Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3863/2024 24.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: ehtiyatda olan hərbi qulluqçu kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi, müvəqqəti kirayə xərclərin kompensasiyasının ödənilməsi - mənzil kirayə haqqının ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ehtiyatda olan hərbi qulluqçu kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində qeydiyyata götürülməyi və mənzillə təmin olunanadək müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə 24 oktyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş:
1. Azərbaycan Respublikası İ-12652 nömrəli medalın, “Qüsursuz xidmətə görə” medalların vəsiqələrindən görünür ki, İddiaçı “Vətən müharibəsi iştirakçısı”, “Qüsursuz xidmətə görə” 1, 2, və 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.
2. AZ-İ seriyalı, 706091 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı və X2 16 sentyabr 2011-ci il tarixdə nikahlarını bağlamışlar.
3. AO seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı 17 aprel 2003-cü il və 21 avqust 2023-cü il tarixlərdə hərbi qeydiyyata alınmış, 11 sentyabr 2004-cü il tarixdə hərbi qeydiyyatdan çıxarılmışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 fevral 2024-cü il tarixli, 3-17-1/2-C-3677/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq, Mərkəzi Filial tərəfindən İddiaçı 19 avqust 2023-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası 1.036,95 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 19 avqust 2023-cü il tarixdən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 941,94 manat fərq məbləği cari ayda pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür.
5. Daşınmaz əmlakın dövlət reyestrindən 19 fevral 2024-cü il tarixli, 01/2060 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarına, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur.
6. Azərbaycan Respublikası Cavabdeh 28 fevral 2024-cü il tarixli, 5-49/2-C- 9-25-1/2024 nömrəli məktubundan görünür ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində və Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında öz əksini tapmışdır. Həmin qanun və qərarda yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulduğu üçün digər əsaslarla ehtiyata və istefaya buraxılmış yuxarıda qeyd edilən kateqoriyadan olan hərbi qulluqçulara sözügedən kompensasiyanın ödənilməsi qanunvericiliyin tələblərinə uyğun gəlmir.
7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 mart 2024-cü il tarixli “Vətəndaşın həqiqi xidmət keçməsinə dair” Elektron arayışdan görünür ki, İddiaçı 10 oktyabr 2001-ci il – 3 aprel 2003, 11 sentyabr 2004-cü il – 12 iyun 2023-cü il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir.
8. 25 sentyabr 2024-cü il tarixli “Pensiya haqqında arayış”dan görünür ki, İddiaçı 15 sentyabr 2023-cü il tarixdə yaşa görə pensiya təyin olunmuşdur.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:
9. Azərbaycan Respublikası Cavabdeh 4 sentyabr 2024-cü il tarixli, 5-49/2- 506/2024 nömrəli məktubu ilə Xaçmaz rayonu üzrə ehtiyatda olan hərbi qulluqçulara kirayə pulunun verilməsi ilə bağlı oxşar təcrübəyə dair məlumat göndərilmişdir. Həmin məlumatlardan görünür ki, digər şəxslərə “Xəstəliyə görə”, “Xidməti uyğunsuzluğa görə”, “Yaşa görə”, “Xidmət müddəti başa çatdığına görə”, “Məhkəmənin qərarı ilə” ehtiyata buraxılma səbəbləri ilə kirayə pulu verilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quru Qoşunlarının baş gizir rütbəsində ehtiyatda olan hərbi qulluqçu kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində qeydiyyata götürülməyi və mənzillə təmin olunanadək müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Quru qoşunlarının baş gizir rütbəsində ehtiyyatda olan hərbi qulluqçu kimi xidmət etmişdir. Lakin uzun müddət xidmət aparmağına baxmayaraq, cavabdehə bu məsələ ilə bağlı rəsmi qaydada müraciət edilmişdir, cavabdeh orqan imtina etmişdir (§6). Halbuki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ İdarələrinin arxiv məlumatlarına, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumatın olmaması ilə bağlı rəsmi məlumat əldə etmişdir.
12. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 34, 45-47 maddələrinə istinad olunmuşdur.
13. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri
15. Cavabdehin 4 iyun 2024-cü il tarixli, 5-49/2-229/2024 nömrəli məktubundan görünür ki, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycvan Respublikası Qanununun 12-ci maddəsində və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarında yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Digər əsaslarla ehtiyata və istefaya buraxılmış yuxarıda qeyd edilən kateqoriyadan olan hərbi qulluqçulara sözügedən kompensasiyanın ödənilməsi qanunvericiliyinin tələblərinə uyğun gəlmir.
Tərəflərin iştirakı və izahatları:
16. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, xidmət müddətin başa çatdığı üçün tərxis olunduğunu, ətraf rayonlarda ehtiyatda olan hərbi qulluqçulara kirayə pulunun verilməsi bildirmiş, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazını müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
19. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
20. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
23. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ (-)
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
3. İstər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilir. (-) 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər.
6. Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər.
7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). (-) Müddətli xidmət hərbi qulluqçularının hərbi xidmətə çağırılanadək yaşadıqları mənzil saxlanılır və onlar mənzil almaq üçün növbəyə dayananların siyahısından çıxarıla bilməzlər. Müddətli xidmət hərbi qulluqçularının ailəsi yaşadığı mənzilin haqqını 50 faiz güzəştlə ödəyir.
10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.
24. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı:
“...3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin.”
31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
c) Məhkəmənin mövqeyi:
32. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur.
33. İddiaçının hazırki iş üzrə məhkəməyə müraciət etməsinin səbəbi Quru Qoşunlarının baş gizir rütbəsində ehtiyatda olan hərbi qulluqçu kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində qeydiyyata götürülməsi və mənzillə təmin olunanadək müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi ilə bağlı olmuşdur.
34. Cavabdeh tərəf “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycvan Respublikası Qanununun 12-ci maddəsi və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarına istinad edərək iddia tələbinin təmin edilməməşsini xahiş etmişdir.
35. İş materialında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı 17 aprel 2003-cü il və 21 avqust 2023-cü il tarixlərdə hərbi qeydiyyata alınmış, 11 sentyabr 2004-cü il tarixdə hərbi qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 mart 2024-cü il tarixli “Vətəndaşın həqiqi xidmət keçməsinə dair” Elektron arayışdan görünür ki, İddiaçı 10 oktyabr 2001-ci il - 3 aprel 2003, 11 sentyabr 2004-cü il - 12 iyun 2023-cü il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir.
36. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı “Qüsursuz xidmətə görə” medalların vəsiqələrindən görünür ki, İddiaçı “Vətən müharibəsi iştirakçısı”, “Qüsursuz xidmətə görə” 1, 2, və 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.
37. İddiaçının Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarına, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat mövcud deyildir. Nikah haqqında şəhadətnamə”dən görünür ki, iddiaçı X2 16 sentyabr 2011-ci il tarixində nikaha daxil olmuşdur.
38. Bundan əlavə, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məktubundan görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq, Mərkəzi Filial tərəfindən iddiaçıya 19 avqust 2023-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası 1.036,95 manat məbləğində müəyyən edilmiş, eyni zamanda, 19 avqust 2023-cü il tarixdən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 941,94 manat fərq məbləği cari ayda pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2-1(102)-1542/202 saylı qərarında qeyd olunmuşdur ki, “25. Cavabdehin həm imtinasının, həm də şikayətinin əsas dəlili ondan ibarətdir ki, yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. 26. Bu dəlilin əsası kimi cavabdeh «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-cı bəndinə istinad edir. Həmin normaya görə, “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. 27. Məhkəmə kollegiyası cavabdehin istinadını apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və həmin qərarla təmin edilmiş iddia tələbinin rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin yuxarıda istinad edilən 2-ci bəndinin 1-ci abzasının tələbindən də göründüyü kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. 28. İddiaçının apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilən məzmunda tələb hüququ da məhz “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasının tələbindən irəli gəlir. 29. Normaların məzmunundan göründüyü kimi, cavabdehin istinad etdiyi «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-cı bəndi iddiaçının həmin maddənin 2-ci bəndi ilə nəzərdə tutulmuş hüquqlarına təsir etmir.”
40. Məhkəmə prosesi gedişində iddiaçı vəsatət ilə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçulara kirayə pulunun verilməsi ilə bağlı oxşar təcrübəyə ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi üçün sorğu verilməsini xahiş etmişdir.
41. İşin obyektiv və tam araşdırılması məqsədi ilə, ehtiyatda olan hərbi qulluqçulara kirayə pulunun verilməsi ilə bağlı oxşar təcrübənin olub-olmamasına dair cavabdeh orqana müvafiq sorğu ilə müraciət edilmişdir. Sorğuya münasibətdə cavabdeh tərəfindən Xaçmaz rayonu üzrə ehtiyatda olan hərbi qulluqçulara kirayə pulunun verilməsi ilə bağlı oxşar təcrübəyə dair məlumat göndərilmişdir. Həmin məlumatlardan görünür ki, digər şəxslərə “Xəstəliyə görə”, “Xidməti uyğunsuzluğa görə”, “Yaşa görə”, “Xidmət müddəti başa çatdığına görə”, “Məhkəmənin qərarı ilə” ehtiyata buraxılma səbəbləri ilə kirayə pulu verilmişdir.
42. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya məxsus heç bir daşınmaz əmlak mövcud deyildir. Ailəlidir, xüsusilə də Vətən müharibəsi iştirakçısı olmuşdur. Eyni zamanda, cavabdeh orqanın təcrübəsində də oxşar münasibətlər mövcuddur.
43. Məhkəmə, tərəflərin iddia tələbinə dair mövqelərini iş materialına əlavə edilmiş sənədlər, mövcud qanunvericiliyin normaları əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
44. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək mənzil kirayə haqqının ödənilməsi (müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi) öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova