Məhkəmə qərarları › İş №2-1(118)-3815/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3815/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3815/2023 06.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ "xxxx" MTK üzvlərinin ümumi iclasının 321 nömrəli protokolundan 10 fevral 2021-ci il tarixli çıxarışa əsasən ona məxsus olan ünvan 1 mənzil 43 üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 fevral 2021-ci il tarixdə "xxxx" MTK-nın ünvan 1 ünvanında yerləşən kooperativ binasının 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 43 saylı mənzili alaraq bu mənzilin payçısı olmuşdur. Bunu təsdiq edən bir çox sənədlər də onda mövcuddur. Belə ki, "xxxx" MTK-nın 357 nömrəli, 10 fevral 2021-ci il tarixli maliyyə arayışından da görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ binası "xxxx" MTK-ya məxsusdur. Bundan əlavə "xxxx" MTK üzvlərinin ümumi iclasının 321 nömrəli protokolundan 10 fevral 2021-ci il tarixli çıxarış da mövcuddur. Belə ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 321 nömrəli protokolundan 10 fevral 2021-ci il tarixli çıxarışdan görünür ki, ümumi iclasda aşağıdakı məsələlər qərara alınmışdır: Vətəndaş İddiaçı kooperativin üzvü olmaqla MTK-nın ünvan 3 ünvanında yerləşən kooperativ binasının 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 43 saylı mənzilin payçısı olması təsdiq edilsin. Sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinə Hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilsin. Həmçinin "xxxx" MTK-nın 357 nömrəli, 10 fevral 2021-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən kooperativ binasının 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 43 saylı mənzilin pay dəyəri burada payçı olan onun tərəfindən tam olaraq ödənilmiş və onun MTK-ya borcu yoxdur. Həmçinin bu sənəd də DƏDKR-ə dövlət qeydiyyatına alınması üçün göndərilmişdir. Bütün bu sənədlər də onu göstərir ki, həmin mənzil tam olaraq onun mülkiyyətindədir. Lakin qeydir ki, bu 2 sənəd də tərtib olunarkən kiçik bir texniki yanlışlıqla tərtib olunmuşdur. Belə ki, hər iki sənədin tarixlərində kiçik bir yanlışlıq olmuş və il hissəsi texniki yanlışlıqdan dolayı yanlış yazılmışdır. Lakin "xxxx" MTK elə sözügedən mənzili aldığı dövrlərdə də ləğv olunma prosesində olduğuna görə 26 iyul 2021-ci il tarixdə ləğv edilərək dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılmışdır. Qeyd etdiyi 2 sənəddə də "xxxx" MTK-nın ləğv olunma prosesində olması qeyd edilmişdir. Belə ki, bu sənədlərdə, yəni "xxxx" MTK-nın 357 nömrəli, 10 fevral 2021-ci il tarixli maliyyə arayışında və "xxxx" MTK üzvlərinin ümumi iclasının 321 nömrəli protokolundan 10 fevral 2021-ci il tarixli çıxarışında "xxxx" MTK-nın X4 imzası və "xxxx" MTK-nm rəsmi möhürü vardır. Bu möhürdə isə “ləğv olunma prosesindədir” yazısı qeyd olunmuşdur. Bütün bunlar da sübut edir ki, "xxxx" MTK ləğv olunmuşdur və hal-hazırda mövcud deyildir. Yuxarıda qeyd edilən texniki yanlışlıq isə "xxxx" MTK ləğv edildikdən sonra aşkar olunmuşdur. "xxxx" MTK ləğv edildikdən sonra isə onun bütün hüquq və vəzifələri onun hüquqi varisi sayılan "xxxx" MMMC-yə keçmişdir. Buna görə də sözügedən texniki yanlışlıq müəyyən edildikdən sonra bu yanlışlığın düzəldilməsini "xxxx" MTK-nm hüquqi varisi sayılan "xxxx" MMMC tərəfindən həyata keçirilmişdir. Belə ki, həmin sənədlərdə düzəliş aparıldıqdan sonra təsdiq olunması üçün sənədlərdə "xxxx" MMMC-nin sədri tərəfindən qeydlər aparılmış və əlavə olaraq "xxxx" MMMC-nin möhürü ilə təsdiq edilmişdir. ünvan 2 ünvanında yerləşən 43 saylı mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı bir neçə dəfə 2 saylı Sumqayıt Ərazi İdarəsinə sözügedən əsaslarla müraciət etsə də, bu müraciətlərin hamısına imtina cavabı verilmişdir. Cavabdehin imtinası qanunsuz olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin tanınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır və müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 43 saylı mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizə xx.xx.2023-cü il tarixində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən müraciətə dair sənədlərin araşdırılması zamanı ərizəyə əlavə olunan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilən protokoldan çıxarışın tarixinə düzəliş edildiyi, lakin edilən düzəlişin sənədi verən qurum tərəfindən təsdiq edilmədiyi müəyyən olunmuşdur”.Nəzərə çatdırılır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində iştirak edən "xxxx" Mənzil Tikinti Kooperativinin keçmiş sədri X3 ifadə verərək bildirmişdir ki, qeyd olunan yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilib və sonradan həmin MTK ləğv edilərək həmin binanın idarəetməsi və bütün səlahiyyətləri "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə ötürülüb. Özü bir müddət "xxxx" MMC sədri də olub. Həm "xxxx" MTK həm də "xxxx" MMC eyni ərazidə yerləşən 45D, B, V, Q saylı binalarda fəaliyyət göstəriblər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara- Cavabdehin 28 aprel 2023-cü il tarixli, 3-21-3-31/2-0-0001-8/2023 nömrəli imtina məktubun surəti, etirazı, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 321 nömrəli, xx.xx.2021-ci il tarixli protokoldan çıxarış, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 357 nömrəli, 10 fevral 2021-ci il tarixli maliyyə arayışı, "xxxx" MTK məxsus möhürün məhv edilməsinə aid xx.xx.2019-cu il tarixli aktın surəti, mənzilə aid eskiz layihə, "xxxx" MMMC-nin nizamnaməsi, "xxxx" MMMC-yə aid Qeyri-Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışın surəti, müvafiq MTK-da olan mənzillərə aid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surəti, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan yaşayış sahəsinin tam dəyərini MTK-ya ödədiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 28 aprel 2023-cü il tarixli, 3- 21-3-31/2-0-0001-8/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli torpaq sahəsinin Xaçmaz rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45V saylı evin, 43 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinə mənfi cavabın verilməsinə əsas kimi, inşa edilmiş MTK-nın verdiyi arayışlarda dəyişikliyin səlahiyyəti olmayan MMC tərəfindən edilməsi göstərilmişdir. Buna görə də inzibati orqan müraciətdə göstərilən və çoxmənzilli yaşayış binasına yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş və Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45V saylı evin, 43 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilatın imtina məktubu və etiraz ərizəsində yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər əsassızdır. Belə ki, iddiaçı tərəfindən qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq iddiaçının müraciəti müsbət həll olunmamışdır. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Hazırkı iddia tələbi üzrə İddiaçı sahibliyində olan və "xxxx" MTKya məxsus yaşayış sahəsinin eskiz layihəsində, digər hüquqmüəyyənedici sənədlərdə öz əksini tapmasına baxmayaraq, cavabdeh əsassız olaraq yaşayış sahəsini daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmasından imtina etmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" MTK-da yerləşən yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və İddiaçı MTK-nın payçısı olması haqqında ümumi yığıncaq 321 nömrəli protokolundan 10 fevral 2021-ci il tarixli qərarı qəbul edilmişdir. Cavabdehin gətirdiyi arqument məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, həm "xxxx" MTK, həm də "xxxx" MMC-nin fəaliyyət ərazisi eyni olub. Qeyd olunan binanın sakinlərinin bir çoxları mənzilləri üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırıblar. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Göründüyü kimi cavabdeh təşkilat qanunla tələb edilən sənədlərin iddiaçı tərəfindən ona təqdim edilməsinə baxmayaraq əsassız yerə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi iddiaçı tərəfindən qanunla tələb edilən sənədlərin cavabdeh təşkilata təqdim edilməsinə baxmayaraq cavabdeh təşkilat “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinin tələblərini hazırkı mübahisəyə tətbiq etməkdən boyun qaçırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 321 nömrəli protokolundan 10 fevral 2021-ci il tarixli çıxarışa əsasən verilmiş Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 45V saylı evin, 43 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar