Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3820/2025 13.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı tərəfindən məhkəməyə müraciət edilə bilər. Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri kimi İddiaçı (doğulduğu tarix xx xxxx 1981-ci il, doğulduğu yer - Azərbaycan, Sumqayıt, vətəndaşlığı - Azərbaycan, cinsi - kişi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx,) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 2(060)-28/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə əsasında İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra həmin məhdudiyyət götürülmüşdür. Daha sonra Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-614/2024 nömrəli qərarı ilə yenidən ölkədən getmək hüququm məhdudlaşdırılmışdır. Bildirilib ki, İddiaçı adına olan VÖEN ********** üzrə 153,99 manat borc, "xxxx" MMC adına olan VÖEN ********** üzrə 40 manat borc, "xxxx" MMC adına olan VÖEN ********** üzrə 3,04 manat borc ödənilmiş, həmçinin ailə vəziyyəti ilə əlaqədar "xxxx" MMC-nin direktoru vəzifəsindən imtina edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cıi il tarixli qərar ilə X3 həmin MMC-və direktor təyin edilmişdir. Dəyişiklik müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanı tərəfindən dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilməlidir. Lakin, müraciətinə imtina cavabı verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaya əlavə edilən xx.xx.2024-cü il tarixli, 3-21-2-2- 1/2-3326/2024 nömrəli çıxarışdan göründüyü kimi, "xxxx" MMC-nin direktoru X1r. Bununla da, iddiaçının "xxxx" MMC-nin rəhbəri kimi ölkədən çıxışına qoyulan məhdudiyyətin əsası aradan qalxmışdır.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 8.1.4, 14.3, 33.1, 35.1, 38.1, 38.2, 73.1,ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və müraciəti xx.xx.2024-cü il tarixli 3-21-2-1/2- 7187/2024 nömrəli məktubla cavablandırmışdır. Həmin məktubda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixə İddiaçı (VÖEN: **********) fərdi sahibkar kimi 1,03 manat və "xxxx" MMC-nin (VÖEN: **********) 154754,64 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcuna dair vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.15- 3-cü maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-614/2024 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sözügedən qətnamənin çıxarılmasına əsas olmuş borc məbləği tam şəkildə ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. İddiaçı icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcu tam ödənilmədiyi üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən sonradan həmin hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişdiyi qeyd edilsə də, cəmiyyətin ödənilməmiş borcu qalmışdır. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas aradan qalxmamışdır.
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər.
8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
10. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-614/2024 nömrəli qətnaməsinə əsasən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin ərizə təmin edilərək 12 mart 2024-cü il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 154555,99 (yüz əlli dörd min beş yüz əlli beş manat, doxsan doqquz qəpik) manat borcu dövlət büdcəsinə, 11,4 (on bir manat, qırx qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna və 187,25 (yüz səksən yeddi manat, iyirmi beş qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan İddiaçı İcbari Tibbi Sığorta Fonduna olan 1,03 ( bir manat, üç qəpik) manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri və vergi ödəyicisi olan - xx xxxx 1981-ci il təvəllüdlü İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı qanuni təmsilçisi Qulu-zadə Qüdrət Sadıx oğludur.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixə İddiaçı fərdi sahibkar kimi 1,03 manat və "xxxx" MMC-nin 154754,64 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcuna dair vergi orqanı tərəfindən ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(119)-614/2024 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır, yəni məhkəmə qətnaməsi üzrə borc tam ödənilməmişdir. Borcun ödənilməsi təmin edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir.
13. Vergi ödəyicisi olan İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, həmin fiziki şəxsin İcbari Tibbi Sığorta Fonduna borcu yoxdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
14. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
15. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
16. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyasının: 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
18. “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolu: 2-ci maddə: hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafıəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
19. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
21. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək Vergi orqanlarının hüququdur. 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
24. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
25. Belə ki, iddiaçı hazırkı iddia tələbi ilə "xxxx" MMC-nin borcuna görə ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılmasını xahiş edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi olmuşdur və hazırda həmin MMC-nin qanuni təmsilçisi Qulu-zadə Qüdrət Sətdar oğludur.
26. Vergi orqanlarının hüquq və vəzifələri Vergi Məcəlləsinin 23 və 24-cü maddələrində təsbit olunmuşdur. İşdən görünür ki, cavabdeh hüquqlarından istifadə etmiş, lakin vəzifələrini yerinə yetirməmişdir. Halbuki, hüquqlardan istifadədən fərqli olaraq vəzifələr mütləq xarakter daşıyır. Vergi orqanının Vergi Məcəlləsinin 23-cü maddəsində göstərilən hüququndan istifadə etməsi, lakin 24-cü maddədə göstərilən vəzifələrini yerinə yetirməməsi birbaşa iddiaçının konstitutsion hüququnu pozur.
27. İddiaçı hüququ şəxsin əvvəlki rəhbəri olmuş, sonradan MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Bu hallar da məhz cavabdehə məlum olmuşdur. Ona görə də iddiaçının MMC-nin qanuni təmsilçisi olmamasına baxmayaraq MMC-nin borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Cavabdeh iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyətə səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməməklə birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir.
28. Hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi iddiaçının icra orqanının rəhbərinin olması hazırkı işdə müəyyən edilməmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli