Məhkəmə qərarları › İş №2-1(118)-382/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-382/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-382/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 23, mənzil 2-nin yerləşdiyi torpaq sahəsinin 0,017 ha hissəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 23, mənzil 2-nin yerləşdiyi torpaq sahəsinin 0,017 ha hissəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2019cu il tarixli, 2-1(085)-169/2019 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilin yerləşdiyi 0,013 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmişdir. Lakin müvafiq məhkəmələr tərəfindən cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qərar qüvvəyə mindikdən sonra iddia tələbi cavabdeh tərəfindən icra edilmiş, 31.08.2020-ci ildə 0,013 ha torpaq sahəsi üzərində adına dövlət reyestrindən çıxarış verilmişdir. O hal-hazırda mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilini 2014-cü ildə Əliyev Ramiz Nəci oğlundan almışdır. Ramiz Əliyev Sumqayıt Superfosfat zavodunun işçisi olmuş və mənzil həmin müəssisə tərəfindən ona verilmişdir. 2 saylı mənzil birmərtəbəli binada yerləşir, mənzil 78,8 kv.m ümumi sahəyə malik olub, 0,03 ha torpaq sahəsi üzərində yerləşir. 23 saylı evin 2-ci mənzilinin 0,003 ha torpaq sahəsi üzərində yerləşməsini Novruz qəsəbəsində mənzil alan işçilərin siyahısı, qanuni qüvvəsini almış Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2-1(085)-169/2019 saylı qərarı təsdiq edir. “Novruz” qəsəbəsində mənzil alan işçilərin siyahısını Sumqayıt Superfosfat zavodunun rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi təsdiq etmişdir. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2-1(085)-169/2019 saylı qərarı ilə müəyyən edilmişdir ki, 23 saylı evin 2-ci mənzili 0,03 ha torpaq sahəsi üzərində yerləşir. Dövlət Arxivinin Sumqayıt filialının verdiyi 82/2 saylı 15.03.2019-cu il tarixli arxiv arayışı da qeyd edilənləri təsdiq edir. Həmin arxiv arayışına görə Sumqayıt Superfosfat zavoduna mənzil tikintisi üçün “Novruz” qəsəbəsində 1,74 ha torpaq sahəsi ayrılmış və ayrılan torpaq sahəsinin 0,03 ha hissəsi 2 saylı mənzilin ərazisi hesab edilmişdir. O Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsi barədə qətnanmə çıxarılmasını xahiş etmişdir. Sumqayıt İzibati Məhkəməsinin 14.05.2019-cuil tarixli, 2-1(85)-169/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və adına 31.09.2020-ci il tarixli çıxarış verilmişdir. Lakin ona məxsus 2 saylı fərdi yaşayış evi 0,03 ha torpaq sahəsində yerləşir. Texniki səhv səbəbindən iddia tələbi 0,013 ha torpaq sahəsinə verilmişdir. Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 23, mənzil 2nin yerləşdiyi torpaq sahəsinin qalan hissəsinə, yəni 0,017 ha hissəsinə görə Dövlət Reyestrindən çıxarışın verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh özünün 23 sentyabr 2020-ci il tarixli, **********63 saylı məktubu ilə xahişi təmin etməmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilin yerləşdiyi torpaq sahəsinin 0,017 ha hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması,reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 11 sentyabr 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2-1(085)-169/2019 saylı qərarı əsasında Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilin yerləşdiyi 0,013 ha torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun qeydiyyatı aparılmış, lakin qalan 0,017 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd idarəyə təqdim edilməmişdir. 0,017 ha torpaq sahəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin birini təqdim etdikdən sonra müraciətinə qanunamüvafiq qaydada baxılacağı iddiaçıya bildirilmiş və bu barədə ona 23 sentyabr 2020-ci il tarixli **********63 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Azrəbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 17.08.1989-cu il tarixli 18 saylı protokol (qərarına) əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon və Corat qəsəbələri arasında, “Novruz” ərazisində yerləşən 1,74 ha torpaq sahəsi və 16-cı mikrorayon ərazisində yerləşən 0,42 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Sumqayıt Superfosfat zavoduna ayrılmışdır. - Sumqayıt Superfosfat zavodu tərəfindən təsdiq edilmiş “Novruz” qəsəbəsində mənzil alan işçilərin siyahısında 11-ci nömrə altında Əliyev Ramiz Nəci oğlunun adı, qarşısında 23 saylı evin 2 saylı mənzili və 0.03 ha qeyd edilmişdir. - Sumqayıt Superfosfat zavodu ilə Əliyev Ramiz Nəci oğlu arasında bağlanmış 25 avqust 1993-cü il tarixli müqavilədən görünür ki, Sumqayıt Superfosfat zavodunun 11 avqust 1993-cü il tarixli əmrinə əsasən onun mənzil fondunda olan Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilini Əliyev Ramiz Nəci oğluna bağışlamışdır. -Sumqayıt şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 19.04.2014-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əliyev Ramiz Nəci oğlu Sumqayıt şəhəri, Novruz qəsəbəsi 23 saylı evdə yerləşən 2 saylı mənzili İddiaçı satmışdır. -DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** saylı 31.08.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 78,8 ha fərdi yaşayış evi və 0,013 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. İş materialları ilə müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdehin 23 sentyabr 2020-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 17.08.1989-cu il tarixli 18 saylı protokol (qərarına) əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon və Corat qəsəbəsi arasında, “Novruz” ərazisində yerləşən 1,74 ha torpaq sahəsi və 16-cı mikrorayon ərazisində yerləşən 0,42 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Sumqayıt Superfosfat zavoduna ayrılmışdır. 25 avqust 1993-cü il tarixli müqavilə ilə Sumqayıt Superfosfat zavodu tərəfindən Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzili Əliyev Ramiz Nəci oğluna bağışlanılmışdır. 19.04.2014-cü il tarixdə Əliyev Ramiz Nəci oğlu, aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin mənzili İddiaçı satmışdır. İddiaçı həmin mənzilin yerləşdiyi 0,013 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, həmin Məhkəmənin 14 may 2019-cu il tarixli, 2- 1(085)169/2019 saylı qərarı ilə onu iddiası təmin edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Həmin qərarda məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müvafiq arxiv arayışında əksini tapmış səlahiyyətli orqan tərəfindən verilmiş torpaq qeydi iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Bundan başqa cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş texniki pasportda da mənzilin faktiki olaraq 0.013 ha torpaq sahəsi üzərində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə qərarı ilə iddiaçının tələbi üzrə 0,013 ha torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən məhkəmə qərarı icra olunmuş, iddiaçı 0,013 ha torpaq sahəsinə dair çıxarışla təmin olunmuşdur. Buna görə də iddiaçı qalan 0,017 ha torpaq sahəsinin də olun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən torpaq sahəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edilməməsi əsas göstərilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda adı qeyd olunan arxiv arayışında əksini tapmış səlahiyyətli orqan tərəfindən verilmiş torpaq qeydi iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nа əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər, о cümlədən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qayda da əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinin tələbinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun -8- konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilinin yerləşdiyi torpaq sahəsinin 0,017 ha hissəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilin yerləşdiyi torpaq sahəsinin 0,017 ha hissəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar