Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-382/2023 19.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə Cavabehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, iddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs, pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Hal- hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciəti aldığı cavab məktubundan görünür ki, təmin edilmişdir, lakin hesablanma səhv aparılmışdır. Bildirir ki, o, aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiya məbləğinin artırılmasına nail olmaq idi. Lakin Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı qəbul edilmişdir, həmin Qərarla hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun müvafiq müddəaları şərh edilmişdir, nəticədə hazırda qüvvədə olan qanunvericiliyə görə pensiyasının məbləği sığorta kapitalı əsasında artmayacaq, pensiyanın məbləği sabit qalacaq. Eyni zamanda həmin Qərarla təsdiq edilmişdir ki, ona "Əmək pensiyaları haqqında" Qanunun 29.2, 37.3.1,45-ci maddələri şamil olunur. "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən, həmin maddə yalnız “ xx.xx.2017-ci ildən etibarən pensiyaya çıxmış şəxslərə" tətbiq olunur. İddiaçı xx.xx.2017-ci ildən öncə pensiyaya çıxmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, hu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Daha sonra iddianın dəqiqləşməsi barədə ərizə verərək, onun pensiyaya çıxdıqdan sonra qazandığı sığorta kapitalı əsasında cavabdeh tərəfindən aparılmış pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş qərarın ləğv edilməsi öhdəliyinin və ona pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək qazandığı sığorta kapitalına əsasən əmək pensiyasının, pensiyanın yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması haqqında qərar qəbul edilməsini məkhəmədən xahiş etmişdir. Bundan sonra yenidən dəqiqləşmə barədə ərizə verərək, cavabdeh tərəfindən aparılmış yenidən hesablanma barədə qəbul edilmiş qərarın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının iştirak etdiyi məhkəmə iclaslarında ona hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ona göstərilən hüquqi yardımlara uyğun ərizələr ilə məhkəmələrə müraciət edir. İddiaçının niyyəti pensiyaya çıxdıqdan sonra işlədiyi altı ildən artıq dövlərlə bağlı yaranmış pensiya kapitalındakı artımlar nəzərə alınaraq, qulluq stajına əlavə azaldılmadan pensiyasının artımına nail olmaqdır. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərin təyinatı üzrə mərkəzi filialına qarşı “ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi' tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 2-1(118)-382/2023 nömrəli iş üzrə iddia tələbi əsassızdır və mümkün hesab edilməməlidir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 2-1(112)- 8556/2021 nömrəli qərarla ona hərbi qulluqçu kimi təyin edilmiş pensiya yenidən hesablanmışdır. İnzibati orqan Bakı İnzibati Məhkəməsinin Qərarını icra edərək iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı eyni əsasla, yəni pensiyasının yenidən hesablanması öhdəliyinin cavadehin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Buradan da aydın olur ki, cavabdeh orqan iddiaçının hər hansı hüququnu və ya qanunla qorunan maraqlarını pozmamışdır. Beləliklə, iddiaçı iddia ərizəsində cavabdeh orqanın inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi səbəbindən onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1 -ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə etmiş, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdurki, iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra iddiaçı başqa işdə işləməklə əmək fəaliyyətinə davam etmiş, 6 ildən çox işləmişdir. Bundan sonra iddiaçı altı ildən artıq işləməsi nəticəsində yaranmış pensiya kapitalındakı artım nəzərə alınaraq pensiyasınında artımına nail olmaq üçün, cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilmədiyi üçün Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8556/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Cavabdeh inzibati orqan məhkəmə qərarını icra etdiyini bildirir. Lakin cavabdeh inzibati orqan iddiaçının əmək pensiyasını pensiya kapitalındakı artımlar nəzərə alaraq yenidən hesablasada, qulluq stajına əlavəni həmin artım qədər azaltmış, nəticədə iddiaçının əmək pensiyası artmamış, ən əsası isə iddiaçının xeyrinə qəbul edilmiş məhkəmə qərarı olsada, bu məhkəmə qərarının icrası nəticəsində iddiaçının hüquqi vəziyyəti pisləşmiş, o pensiyasının artımına nail olmamış, eyni zamanda onun 6 ildən artıq işləməsi nəticəsində yaranmış pensiya kapitalındakı artımlarda silinmişdir. Təbii ki, iddiaçı hazırda bu vəziyyət ilə razılaşmır, mövcud hüqüq müdafiə vasitələrindən istifadə edərək pensiyasının artımına nail olmaq üçün hüquqi mübarizə aparır. Onun üçün pensiyasının artımına qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına Bakı İnzibati Məhkəməsinin nəzarəti formasında, yoxsa yeni məhkəmə qərarı qəbul edilməsi formasında nail olmasının fərqi yoxdur. İddiaçı hər bir halda pensiyasının artırılmasına nail olmaq niyyətindədir. Məhkəmə hesab edir ki, məhkəmə qərarının icra edilməsi üçün qəbul edilmiş qərarın ikinci bir məhkəmə mübahisənin əsasını təkil etməsi yolverilməzdir və hüquqi müəyyənlik prinsipi ilə ziddiyət təşkil edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş inzibati qərarın qanununiliyi məhkəmə qərarının icrasına nəzarət formasında yoxlanılmalı, iddia qldıran şəxsin hüquqi maraqları həmin çərçivədə öz həllini tapmalıdır. Məhkəmə hesab edir ki, haırkı iddiaya Bakı İnzibati Məhkəməsində baxıldığı üçün yeni iddiaya baxılması mümkün hesab edilməməlidir. Məhkəmə cavabdeh inzibati orqanın iddianın mümkünsüzlüyü ilə bağlı mövqeyi ilə razılaşsada, məhkəmə qərarının icra edilməsi ilə bağlı mövqeyi ilə razılaşmır. Məhkəmə qeyd edir ki, iddiaçı pensiyasının artırılması niyyəti və bunun üçün lazım olan hüquqi əsaslar ilə iddia qaldırmış, nəticədə isə iddiası təmin edilsədə hazırkı şərtlərdə onun hüquqi vəziyyəti pisləşmiş, pensiyası artmamış, eyni zamanda pensiya kapitalındakı artımlar silinmişdir. Məhkəmə hesab edir ki, bu heç bir hüquqi məntiqlə izah edilə bilməz, iddiaçının xeyrinə olan məhkəmə qərarı ilə onun hüquqi vəziyyətinin pisləşməsi hüquqi müəyyənlik prinsipi ilə birbaşa ziddiyət təşkil edir. Əgər həqiqətəndə Bakı İnzibati Məhkəməsində iddiaçının iddiasının təmin olunmasının hüquqi nəticəsi hazırkı vəziyyət olması qəbul edilsə belə, həmin məhkəmədə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilməli, onun iddiasının hüquqi nəticələrinin onun ziyanına olduğu izah edilməli idi. Bu çür hüquq məntiqi ilə qəbul edimiş məhkəmə qərarının olması ağlabatan olmadığı kimi, həmin qərarın yaratdığı hüquqi nəticəyə izah verilməsinin tələb edilməsi cavabdeh inzibati orqanın icra ilə bağlı yaratdığı vəziyyətədə aydınlıq gətirəcəkdir. Hər bir halda məhkəmə hesab edir ki, iddiaçının xeyrinə qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. İddiaçının həmin qərara izah verilməsini tələb etmək hüququ vardır. Bu izahla bağlı qəbul edilmiş məhkəmə aktından yuxarı instansiyalara şikayət vermək hüququ vardır. Nəzərə alandakı bu kateqoriyada çox sayda məhkəmə mübahisəsi var və məhkəmə təcrübəsinin formalaşmasında əsas müəyyəndici faktor kimi Ali Məhkəmənin qərarları rol oynayır və tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli imkanlarıda görsənmir, bu halda iddiaçı xeyrinə qəbul edilmiş məhkəmə qərarına izah verilməsi və icraya nəzarət formasında tələblər irəli sürməsi və tələblərə yuxarı instansiya məhkəmələri tərəfindən qiymət verilməsinə nail olmaq imkanları olsada, iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçərək, yeni iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməli, iddiaçiya qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına nəzarət formasında mümkün olan hüquq müdafiə fasitələrindən istifadə etmək imkanının olması izah edilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-382/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-382/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver