Məhkəmə qərarları › İş №2-1(118)-3811/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3811/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3811/2024 15.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təmin edilməsi” tələbinə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: a) İddiaçı tərəfindən təqdim olunmuş və iş materialına əlavə edilmiş sənədlər:

1. Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(060)-8292/2019 nömrəli qətnaməsindən görünür ki, 15 avqust 1966-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

2. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 25 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, X2 20 dekabr 2021-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur.

b) Cavabdeh tərəfindən təqdim edilmiş və iş materialına əlavə edilmiş sənədlər:

3. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, 25 fevral 2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı göndərilmiş məktub 1 mart 2022-ci il tarixdə şəxsən özünə verilmiş və o, öz imzası ilə təhvil alınmasını təsdiq etmişdir.

4. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, 27 yanvar 2023cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı göndərilmiş məktub şəxsən özünə verilmiş və o, öz imzası ilə təhvil alınmasını təsdiq etmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri

5. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəyyumu olduğu 15 avqust 1966-cı il təvəllüdlü anası X1 orqanizm funksiyalarının pozulmasının İİİ dərəcə məhdudlaşma hesab olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı tərəfindən dəqiqləşmə ərizəsi təqdim olunaraq, 15 avqust 1966cı il təvəllüdlü anası X1 orqanizm funksiyalarının pozulmasının İ dərəcə (bu kateqoriya müddətsiz və orqanizmin funksiyalarının 85-100 faiz pozulması ilə qiymətləndirilir) məhdudlaşma hesab olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edilmişdir. Ərizə məhkəmənin 15 may 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

7. İddia tələbinin əsasları: - 15 avqust 1966-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X4 iddiaçının anasıdır. Sumqayıt şəhər Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(060)-8292/2019 saylı qətnaməsi ilə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Belə ki, o, Sumqayıt şəhər poliklinikasının psixiatrik kabinetində paranoid şizofreniya fasiləsiz gedişli, davamlı haliusinafor paranoid sindromla, dərin psixi qüsur diaqnozu ilə qeydiyyatdadır. Ona İİ dərəcəli əlillik (köhnə qanunvericiliyə əsasən) verilmişdir. Daim kənar şəxsin köməyinə ehtiyacı vardır. O, öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Ona görə də məhkəmə qətnaməsinin əsasında o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildikdən sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 12 mart 2020-ci il tarixli, 58 nömrəli sərəncamı ilə iddiaçı anası X1 üzərində qəyyum təyin olunmuşdur. - X4 hal-hazırda İİ dərəcəli əlildir. İddiaçı hesab edir ki, ona daha yüksək kateqoriya əlillik dərəcəsi verilməlidir. Çünki qeyd edildiyi kimi, o, Sumqayıt şəhər 1 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində paranoid şizofreniya fasiləsiz gedişli, davamlı haliusinafor paranoid sindromla, dərin psixi qüsur diaqnozu ilə qeydiyyatdadır və məhkəmə qətnaməsi ilə fəaliyyəti olmayan şəxs hesab edilib. - X2 daha yüksək kateqoriya əlillik dərəcəsinin verilməsi ilə bağlı cavabdeh təşkilata 27 yanvar 2023-cü il tarixdə müraciət edilsə də, müraciəti cavabsız qalmış və bugünədək məlumat verilməmişdir.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarının 2.2.1, 2.2.3, 2.2.5, 2.2.7, 7.3.1.3cü, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 33, 35-ci maddələrinə istinad olunmuşdur.

9. Məhkəmənin 15 may 2024-cü il tarixli iclasında iddiaçı tərəfə İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, hazırkı iddianın İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia olduğu və onun müddətlə bağlı mümkünlük şərtinə dair qanunvericiliyin tələbləri müzakirə olunmuşdur.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında iddia tələbinin mümkün sayılmasını xahiş edərək bildirmişdir ki, cavabdeh orqana dəfələrlə müraciət etmişdir və sonuncu müraciət 27 oktyabr 2023-cü il tarixdə olunmuşdur.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh orqanın səlahiyyətli nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddətini ötürmüşdür. Bu səbəbdən iddia mümkün sayılmamalıdır.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

12. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

14. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

15. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

16. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

17. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

21. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

24. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə icmal” məktubunda qeyd olunmuşdur ki, “60. Əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq fərqləndirildiyindən, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən eddilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa təsir etdiyindən, bəzi hallarda əlilliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir. ...

62. Əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Yəni, şəxs əlilliyinin müəyyən edilməsi barədə qərarın ona təqdim edildiyi andan 30 gün müddətində əlilliyin dəyişdirilməsinə dair iddia qaldıra bilər.”

26. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq cavabdeh orqan tərəfindən göndərilmiş 24 aprel 2024-cü il tarixli, 3-17-4/2-11421/2024 nömrəli məktubundan görünür ki, G.Ağayevanın əlillik vəziyyəti 1 iyul 2016-cı il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Növbəti dəfə vətəndaşa 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının Poliklinika Şöbəsinin 0529003AAGYD nömrəli göndərişi əsasında 8 mart 2021-ci il tarixdə qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə vətəndaşa dair 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının Poliklinika Şöbəsi tərəfindən 0531003AAMSX nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti 20 dekabr 2021-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.

27. Ekspert Komissiyasının qərarının surəti qoşma ilə göndərilmişdir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 20 dekabr 2021-ci il tarixli, 2XBPHE20008 nömrəli qərarından görünür ki, X2 20 dekabr 2021-ci il tarixli müayinəyə əsasən ikinci dərəcəli əlillik təyin olunmuşdur.

28. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1871/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.”

29. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırki məsələyə münasibətdə həmçinin, tərəfin məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

31. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır.

32. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ

33. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia ərizəsi mümkün hesab edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar