Məhkəmə qərarları › İş №2-1(118)-383/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-383/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-383/2025 07.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: pasport qeydiyyatına alınma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “İddiaçı1 və ailə üzvləri-oğlu İddiaçı2 və nəvələri X3 və X2 ünvan 1 ünvanına pasport qeydiyyatına alınmaları” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı1 onun və ailə üzvləri-oğlu İddiaçı2 və nəvələri X3 və X2 ünvan 1 ünvanına pasport qeydiyyatına alınmaları tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı2 məhkəmə icraatına birgə iddiaçı qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, 1988-ci ildə ermənilər tərəfindən qovularaq Azərbaycana ailə üzvləri ilə birlikdə gəlmişdir. Bir müddət Bakı şəhərində Böyükşor deyilən ərazidə özünə məxsus olan evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. 2013-cü ildə "Dərnəgül" Metrostansiyasının tikintisi ilə əlaqədar olaraq yaşadığı mənzildən çıxarılaraq Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən "Gənclər Şəhərciyi'" 2 saylı binanın 73 nömrəli mənzilinə ailəsilə birlikdə köçürülmüşdür. Bu barədə onunla Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru X8 arasında Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayyə müqaviləsi bağlanılmışdır. Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliy i tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 7030 saylı arayışa əsasən 18 iyun 2013-cü ildən qeydiyyatsız olaraq oğlu İddiaçı2 ilə birlikdə yaşayır. 2014-cü ildə oğlu Gürcüstan Respublikası vətəndaşı olan Qusinova Parida adlı qızla ailə qurduqdan sonra hal-hazırda həmin ünvanda oğlu İddiaçı2, gəlini Qusinova Parida və nəvələri ilə birlikdə yaşayır. 10 ildir ki, həmin mənzildə qeydiyyatsız yaşayır. Pasport qeydiyyatının olmaması ona və ailə üzvlərinə bir sıra problemlər yaradır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdığını bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Qaçqın və X5 üzrə Dövlət Komitəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçünü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Xüsusi təyinatlı yaşayış sahələrinin kirəyə müqaviləsinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən ünvan 1 haqqı ödənilməklə İddiaçı1 (ailə üzvü İddiaçı2 ilə birlikdə) kirayəyə verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2014-cü il tarixli arayına əsasən iddiaçı ünvan 1 ünvanında 18 iyun 2013-cü ildən İddiaçı2 ilə qeydiyyatsız yaşayır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 və ailə üzvləri İddiaçı2, X6, X1 rayon, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi" ev 2, mənzil 73 ünvanına qeydiyyata alınmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 02 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” əsasən İddiaçı1 və İddiaçı2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi 2 saylı binada 73 nömrəli mənzil verilmişdir. Həmin mənzilin verilməsinə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin bağlanılmasına əsas olan qərarla bağlı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsində araşdırma aparılmış və həmin mənzilin verilməsinə dair qərarın olması barədə hər hansı bir məlumatın əldə edilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçılar ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanına pasport qeydiyyatına alınmaq istəyir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununa əsasən: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: ... 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” əsasən İddiaçı1 və İddiaçı2 Abşeron rayonu, Mehdabad qəsəbəsi, Gənclər şəhərciyi 2 saylı binada 73 nömrəli mənzil verilmişdir. Göründüyü kimi mənzilə qeydiyyata alınmaq üçün hüquqi əsas mövcuddur. X6 və X4 isə azyaşlı olduğundan valideynlərinin yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, X3 və X2 ünvan 1 ünvanına pasport qeydiyyatına alınmaları öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar