Məhkəmə qərarları › İş №2-1(118)-3823/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3823/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3823/2024 10.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin onun əlilliyinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyiinin 3-17-4/3-875/2023 nömrəli əmək qabiliyyətini itirilmə faizi 25%, əlillik müddəti lil olmaqla müayinə aktının ləğv edilməsi. TSEK-in xx.xx.2022 cil il tarixli əmək qabiliyyətinin itirilməsi 50%, əlillik müddəti 5 il olmaqla müəyyən edilmiş müayinə aktının qüvvədə saxlanmasını və pensiyası dayandırılmış gündən məhkəmə qərarı verilən günədək ödənilməmiş pensiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə tanış olduqdan sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Baker Hughes Services İnternational LLC” şirkətində 07 aprel 2021-ci il tarixində saat 02-45 radələrində əmək funksiyalarını yerinə yetirərkən xəsarət almış, onun xəsarət almağı ilə bağlı təhqiqat aktı tərtib edilmiş və İZ formalı aktla rəsmiləşdirilmişdir.Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspertiza Komissiyasının müayinə aktından çıxarışa əsasən müayinə tarixi xx.xx.2022-ci il təyinat tarixi xx.xx.2022 ci il olmaqla ona üçüncü dərəcə əllilik təyin edilməklə əmək qabiliyyətimin itirilməsi 50% olmaqla, əlillik səbəbi istehsalat zədəsi olmaqla, əlillik müddəti 5 il olmaqla müəyyən edilmişdir.İş vaxtı aldığı xəsarətlə bağlı yuxarıda qeyd edilənlərə əsasən ona əllilik səbəbinə görə əmək pensiyası təyin edilmişdir. 3-cü dərəcə əlillik təyin edilməsi səbəbinə görə xx.xx.2022 ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək pensiyası almış,lakin xx.xx.2023-cü il tarixində pensiyası yüklənmədiyi üçün bunu araşdırmaq məqsədi ilə e-sosial.az saytına baxış keçirmiş və ona TSEK tərəfindən təyin olunmuş əlillik səbəbi ilə "diaqnoz öz təsdiqini tapmamışdır" qeyd edilmişdir. Onların qeyd etdiyi ünvana - Bakı şəhəri Binəqədi rayonu Mirmahmud Kazımovski 134 ünvanında xx.xx.2023-cü il tarixində əyani müayinədə olmuş ona qeyri-peşəkar baxdılar və ona bildirilmiş ki, əlilliyi ilə bağlı sənədləri təqdim et, o da eynilə əvvəlki sənədlər hansıki əlillik təyin olunanda təqdim etmiş, təkrar təqdim etmişdir. Əlavə heç bir sənəd təqdim etməmiş və ondan əlavə heç bir sənəd istəməmişlər.Bundan sonra dəfələrlə Agentliklə əlaqə saxlasa da nəticəni öyrənə bilməmiş.xx.xx.2023 cü il tarixdə müayinədə olmağına baxmayaraq yalnız e-sosial.az saytına xx.xx.2024-cü il tarixində baxış keçirərkən məlum oldu ki, əmək qabiliyyətimin itirilməsi 50% deyil 25% müəyyən edilmiş və əlillik müddəti 1 il qeyd edilmişdir.X4 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-875/2024 nömrəli xx.xx.2023 cü il tarixli müayinə aktına əsasən belə bir müayinə olunmayıb olunmamışam) müayinə tarixi xx.xx.2023- cü il olmaqla əlillik səbəbi istehsalat zədəsi, əmək qabiliyyətinin itirilməsi 25%, əlillik müddəti 1 il omaqla müəyyən edilmişdir.Sonuncu müayinə aktında olanlarla razı deyil, əsassız və qanunsuzdur.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq istehsalat zədəsi səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik və əmək qabliyyətinin 50% itirilməsi təyin edilmişdir. (ESDAS: **********0)Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17- 4/2-M-25742/2023 nömrəli xx.xx.2023-cü il tarxli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir.Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan xx.xx.2022-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin.İnzibati Prosessual Məcəllə: Maddə 73. ....73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.Yuxarıda qeyd edilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubu, cavabdehin etiraz ərizəsi, DTSERA-nın xx.xx.2023-cü il tarixli qərarını surəti, iddiaçıya aid əlillik sənədlərinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Agentlik tərəfindən İddiaçı barəsində İİİ dərəcə əlilliyin etibarsız hesab olunması vaxtından yaranmış olur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlilliyin təyin edilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, inzibati orqan onun tələbinə cavab verməmişdir.İnzibati orqanın hərəkətsizliyi səbəbindən iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmış olur. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab edərkən yalnız tibbi göndərişi vermiş müəssisəyə müraciət etmiş, alınan məlumat əsasında isə iddiaçının göndərişdə göstərilən tibb müəssisəsində müayinə və müalicə olunmadığı, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi nəticəsinə gəlmişdir. Ancaq “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız özünün formal mülahizəsinə istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan inzibati icraat zamanı işin hallarını obyektiv araşdırsaydı, iddiaçını təkrar müayinəyə göndərsəydi iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi kimi əsassız nəticəyə gəlməz və iddiaçının hüquqlarını pozmuş olmazdı. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur, inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı işin hallarından məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparıldığından, o cümlədən iddiaçıya təyin edilmiş əlillik zamanı qoyulmuş diaqnozlar iş materialları ilə öz təsdiqini tapdığından cavabdehin əlilliyin etibarsızlığı ilə bağlı hərəkəti qanunsuz olmuşdur.Ona görə də İddiaçı təyin olunmuş İİİ dərəcə əlilliyin etibarsız hesab olunması haqqında qərar xx.xx.2023-cü il tarixli qərar iddiaçıya aid hissədə qanunsuz hesab edilməli və iddiaçıya İİİ dərəcə əlillik əlilliyin etibarsız hesab olunduğu tarixdən Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı təyin olunmuş İİ dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar