaraq iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsinin əvvəllər Abşeron rayon İcra hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli 373 nömrəli sərəncamdan çıxarışla X11 adına verilmiş 0.10 ha torpaq sahəsinin sənəd üzrə bir hissəsi olduğu aşkar edilmişdir. Nəzərinizə çatdırırıq ki, yuxarıda göstərilən Abşeron rayon icra hakimiyyəti başçısının 12 avqust 1992-ci ıl 373 nömrəli sərəncamından çıxarışla X12 aynlmış 0.10 ha torpaq sahəsinin 18 iyun 2013-cü il tarixdə **********81 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə tam şəkildə rəsmiləşdirilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən torpaq sahəsi xx.xx.2013-cü il tarixində X4 alqı-satqı müqavilə əsasında özgəninkiləşdirilmiş və sonuncu daşınmaz əmlakın dövlət reyestrindən sözügedən torpaq sahəsi üzərində yerləşən baq evinə dair vahid daşınmaz əmlak kimi xx.xx.2013-cu il tarixində çıxarış əldə etmişdir. Əlavə olaraq bildiririk ki, baxış keçirilmiş ərazidə yerləşən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. İddiaçının idarəyə təqdim etdiyi 27 dekabr 2019-cu il tarixli ərizəsinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxsin xüsusi mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 82-ci maddəsinə müvafiq olaraq, su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikas! Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 56 nömrəli Qərarının 12-ci bəndinə müvafiq olaraq magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir: 1) 3 kbm/san-yə qədər olduqda—5 m; 2) 3—10 kbm/san olduqda—10 m; 3)10— 30 kbm olduqda—25 m; 4) 30—50 km/san olduqda—60 m; 5) 50 kbm/san-dən artıq olduqda—100 m. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 9cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamından çıxarışdan görünür ki, X12 bağçılıq-bostançılıq üçün 0.10 hektar torpaq sahəsinin ayrılması və həmin sahədə bağ evi tikintisinə icazə verilməsi qərara alınmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının 314 saylı, 05 sentyabr 2006-cı il tarixli sərəncamından çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamı ilə X11 adına verilmiş Novxanı bağları ərazisindəki 1000 kvm-lik bağ sahəsinin 500 kv.metri özünün və ailə üzvlərinin razılığı ilə İddiaçı adına keçirilməsi və həmin sahədə bağ evi tikintisinə icazə verilməsi qərara alınmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Aparatı yanında Bağlar Təsərrüfatı İdarəsi tərəfindən möhürlə təsdiq edilmiş Abşeron rayon Bağlar Təsərrüfatı İdarəsinə Təhkim olunmuş Ərazinin Baş Planından çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. - Abşeron rayonu Novxanı bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır və onuna adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. - RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.095 ha torpaq sahəsi üzərində X11 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş AN-İ № ******* saylı, 20 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.095 ha torpaq sahəsi X14 tərəfindən X1. - RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.095 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - AZ-İ № ******* saylı, 17 mart 2015-ci il tarixli, 4Ə-870 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.095 ha torpaq sahəsi X6 tərəfindən X2. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 314 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin koordinatları ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışla X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür, torpaq sahəsinin bir hissəsi Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşir və torpaq sahəsi bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncam ilə X12 ayrılmış torpaq sahəsinin koordinatları ilə X11 adına tərtib edilmiş RX seriyalı ******* nömrəli, **********81 reyestr nömrəli çıxarışda göstərilən koordinatlar üst-üstə düşür; İddiaçı adına verilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin Yerquruluşu planından çıxarışda göstərilən 0.05 ha torpaq sahəsinin koordinatları ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışla X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür; X12 RX seriyalı ******* nömrəli, **********81 reyestr nömrəli çıxarışla məxsus olmuş torpaq sahəsi RX seriyalı, ******* saylı çıxarışla X3 mülkiyyətində olan 0.095 ha torpaq sahəsi ilə eyni torpaq sahəsidir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamı ilə X12 bağçılıq-bostançılıq üçün 0.10 hektar torpaq sahəsinin ayrılması və həmin sahədə bağ evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Bundan sonra Abşeron rayon İcra Hakimiyyəti Başçısının 314 saylı, 05 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamı ilə X11 adına verilmiş Novxanı bağları ərazisindəki 1000 kv.m-lik bağ sahəsinin 500 kv.metri özünün və ailə üzvlərinin razılığı ilə İddiaçı adına keçirilməsi və həmin sahədə bağ evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Qeyd olunan torpaq sahəsinin koordinatlarına dair iddiaçının adına Abşeron rayonu Novxanı bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş yeruquluşu planından çıxarış tərtib edilmişdir. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 10 noyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi:

1. iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsinin əvvəllər Abşeron rayon İcra hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli 373 nömrəli sərəncamdan çıxarışla X11 adına verilmiş 0.10 ha torpaq sahəsinin sənəd üzrə bir hissəsi olduğu aşkar edildiyini;

2. iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşdiyini və bir hissəsinin isə bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası və dəlilləri əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisə predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamı ilə X12 bağçılıq-bostançılıq üçün ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 314 saylı, 05 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamı ilə X11 adına verilmiş Novxanı bağları ərazisindəki 1000 kvm-lik bağ sahəsinin 500 kv.metri özünün və ailə üzvlərinin razılığı ilə İddiaçı adına keçirilməsi və həmin sahədə bağ evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Bununla bağlı iddiaçının adına Abşeron rayonu Novxanı bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş yeruquluşu planından çıxarış tərtib edilmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdeh orqan imtinasının ilkin dəlili kimi iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsinin əvvəllər Abşeron rayon İcra hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli 373 nömrəli sərəncamdan çıxarışla X11 adına verilmiş 0.10 ha torpaq sahəsinin sənəd üzrə bir hissəsi olduğu aşkar edildiyini qeyd etmişdir. Məhkəmə cavabdehin qeyd edilən dəlilini araşdırmaq üçün aidiyyatı üzrə sorğular vermişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 314 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin koordinatlarının “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışla X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür, torpaq sahəsinin bir hissəsi Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşir və torpaq sahəsi bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncam ilə X12 ayrılmış torpaq sahəsinin koordinatları ilə X11 adına tərtib edilmiş RX seriyalı ******* nömrəli, **********81 reyestr nömrəli çıxarışda göstərilən koordinatlar üst-üstə düşür; İddiaçı adına verilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin Yerquruluşu planından çıxarışda göstərilən 0.05 ha torpaq sahəsinin koordinatları ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışla X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür; X12 RX seriyalı ******* nömrəli, **********81 reyestr nömrəli çıxarışla məxsus olmuş torpaq sahəsi RX seriyalı, ******* saylı çıxarışla X3 mülkiyyətində olan 0.095 ha torpaq sahəsi ilə eyni torpaq sahəsidir. Qeyd edilən mütəxəssis rəylərindən görünür ki, hal-hazırda iddiaçının üzərində mülkiyyət hüquqlarının alınmasını istədiyi, Abşeron rayonu, Novxanı kəndinə yerləşən 0.05 ha torpaq sahəsi cavabdehin öz imtina məktubunda qeyd etdiyi Abşeron rayon İcra hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli 373 nömrəli sərəncamdan çıxarışla X11 adına verilmiş 0.10 ha torpaq sahəsi, həmçinin RX seriyalı, ******* saylı çıxarışla X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Cavabdeh orqanın qeyd edilən cavab məktubu ilə imtinasının əsaslarından birinin əsassız olduğu aydın olur. Bundan əlavə cavabdeh orqan imtinasının digər bir əsası kimi isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşdiyini və bir hissəsinin isə bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyini göstərmişdir. Məhkəmə qeyd edilən halın araşdırılması üçün aidiyyatı üzrə sorğular vermişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş mübahisəli torpaq sahəsi və onun ətrafında yerləşən torpaq sahələrinə və yaşayış evlərinə dair rəngli ortofoto xəritəsindən çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi və onun ətrafında yerləşən torpaq sahələri Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşməməklə bərabər, bağ sahələri kimi istifadə edilirlər. Həmçinin yuxarıda adıçəkilən icra hakimiyyətinin müvafiq sərəncamından da görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi “bağçılıq” məqsədilə ayrılmış və ona həmin ərazidə bağ evinin tikintisinə icazə verilmişdir. İddiaçıya torpaq sahəsi satılan zaman bağçılıq məqsədilə satılması, lakin hal-hazırda torpaq sahəsinin bağçılıq təyinatlı kimi qeydə alınmaması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına səbəb olmamalıdır. Beləliklə göründüyü kimi, cavabdehin iddiaçının hüquqlarının qeydiyyatından imtinasının əsası kimi göstərdiyi hal tamamilə əsassızdır və formal xarakter daşıyır. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Bundan əlavə cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha (Abşeron rayon İcra Hakimiyyətinin 5 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha (Abşeron rayon İcra Hakimiyyətinin 5 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar