Məhkəmə qərarları › İş №2-1(118)-385/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-385/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-385/2022 20.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Qubadlı rayon Polis şöbəsinə qarşı cavabdeh Qubadlı rayon Polis Şöbəsinin üzərinə İddiaçı Qubadlı rayon Həmzəli kəndinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Qubadlı rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qubadlı rayon Həmzəli kəndinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda Sumqayıt şəhərində qeydiyyatdadır. Onun məcburi köçkün statusu yoxdur. O, xx.xx.2003-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. X3 xx.xx.1978-ci ildə Qubadlı rayonu Həmzəli kəndində anadan olmuşdur, hazırda həmin ünvanda yaşayır yeri üzrə qeydiyyatda olmaqla məcburi köçkün statusuna malikdir. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. O, məcburi köçkünlərə dövlət büdcəsindən verilən aylıq yemək xərci müavinətini alır. X1 orta məktəbi bitirərək ödənişli əsaslarla ali məktəbə daxil olmuşdur.Lakin məcburi köçkün vəsiqəsi olmadığına görə o, təhsil haqqının ödənilməsindən azad olma barədə güzəştdən yararlana bilmir və təhsil haqqını ödəməyə məcburdur. Əks halda ali təhsilə başlaya bilməyəcəkdir.Hazırda onun valideynlərindən biri (anası) məcburi köçkün statusuna malik olmadığı üçün ona məcburi köçkün vəsiqəsi verilməyəcəyi barədə şifahi qaydada məlumat verilmişdir. X2 Qubadlı rayonu Həmzəli kəndinə yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı Qubadlı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də oradan imtina göndərilmişdir: Tərəflər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən trəflərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: -AZ-T 004997 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2003-cü ildə X3 ilə nikaha daxil olmuşdur. -AA 096340 seriyalı vəsiqədən görünür ki, X3 məcburi köçkün statusuna malikdir. - Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır.Qeyd olunan məhdudiyyət aradan qaldırıldıqda göstərilən məsələ üzrə vəsatətlərə baxılacaqdır. -Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, yaşayış yeri üzrə Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Xocalı rayonlarında, Şuşa şəhərində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması həmin şəhər və rayonlara məskunlaşma başa çatanadək dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınması üçün cavabdeh Qubadlı rayon Polis Şöbəsi müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası DİN - nin 13.11 2020-ci il tarixli, göstərişinin tələblərinə əsasən Respublikanın digər ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin işğaldan yeni azad olunmuş ərazi vahidlərinə ,o cümlədən Qubadlı rayonuna qeydiyyata alınmaları müvəqqəti dayandırılmışdır. Bu səbəbdən Qubadlı rayon ərazi vahidinə qeydiyyata alınması həmin əraziyə məskunlaşma başa çatdıqdan sonra mümkündür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, bu təhlilin nəticəsi olaraq müəyyən edilmişdir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. Yəni iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququnun mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Bu hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Həmin qərarda özbaşına tikiliyə şəxsin köçürülməsinə dair məhkəmə qərarına qiymət verilərkən göstərilmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Hazırkı işin hallarından görünür ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə qeydiyyata alınması üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkəti qanuni hesab edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar