Məhkəmə qərarları › İş №2-1(118)-3833/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3833/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3833/2024 18.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakları, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2171/2023 saylı qərarın səbəbli əlaqə hissəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Azərbaycan Respublikası cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona təyin edilmiş müddətsiz ümumi xəstəliyə görə 2-ci qrup əlillik dərəcəsinin 2-ci qrup müharibə əlilliyinə dəyişdirilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3- 2171/2023 saylı qərarının səbəbli əlaqə hissəsində dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyən edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ilin noyabr ayından - 1995-ci ilin iyun ayınadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tovuz rayonu ərazisində özünümüdafiə dəstələrinin tərkibində iştirak etmişdir, Qarabağ Müharibəsi veteranıdır. xx.xx.1992-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində hərbi travma almışdır. Bundan sonra 2017-ci ildə iddiaçıya 5 il müddətinə 2- ci dərəcəli əlillik təyin edilmişdir. 2022-ci ildə təkrar müayinəyə göndərilmiş və xx.xx.2022cü il tarixdə iddiaçıya ümumi xəstəliyə görə müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillik haqqında sənəddə göstərilmişdir ki, guya ona orqanizmin funksiyası 75% pozulmuşdur. Halbuki, iddiaçı döyüş zamanı alın və döş nahiyyəsindən qəlpə yaraları almış və hazırda orqanizminin funksiyası 100% pozulmuşdur. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 128 saylı, xx.xx.2017-ci il tarixli qərarında da yazılmışdır ki, onun aldığı Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hazırda, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçının əlilliyini ləğv etmiş və komissiya təşkil etməklə ona ümumi xəstəliyə görə müddətsiz 2-ci dərəcəli əlillik təyin etmişdir. Lakin bildirir ki, iddiaçının əlilliyi ümumi xəstəliklə deyil, xx.xx.1992-ci il tarixdə aldığı hərbi travma ilə əlaqədardır. Ümumi xəstəliyə görə müddətsiz təyin edilmiş 2-ci dərəcəli əlilliyin müddətsiz 2-ci dərəcəli Qarabağ Müharibəsi əlilinə dəyişdirilməsi barədə 08 fevral 2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin 3-17-4/2-M- 61 84/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ona imtina verilmişdir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “2-ci qrup əlillik dərəcəsinin 2-ci qrup müharibə əlilliyinə dəyişdirilməsi’ tələbinə dair iş üzrə bildirirlər ki, Sumqayıt şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 128 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Alın və döş nahiyyəsinin qəlpə yaraları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 2018-ci ildə sidik kisəsinin rezeksiya olunduğunu, həftədə 1-2 dəfə qıcolma tutmalarının olduğunu, qəbul etdiyi dərmanlarının adını xatırlamadığını bildirmişdir. Müayinə zamanı sağ qasıqüstü və döş qəfəsinin ön səthində çapıq toxumalar izlənilmiş, daimi episistostomasının olduğu aşkarlanmışdır. Ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən müayinə sənədi (EEQ müayinəsinin dalğalan) təqdim olunmamış, təqdim olunmuş MRT müayinəsinin nəticəsi kəllə-beyin travması təsdiqlənməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Arayışda diaqnoz “Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi pTamNOMO mərhələ 0. Sidik kisəsinin xərçəngi. Cərrahi əməliyyatından və MKT-dən sonrakı vəziyyət (2015 avqust). Residiv. TUR cərrahi əməliyyatından və MKT- dən sonrakı vəziyyət (2016 aprel). Residiv. Xilasedici sistektomiya, ureterokutaneostomiya cərrahi əməliyyatından və İİİ kurs PKT-dən sonrakı vəziyyət (2018). rpT2bN0M0 mərhələ İİ kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Sumqayıt şəhər Tibb Mərkəzinin PHŞ 4 Nömrəli Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi Rəyində nəticə "Reziduall üzvi ümumbeyin əlamətləri-sol sentro parital üstünlüklə qeyd edilir. Fonda və funksional yüklənmə zamanı tipik epiaktivlik qeyd edilmir" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Sumqayıt Hospitalın xx.xx.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi "Hərəkət artefaktı səbəbi ilə iləri dərəcədə suboptimal olan müayinədə; izlənildiyi qədərilə serebral-serebellar hemisfera intensivliyi normaldır" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının 28.01,2023-cü il tarixli Tibbi Rəyində diaqnoz "Üzvi emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 75 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasım zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, iddiaçının qeyd edilən əlverişli inzibati aktdan məlumat 12 aprel 2023-cü ildəməluymat olmuş, 30 gün ərzində mübahisələndirmədiyindən iddianın mümkünsüz hesab olunmasını xahiş edirlər. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.Həmin sənədlərə aiddir: 128 saylı, xx.xx.2017-ci il tarixli Mərkəzi Həbri Həkim Komissiyasının qərarı; ambulator xəstənin tibbi vərəqi; 19/136 saylı, xx.xx.2023-cü il tarixli həkim-psixiatr komissiyasının rəy; Kranial MRT nəticəsi; cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarların ləğvi, dəyişdirilməsi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Hal-hazırda mübahisə predmeti olan pensiyanın yenidən hesablanması haqqında qərar 11 aprel 2023-cü il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərarın dəyişdirilməsi ilə bağlı iddia ərizəsi isə 29 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçının mübahisələndirdiyi qərar cavabdeh orqan tərəfindən iddiaçıya ümumiyyətlə təqdim edilməmiş, iddiaçı qeyd olunan qərardan məhkəmə sorğusuna cavab məktubu ilə xəbərdar olmuşdur. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən, İddiaçı xx.xx.2017-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək isə “Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi, Sidik kisəsinin xərçənginə görə sidik kisəsinin rezeksiyası.T2 B1 M0 İİİ mərhələ. KDM və şüa terapiyasından sonrakı vəziyyət.Residiv” diaqnozları ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh orqan tərəfindən keçirilən növbəti 28 fevral 2023-cü il tarixli müayinə zamanı isə iddiaçıya “ümumi xəstəlik” səbəbindən orqanizmin funskiyalarının 75 faiz pozulması barədə əlillik təyin edilməsi qərara alınmışdır. İddiaçı bundan sonra ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə onun müraciətini təmin etməyərək, iddiaçıya 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2171/2023 saylı saylı qərarı ilə “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin edilməsi barədə qərarı qüvvədə saxlamışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 128 saylı, xx.xx.2017-ci il tarixli qərarının surətində qeyd edilir ki, “Sumqayıt ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992ci ildə aldığı və Tovuz rayon mərkəzi xəstəxanasında ambulator müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Alın və döş nahiyyəsinin qəlpə yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin xx.xx.2017-ci il tarixli 7 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 575 nömrəli arayışı, Tovuz rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, ambulator xəstələrin qeydiyyat kitabından çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır.” Bundan əlavə cavabdehin imtinasının əsası kimi göstərdiyi dəlillərin araşdırılması zərurəti yarandığından, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3833/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-nin T 444/2024 saylı rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına “Sumqayıt Tibb Mərkəzi”ndə tərtib edilmiş xx.xx.2023-cü il tarixli H00076168ZMB nömrəli Forma 88-də göndərişində qeyd edilmiş “a)Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri (1992); b)Ağırlaşma: F06.3- Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi mənşəli (travma nəticəsində) yaranan labil pozuntu, koqnitiv funksiyaların enməsi, F06.6-üzvi mənşəli emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların enməsi ilə, F06.0-üzvi hallyusinoz, üzvi mənşəli (travma nəticəsində) yaranan labil pozuntu, koqnitiv funksiyaların enməsi, F48-digər neqativ pozuntular, asteno-nevrotik hal; c)Yanaşı xəstəliklər: C67-sidik kisəsinin bədxassəli yeni törəməsi, sidik kisəsinin Cr-i rp T2SN0M0 İİ mərhələ, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sistektomiyadan sonrakı vəziyyət (2018)” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu inkar etmək də olmaz. Belə ki, 11,04.2023cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman qıcolma tutmalarını təsdiqləyən müayinə sənədi (EEQ) təqdim olunmamış, təqdim olunmuş MRT müayinəsinin nəticəsində kəllə-beyin travması təsdiqlənməmiş, əlillik təyinatına əsas verən nevroloji və psixi defısit müşahidə edilməmiş, “Sumqayıt şəhər Psixiatriya xəstəxanasf’nm xx.xx.2023-cü il tarixli tibbi rəyində diaqnoz “Üzvi emosional labil (astenik) pozuntu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. “Milli Onkologiya Mərkəzi”nin xx.xx.2022-ci il tarixli arayışdakı diaqnoz əlillik təyinatına əsas vermişdir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda onda əvvəllər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilməsinə əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Yuxarıda sadalanan normalarından müəyyən olunur ki, hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir və hərbi həkim komissiyası tərəfindən iddiaçı “hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. Belə olan halda cavabdeh orqanın iddiaçı tərəfindən iddiaçının əlilliyin səbəbinin məhz “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” qeyd olunmamasını əsassız hesab edir. İnzibati icraat haqqında” Qanunun : 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2171/2023 saylı qərarın səbəbli əlaqə hissəsində dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh orqan tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli, 3-17-4/3-3- 2171/2023 saylı qərarının səbəbli əlaqə hissəsində dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar