Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3828/2022 21.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qızı X8 doğum akt qeydində doğum tarixinin səhv yazılmış 10 sentyabr 2012-ci il tarixindən 20 noyabr 2005-ci il tarixinə dəyişiklik edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, qızı X8 doğum akt qeydində doğum tarixinin səhv yazılmış 10 sentyabr 2012-ci il tarixindən 20 noyabr 2005-ci il tarixinə dəyişiklik edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 05/Q-1293/15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, doğum tarixinə dəyişiklik edilməsi ilə bağlı hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarına əsasən X6 doğum akt qeydində doğum tarixində “xx.xx.2012-ci il”dən “xx.xx.2005-ci il”ə dəyişiklik edilməsi Cavabdeh tərəfindən mümkün deyil. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılır ki, “X1 Rauf Zahir oğlu ilə qeyri- rəsmi evlənərək, nigaha girmədən 2004-cü ildə ailə həyatı qurmuşuq. Rəsmi nigaha daxil olmasaq da, faktiki ər-arvad münasibətlərindən 20 noyabr 2005-ci il tarixdə qızım X14 doğulmuşdur. Rəsmi nigahı olmadığından, eyni zamanda uşaq ev şəraitində doğulduğundan Ayselin doğum qeydiyyatı aparılmamış və bu səbəbdən də uşaq ümumiyyətlə orta məktəbə getməmişdir. 2013-cü ildə evliliyi nigaha girməklə rəsmiləşmişdir. Lakin qızı Ayselin doğum tarixi sənədlərdə səhv yazılmışdır. Belə ki, qızı 20 noyabr 2005-ci il tarixdə doğulsa da, ilkin doğum aktında və ona əsasən verilmiş doğum haqqında şəhadətnamədə doğum tarixi səhvən 10 sentyabr 2012-ci il tarix yazılmışdır. Halbuki qızı A.Omarovanın 20 noyabr 2005-ci il tarixdə doğulmasına dair tutarlı sübutlar mövcuddur. İddiaçının doğuşu qəfildən baş verdiyindən və kəndi rayon mərkəzindən uzaq yerləşdiyindən, eyni zamanda həkimə müraciət edə bilmədiyindən doğuş ev şəraitində olmuşdur. X2 və qonşusu X10 uşağın dünyaya gəlməsində köməklik göstərmişdirlər. Ailədə olan sosial-məişət problemlərinin çoxluğu ucbatından və rəsmi nigahı olmaması səbəbindən vaxtında uşağın doğulması barədə həm rayon xəstəxanasına, həm də qeydiyyat orqanlarına məlumat verməmişdir. Nəticədə uşağın doğum haqqındakı akt qeydində səhvən uşağın doğum tarixi 10 sentyabr 2012-ci il tarix kimi qeyd edilmişdir. Həmin səhvin düzəldilməsi üçün Cavabdehnə etdiyi müraciətinə 05/Q-1293/15 saylı, 01.11. 2022-ci il tarixli imtina cavabı verilərək, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İmtina məktubunda bildirilir ki, “Azərbaycan Respublkası Nazirlər Kabinetinin 1 mart 2001 -ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müdəalarına” əsasən X11 doğum aktı qeydində doğum tarixində “ 10 sentyabr 2012-ci”dən “20 noyabr 2005-ci il”ə dəyişiklik edilməsi Cavabdeh tərəfindən mümkün deyil. Cavabdeh Sizə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilir” Qızı Ayselin doğum tarixinin səhv yazılması səbəbindən müəyyən çətinliklərlə üzləşmişdir. 5 nəfərdən ibarət olan ailənin maddi vəziyyəti olduqca ağırdır. Ər-arvad olaraq maddi gəlirləri ailənin saxlanılması üçün yetərli deyil. Qızı A.Omarovanın əmək fəaliyyəti ilə məşğul olaraq ailəyə qismən də olsa, yardım etməsinə ciddi zərurət var. Lakin onun doğum sənədlərində qeydiyyatın düzgün aparılmaması əmək fəaliyyəti ilə məşğul olmasına imkan vermir. A.Omarovanın onun fiziki və psixoloji vəziyyəti həqiqətən də deməyə əsas verir ki, o, 20 sentyabr 2005-ci il tarixdə doğulmasına uyğun gəlir. Bunu yoxlamaq üçün məhkəmədən A.Omərova barəsində məhkəmə-tibbi ekspertizasının keçirilməsinə və şahidlərin dindirilməsinə zərurət vardır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il, 3 saylı qərarında qeyd edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibatı icraat qaydasında iddia qaldırıla bilər.” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. İnzibati orqan düzgün olaraq hüquq müdafiə vasitəsi olaraq məhkəməyə müraciət etməyi tövsiyyə etmiş, lakin iddiaçı müvafiq ümumi məhkəməyə müraciət etmək əvəzinə cavabdehin hərəkətlərindən şikayət edərək inzibati məhkəməyə müraciət etmişdir. İddiaçı, qızı X8 doğum akt qeydində doğum tarixinin səhv yazılmış 10 sentyabr 2012-ci il tarixindən 20 noyabr 2005-ci il tarixinə dəyişiklik edilməsini istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, doğum tarixinə dəyişiklik edilməsi ilə bağlı hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarına əsasən X6 doğum akt qeydində doğum tarixində “xx.xx.2012-ci il”dən “xx.xx.2005-ci il”ə dəyişiklik edilməsi Cavabdeh tərəfindən mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 1.3-cü bəndində qeyd edilir ki, 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.”; İddiaçı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il, 3 saylı qərarına istinad edərək qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibatı icraat qaydasında iddia qaldırıla bilər.” Lakin hazırda iddiaçının tələbinin inzibati qaydada həlli üçün hərhansı hüquqi əsas mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, X8 10 sentyabr 2012-ci il tarixdə anadan olması ilə bağlı 12 oktyabr 2012-ci il tarixdə Cavabdeh tərəfindən 673 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X5 ilə X9 nikahı haqqında 24 yanvar 2013-cü il tarixdə 02 nömrəli akt qeydi tərtib edilmişdir. İddiaçı tərəfindən Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Bağırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş 19 dekabr 2022-ci il tarixli, 363 saylı şəkilli arayış məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qeyd edir ki, iddianın əsaslı olmasını müəyyən edən hər nansı bir rəsmi sənəd mövcud deyil. Bu halda cavabdeh inzibati orqan imtinası əsaslı hesab edilməli və iddia rədd edilməlidir. Lakin məhkəmə qeyd edir ki, bu halda mülki məhkəmə icraatı qaydasında olan hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında iddiaçının qızı X14 da iştirak etmişdir. Məhkəmənin ilkin qənaətinə görə uşaq iddiada qeyd edildiyinə uyğun olaraq doğum akt qeydində aparılmış yaşdan daha böyük görsəndiyi ilk baxışda hiss edilir. Lakin bu halın müəyyən edilməsi üçün fakt təsdiq edilməli və zəruri ekspertizalar keçirilməlidir ki, bu da mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, iddiaçıya izah edilməlidir ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddia rədd edilsin. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev