Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3849/2025 14.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi) GİRİŞ HİSSƏ X13-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1987-ci ilin fevral ayında adına tərtib edilmiş texniki pasportda göstərilən Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 may 1980-ci ildə SSRİ-nin 50 illiyi adına meyvəçilik sovxozunun 07 sentyabr 1979-cu il tarixli 15 saylı qərarı və 12 aprel 1979-cu il tarixli 102 saylı sərəncamına əsasən 0,06 ha torpaq sahəsinin fərdi mənzil tikintisi məqsədi ilə nişanları ilə ayrılaraq daimi istifadə üçün ona təhkim edilməsinə dair akt tərtib edilmişdir. Bundan sonra o, ona ayrılan Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində özünə fərdi yaşayış evi tikmiş və hal-hazıradək həmin ünvanda yaşayır. O, həmçinin həmin ünvanda qeydiyyatdadır. Ona rəsmi qaydada ayrılmış torpaq sahəsində tikdiyi fərdi yaşayış evinin 1987-ci ilin fevral ayında tərtib edilmiş texniki pasportu da mövcuddur. Hal-hazırda o, qanuni əsaslarla texniki pasportu və torpağın ona ayrılmasına dair digər sənədləri təqdim etməklə faktiki sahibliyində olan fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə öz adına çıxarış alınması üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin həmin qurum ona bildirmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında Əlipənah Məmmədyarovun adına 0,06 ha ölçüdə JN-478 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir və ərizəsinə əlavə edilmiş xəritələr Quba RİHB aparatının Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq edilməmişdir. Bu əsaslarla onun müraciətinin icrasından imtina edilmişdir. O, cavabdeh qurumun imtina cavabı ilə razılaşmır. Belə ki, onun mülkiyyətində olan fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ölçülərini əks etdirən texniki pasport mövcuddur və bunun üçün əlavə xəritəyə ehtiyac olmadığını bildirir. Mövcud qanunvericiliyin tələbinə əsasən, 6 iyul 2006-cı ilədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndində texniki pasportun da hüquqmüəyyənedici sənəd kimi qeyd olunduğu göstərilir. O, cavabdeh qurumun texniki pasportdan daha mötəbər hansı sənədi nəzərdə tutduğunu anlamaqda çətinlik çəkir. Cavabdeh qurumun imtina məktubunda göstərilən əsasların mülkiyyət hüquqlarının qeydiyyata alınmasına və həyata keçirilməsinə maneə olmadığını bildirir, çünki onun torpaq sahəsinin guya qeydiyyata alındığı iddia edilən JN-478 saylı şəhadətnamənin mülkiyyətçiləri də öz torpaq sahələri üçün eyni səbəbdən çıxarış ala bilmirlər. Həmin şəxslərin torpaq sahələri isə onun sahəsindən tamamilə fərqli ərazidə yerləşir və onlar da öz mülkiyyət hüquqlarının düzgün qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etmişlər. Həmin şəhadətnamənin kitabda onun torpaq sahəsi ilə əlaqələndirilməsi onun təqsiri deyildir. O, 40 ilə yaxın faktiki sahiblik etdiyi əmlaka cavabdeh qurumun təqsirli hərəkətləri nəticəsində çıxarış ala bilmədiyini bildirir. Onun adına olan fərdi yaşayış evinə dair texniki pasport bu günə kimi heç bir orqan tərəfindən ləğv edilməmiş və mübahisələndirilməmişdir. Eyni zamanda, cavabdeh təşkilatın əsas funksiyası hüquqların qeydiyyatından ibarətdir və nəzarətedici funksiyası qanunvericilikdə nəzərdə tutulmamışdır. O, hesab edir ki, cavabdeh təşkilat ondan əsassız olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən əlavə sənədlər tələb etməklə onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Həmçinin ona verilmiş imtinanın həmin Qanunun 15-ci maddəsinə uyğun olmadığı üçün əsassız olduğunu bildirir. Cavabdeh təşkilatla aralarında yaranmış mübahisəni başqa qaydada həll edə bilmədiyinə görə o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Quba Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında Əlipənah Məmmədyarovun adına 0,06 ha ölçüdə JN-478 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Bundan əlavə, ərizənizə əlavə olunmuş xx.xx.2024-cü il tarixli arxiv arayışında Quba RİHB-n Zərdabi İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Zərdabi kəndi üzrə 5 saylı təsərrüfatbaşına kitabında göstərilən 0,06 ha torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiş 1:10000, 1:2000 miqyaslı yerquruluşu planları Quba RİHB-nın aparatının Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin, 1:2000 miqyaslı yerquruluşu planında isə torpaq sahəsinin ölçüləri göstərilməmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir.
6. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. İddia tələbi fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-17097/2024 saylı məktubdan görünür ki, aparılan araşdırma zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə ləğv edilmiş DTXKnin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Quba Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında Əlipənah Məmmədyarovun adına 0.06 ha ölçüdə JN-478 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Bundan əlavə, ərizənizə əlavə olunmuş xx.xx.2024-cü il tarixli arxiv arayışında Quba RİHB-n Zərdabi İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Zərdabi kəndi üzrə 5 saylı təsərrüfatbaşına kitabında göstərilən 0.06 ha torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiş 1:10000, 1:2000 miqyaslı yerquruluşu planları Quba RİHB-n aparatının Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin, 1:2000 miqyaslı yerquruluşu planında isə torpaq sahəsinin ölçüləri göstərilməmişdir.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-14178/2024 saylı məktubdan görünür ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, ərizənizə əlavə olunmuş arxiv arayışında göstərilən Quba RİHB-nın Zərdabi İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Zərdabi kəndi üzrə təsərrüfatbaşına kitabda göstərilən 0.06 ha ha torpaq sahəsinə dair 1:10000 və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışlar təqdim edilməmişdir.
14. Quba rayonu Zərdabi bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerquruluşu planından görünür ki, iddiaçıya məxsus 0,06 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmişdir.
15. X14 filialının xx.xx.2024-cü il tarixli, arxiv arayışından görünür ki, Quba RİHB-nın Zərdabi İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Zərdabi kəndi üzrə 5 saylı təsərrüfatbaşına kitabında İddiaçı 383 saylı təsərrüfatın başçısı olub, onun öhdəsində 1996cı ildə 0,06 ha cəmi torpaq sahəsinin olduğu qeyd edilmişdir.
16. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olduq və həmin torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin daxilində faktiki olaraq iddiaçı və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evi və köməkçi həyət tikililəri mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.0728 ha təşkil edir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinin 0.06 ha hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən JN-478A nömrəli şəhadətnaməyə əsasən X4 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə qalan hissəsi isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə bütünlüklə üst-üstə düşür. Başqa heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmə mövcud deyildir. Qeyd edək ki, JN-478A nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsi faktiki olaraq X4 və ailə üzvləri tərəfindən həmin hissədə deyil kəndin başqa massivində istifadə olunur. Həmin şəhadətnamə əsasında **********40 reyestr nömrəli çıxarışa əsasən X6 və ailə üzvlərinin mülkiyyət hüquqları tanınmışdır. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri üzərində heç bir mülkiyyət hüquqları tanınmamışdır. Mübahisəli torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Həmin torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən X3 kateqoriyalı olub uqodiyası fərdi yaşayış evi kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.
17. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Kadastr və yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-1835/2025 saylı məktubdan görünür ki, təqdim olunan koordinatlarda yerləşən torpaq sahəsi Quba rayonu, Zərdabi qəsəbəsi üzrə torpaq islahatına dair kompleks yerquruluşu planında yaşayış məntəqəsi torpaqlarına aiddir.
18. Məhkəmənin sorğusuna əsasən, X14 filialının xx.xx.2025-ci il tarixli 3-48-DA-6F/2-xxxx/2025 saylı arxiv arayışından görünür ki, xx.xx.1979-cu il tarixli 15 saylı qərarın hansı meyvəçilik sovxozuna, 12 aprel 1979-cu il tarixli 102 saylı sərəncamın hansı təşkilata aid olduğu haqqında məlumat olmadığı üçün sorğunun icrası mümkün olmamışdır.
19. X7, X8, X1, X2 Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş **********045 saylı ərizədən görünür ki, “İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət edərək 1987-ci ilin fevral ayında adına tərtib edilmiş texniki pasportda göstərilən Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Biz həmin iddia tələbi ilə razıyıq. Bizim İddiaçı hazırki mübahisə ilə bağlı heç bir tələb və şikayətimiz yoxdur. Ona görə də İddiaçı iddia tələbinin təmin edilməsinə etiraz etmirik.”
IV. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş “Marks Belçikaya qarşı” qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.4-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar nəzərdə tutulmuşdur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
30. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
31. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
V. Məhkəmənin mövqeyi
33. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
34. Məhkəmə tərəfindən müəyyən edildi ki, 31 may 1980-ci ildə SSRİ-nin 50 illiyi adına meyvəçilik sovxozunun 07 sentyabr 1979-cu il tarixli 15 saylı qərarı və 12 aprel 1979-cu il tarixli 102 saylı sərəncamına əsasən, 0,06 ha torpaq sahəsinin fərdi mənzil tikintisi məqsədi ilə nişanları ilə ayrılaraq daimi istifadə üçün ona təhkim edilməsinə dair akt tərtib edilmişdir. Bundan sonra, o, ona ayrılan Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində özünə fərdi yaşayış evi tikmiş və hal-hazıradək həmin ünvanda yaşayır. Ona rəsmi qaydada ayrılmış torpaq sahəsində tikdiyi fərdi yaşayış evinin 1987-ci ilin fevral ayında tərtib edilmiş texniki pasportu da mövcuddur. Hal-hazırda o, qanuni əsaslarla texniki pasportu və torpağın ona ayrılmasına dair digər sənədləri təqdim etməklə faktiki sahibliyində olan fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə öz adına çıxarış alınması üçün cavabdeh təşkilata müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
35. Torpaq sahəsinə və fərdi yaşayış evinə dair tərtib edilmiş müayinə aktına əsasən, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin daxilində faktiki olaraq iddiaçı və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evi və köməkçi həyət tikililəri mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.0728 ha təşkil edir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinin 0,06 ha hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən, JN-478A nömrəli şəhadətnaməyə əsasən X4 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə qalan hissəsi isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə bütünlüklə üst-üstə düşür. Başqa heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmə mövcud deyildir. Qeyd edək ki, JN-478A nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsi faktiki olaraq X4 və ailə üzvləri tərəfindən həmin hissədə deyil kəndin başqa massivində istifadə olunur. Həmin şəhadətnamə əsasında **********40 reyestr nömrəli çıxarışa əsasən X6 və ailə üzvlərinin mülkiyyət hüquqları tanınmışdır. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri üzərində heç bir mülkiyyət hüquqları tanınmamışdır. Mübahisəli torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Həmin torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən X3 kateqoriyalı olub uqodiyası fərdi yaşayış evi kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.
36. Məhkəmə hesab edir ki, cavabdehin imtinanın dəlili kimi göstərilmiş bələdiyyə tərəfindən tərtib edilmiş 1:10000, 1:2000 miqyaslı yerquruluşu planları Quba RİHB-nın aparatının Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq edilməməsi iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz.
37. Məhkəmə cavabdehin sahəsinin 0,06 ha hissəsinin baza məlumatlarında olan xəritə materiallarına əsasən JN-478A nömrəli şəhadətnaməyə əsasən, X4 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə qalan hissəsi isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə bütünlüklə üst-üstə düşməsi dəlilinə münasibətdə qeyd edir ki, X7, X8, X1, X2 Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş **********045 saylı ərizəyə əsasən, iddiaçının həmin iddia tələbi ilə razıdılar, onların İddiaçı hazırki mübahisə ilə bağlı heç bir tələb və şikayətləri yoxdur. Ona görə də, İddiaçı iddia tələbinin təmin edilməsinə etiraz etmirlər.
38. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
43. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində yerləşən 0,06 torpaq sahəsi və bu torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına birgə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X13-Abbaszadə