Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3836/2024 02.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayınn 20-də 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayınn 20də 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında özünü İddiaçı kimi təqdim edən şəxs iddia tələbini müdafiə edərək izah etdi ki, o, X2 və X3 arasında olan qeyr-rəsmi nikah münasibətlərindən xx.xx.2004-cü il tarixdə dünyaya gəlmişdir. Hazıra kimi şəxsiyyət vəsiqəsi və başqa sənədləri alınmamışdır. O, şəxsiyət vəsiqəsini almaq məqsədi ilə qeydiyyat şöbəsinə müraciət etidkdə məlum olmuşdur ki, doğum haqqında şəhadətnaməsi olsa da, doğum haqqında akt qeydi mövcud deyildir. Bu səbəbdən ona şəxsiyyət vəsiqəsi də verilmir. O, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsində inzibati məhkəmə icraatında baxılan iddiaların növləri qeyd edilmişdir. Lakin «doğum akt qeydinin bərpa edilməsi» tələbi həmin iddia növlərinə daxil edilməmişdir. Bu tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmə tərəfindən xüsusi icraatı qaydasında “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi kimi baxıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Göstərilən Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «İnzibati məhkəmə itcraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayınn 20-də 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya xüsusi icraat qaydasında ərizə ilə yaşayış yeri üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayınn 20-də 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3836/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3836/2024
02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver