Məhkəmə qərarları › İş №2-1(118)-3865/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3865/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3865/2025 30.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2nə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********284100 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 iddiaçı "xxxx" MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********284100 nömrəli qərar qəbul etmişdir. İddiaçı qərardan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati şikayətlər vermişdir. xx.xx.2024-cü il tarixli **********094100 nömrəli qərarla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şikayətləri təmin etməmişdir. Ümumən iddiaçının şikayətindəki arqumentlərinə adekvat münasibət bildirilməmiş, qərardakı mövqe təkrarlanmışdır. İddiaçının 2023-cü il ərzində dövriyyəsi tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilmiş 2023-cü il üçün mənfəət vergi bəyannaməsində göstərildiyi kimi 123300,00 manat təşkil etmişdir. xx.xx.2023 tarixindən xx.xx.2023-cü il tarixinədək uçot-baza məlumatlarında da, göründüyü kimi tərəfindən təqdim edilmiş e-qaimələrin cəmi 123300,00 manat təşkil etmişdir. İddiaçının dövriyyəsidən də göründüyü kimi Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən iddiaçının mikro sahibkarlıq subyekti olduğu üçün fəaliyyətindən əldə etdiyi mənfəətdən hesablanmış mənfəət vergisi məbləğinin 75 faizi vergiyə cəlb edilmir. İddiaçının təqdim etdiyi mənfəət vergi bəyannaməsinin 200-cü sətrində 123300 manat dövriyyə göstərilmişdir, bəyannamənin xərclər hissəsində 236-cı sətrdə isə ümumi gəlirdən çıxılan xərclər qismində 2000 manat xərc qeyd edilmişdir. Qeyd olunanlara əsaslanaraq Vergi Məcəlləsinə əsasən iddiaçının təqdim etdiyi bəyannamədə 6065 manat vergi məbləği hesablanmışdır. Bu barədə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində **********949400 bildiriş nömrəli mənfəət vergi bəyannaməsi təqdim edilmişdir. Lakin qərarda tərəfimizdən bəyannamə təqdim edilmədiyi qeyd edilib. Göstərilən səbəblərə əsasən iddiaçı cavabdehin qərarını əsassız və qanunsuz hesab edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə istinad olunmuşdur.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki iddiaçı xx.xx.2024cü il tarixli **********284100 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın mübahisələndirmə müddətini, yəni iddia müddətini buraxmışdır. Bu barədə cavabdeh vəsatəti Sumqayıt İnzibati Məhkəməsinə təqdim etmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2023-cü il ərzində elektron qaimə faktura əsasında 123300,0 manat dəyərində qonaqlama xidməti göstərildiyi və elektron-qaimə faktura əsasında 2000,0 manat dəyərində hüquq xidməti əldə edildiyi müəyyən edilmişdir. Həmçinin müvafiq dövr üzrə bank xərcləri 208,35 manat, nağdlaşdırma üzrə xərclər isə 400,0 manat olmuşdur. Lakin, Cəmiyyət tərəfindən müvafiq vergi bəyannaməsi təqdim edilməmişdir. Bu da dövriyyənin gizlədilməsi yolu ilə vergidənyayınma riski kimi qiymətləndirilmişdir. Bununla bağlı, vergi orqanı tərəfindən cəmiyyətə “aşkar edilmiş kənarlaşma haqqında” xx.xx.2024-cü il tarixli **********726800 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üçün 24138,33 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********393100 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə hesablama metodu tətbiq edilməklə, ümumi gəlirləri 123300,00 manat, ümumi gəlirdən çıxılan xərcləri 2000,0 manat, 75 faiz güzəşt tətbiq edilməklə ümumilikdə 6065,0 manat vergi məbləği göstərilməklə 2023-cü il üçün cari gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2023-cü il üçün cari Gəlir vergisi bəyannaməsinə güzəşt silinərək, 18073,33 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2024-cü il tarixli **********284100 nömrəli “Vergilərin, sosial ığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət yuxarı vergi orqanına ünvanladığı müraciətlərində 2023-cü il ərzində 123300,0 manat dəyərində elektron qaimə-fakturalar təqdim etdiyini, 75 faiz güzəşt hüququndan istifadə edərək 6065,0 manat vergi öhdəliyinin olduğunu bildirmiş və əlavə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Belə ki, Vergi Məcəlləsinin 106.1.20-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətinin 75 faizi mənfəət vergisindən azaddır. Lakin ödəyici xərcinin uçotunu tam aparmadığından bu hüquqdan yaralana bilməmişdir. Belə ki, kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən 2023-cü ildə 123300,0 manat dəyərində “gecələmə və gündə üç dəfə qidalanma ilə istirahətin təşkili” adlı xidmət göstərildiyi müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə vergi bəyannaməsi təqdim edilməmişdir. Göstərilən xidmətlər 2023-cü ildə bank hesabına 123300,0 manat vəsait daxil olmuş, həmçinin daxil olmuş vəsaitin 40000,0 manat hissəsi təsərrüfat xərci təyinatı ilə məxaric edilmişdir. xx.xx.2023-cü il tarixli EBDC seriyalı 357658 nömrəli elektron qaimə üzrə 1176 nəfər, xx.xx.2023-cü il tarixli EBDK seriyalı 340250 nömrəli elektron qaimə üzrə 468 nəfərə xidmət göstərilməsinə (qidalanmanın daxil olması nəzərə alınmaqla) və bank hesabından təsərrüfat xərci təyinatı ilə məxaric əməliyyatının olmasına baxmayaraq, vergi ödəyicisinin müvafiq dövr üzrə əmək müqaviləli işçiləri və xərc sənədləri olmadığı üçün Vergi Məcəlləsinin 106.1.20.-ci maddəsində qeyd edilən güzəşt hüququ nəzərə alınmadan təsdiqlənən xx.xx.2024-cü il tarixli **********726800 nömrəli kənarlaşmaya dair məktub göndərilməklə 24138,33 manat ((Gəlir 123300,0 – Xərc 2608,35) *20%) əlavə vergi məbləği hesablanaraq, xx.xx.2024-cü il tarixli **********393100 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisi tərəfindən kameral hesablamanın azaldılması ilə bağlı vergi orqanına ünvanlanan müraciətlərə cavab olaraq göstərilmiş xidmətlər üzrə xərc sənədlərinin təqdim edilməsi tələb edilsə də, eyni zamanda vergi ödəyicisinin təqdim etdiyi izahata əsasən tərtib edilmiş elektron qaimənin məzmununda “3 dəfə qidalanma ilə” hissəsinin səhv qeyd edildiyi və bununla bağlı təsdiqedici sənədlərin şikayətə əlavə ediləcəyi bildirilsə də heç bir sənəd təqdim edilməmişdir. Həmçinin araşdırma zamanı hüquqi şəxsin rəhbəri X3 məxsus daha dörd hüquqi şəxs üzrə ("xxxx" MMC – **********; “X13” MMC – **********; “X11” MMC – **********; “X10” MMC – **********) və 1 nəfər fiziki şəxs üzrə (X8 oglu – **********) VÖENlərin olduğu müəyyən edilmişdir. Əlavə olaraq, vergi ödəyicisinin qeydiyyatda olan ünvan 1yeri kəndi ünvanında yerləşən ümumi sahəsi 7023,3 kv metr olan (icarəyə götürülən 600 m2) təsərrüfat subyekti 2023-2024-cü illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) - rəhbər X4, "X13" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) rəhbər X4, "X10" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) - rəhbər X4, “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) - rəhbər X4, X4 (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) – rəhbər X5, "X12" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) - rəhbər X1, X2 (VÖEN:**********), X5 (VÖEN: **********) (obyekt sahibi) adlı vergi ödəyiciləri tərəfindən icarəyə götürülmüşdür. Qeyd olunanlar vergi ödəyicisi tərəfindən (MMC-nin rəhbəri həm də fiziki şəxs X4) göstərilən xidmətlər üzrə dövriyyələrin özünə və ailə üzvlərinə məxsus birdən artıq VÖEN-lər üzrə bölüşdürməklə həm Vergi Məcəlləsinin 155-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmaqdan yayınma, həm də Vergi Məcəlləsinin 106.1.20 və 102.1.30-cu maddələrində nəzərdə tutulan güzəşt hüququndan istifadə etməklə ödənilməli vergi məbləğinin azaldılması məqsədilə vergidənyayınma sxemi qurulmuşdur. Qeyd edilənlərdən göründüyü kimi eyni şəxs tərəfindən ailə üzvlərinə məxsus VÖEN-lər altında fəaliyyət göstərməklə məqsədi vergi üstünlüyü əldə etmək üçün vergidənyayınma sxemi qurmaq olmuşdur.

Tərəflərin iştirakı və izahatları

5. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianin təmin olunmasını məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********393100 nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il üçün mənfəət vergisi üzrə 24138,33 manat məbləğində vergi məbləği hesablanmışdır.

8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********284100 nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il üçün mənfəət vergisi üzrə 24138,33 manat məbləğində vergi məbləği hesablanmışdır.

9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********089900 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarına əsasən İddiaçı şikayətləri təmin edilməmiş və 3 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********284100 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, aşkar edilmiş kənarlaşma haqqında məktubunda qeyd edilmişdir ki, fəaliyyət üzrə aparılmış araşdırma zamanı 2023cü il tarixində elektron qaimə faktura əsasında 123300 manat dəyərində qonaqlama xidməti göstərildiyi və elektron qaimə əsasında 2000 manat dəyərində hüquq xidməti əldə edildiyi müəyyən edilmişdir. Həmçinin müvafiq dövr üzrə bank xərcləri 208.35 manat, nağdlaşdırma üzrə xərclər isə 400 manat olmuşdur. Lakin tərəfinizdən müvafiq vergi bəyannaməsi təqdim edilməmişdir. Bu da dövriyyənin gizlədilməsi yolu ilə vergidənyayınma riski kimi qiymətləndirilir. Qeyd olunanlara əsaslanaraq, 2023-cü il üzrə gəlir-xərc əsasında (123300- 6208.35)*20%=24138.33 manat vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün kənarlaşma aradan qaldırılmaqla müvafiq dövr üzrə mənfəət vergisi bəyannaməsinin və (və ya) yazılı izahatın (zəruri hallarda təsdiqedici sənədlər əlavə olunmaqla) 5 (beş) iş günü ərzində vergi orqanına təqdim olunması tələb olunur.

11. Məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba xx.xx.2024-cü il tarixli, **********284100 nömrəli qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.

13. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

14. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.Yəni, bu iddianın xüsusi mümkünlük şərti iddianın prosessual müddətə cavab verməklə qərarın təqdim edilməsi tarixindən 30 gün ərzində mübahisələndirilməsidir. Eyni zamanda yuxarı inzibati orqana şikayət verildiyi təqdirdə həmin müddət şikayət üzrə qəbul edilən qərar şikayətçiyə təqdim edilənədək dayandırılır. Belə ki, mübahisəli qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və şikayət instansiyasının qərarı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət edilmişdir.

b) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyasının: 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 24.1.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 24.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 67.8-ci maddəsinə əsasən bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 106.1-ci maddəsinə əsasən vergidən azaddır: 106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.2-ci maddəsinə əsasən iddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər. 70.3-cü maddəsinə əsasən İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

c) Məhkəmənin mövqeyi

20. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

21. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********284100 nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il üçün mənfəət vergisi üzrə 24138,33 manat məbləğində vergi məbləği hesablanmışdır. İddiaçı həmin qərardan yuxarı inzibati orqana şikayət vermiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********089900 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarına əsasən İddiaçı şikayətləri təmin edilməmiş və 3 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********284100 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

22. Həmin qərarla razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək qeyd etmişdir ki, vergi orqanı tərəfindən iddiaçıya Vergi Məcəlləsinin 106.1.20-cu maddəsində nəzərdə tutulmuş 75 faiz güzəşt tətbiq edilməmişdir.

23. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, araşdırma zamanı hüquqi şəxsin rəhbəri X3 məxsus daha dörd hüquqi şəxs üzrə ("xxxx" MMC – **********; “X13” MMC – **********; “X11” MMC – **********; “X10” MMC – **********) və 1 nəfər fiziki şəxs üzrə (X8 oglu – **********) VÖEN-lərin olduğu müəyyən edilmişdir. Əlavə olaraq, vergi ödəyicisinin qeydiyyatda olan ünvan 1yeri kəndi ünvanında yerləşən ümumi sahəsi 7023,3 kv metr olan (icarəyə götürülən 600 m2) təsərrüfat subyekti 2023- 2024-cü illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) - rəhbər X4, "X13" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) - rəhbər X4, "X10" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) - rəhbər X4, “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) - rəhbər X4, X4 (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) – rəhbər X5, "X12" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) rəhbər X1, X2 (VÖEN:**********), X5 (VÖEN: **********) (obyekt sahibi) adlı vergi ödəyiciləri tərəfindən icarəyə götürülmüşdür. Qeyd olunanlar vergi ödəyicisi tərəfindən (MMC-nin rəhbəri həm də fiziki şəxs X4) göstərilən xidmətlər üzrə dövriyyələrin özünə və ailə üzvlərinə məxsus birdən artıq VÖEN-lər üzrə bölüşdürməklə həm Vergi Məcəlləsinin 155ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmaqdan yayınma, həm də Vergi Məcəlləsinin 106.1.20 və 102.1.30-cu maddələrində nəzərdə tutulan güzəşt hüququndan istifadə etməklə ödənilməli vergi məbləğinin azaldılması məqsədilə vergidənyayınma sxemi qurulmuşdur.

24. Cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək üçün vergidən yayınma sxemi əsasında gəlirlərini azaltması ilə bağlı cavabdeh inzibati orqanın dəlilləri əsaslı hesab edilə bilməz. Hər bir hüquqi şəxs müstəqil sahibkar kimi qeydiyyata alınaraq onların fəaliyyəti mikro sahibkarlıq meyarlarına uyğundursa, mühasibat uçotu ayrılıqda aparılmışdırsa, o zaman vergi orqanı qanunvericilikdə nəzərdə tutulmayan məhdudiyyəti tətbiq edə bilməz. Həmin hüquqi şəxslərin eyni ünvanda qeydiyyatda olmaqla fəaliyyət göstərmələri hüquq pozuntusu yaratmır və bu hal vergi öhdəliyindən yayınma hesab edilərək vergidən yayınma sxemi kimi qiymətləndirilə bilməz.

25. Vergi orqanı hesab etmişdir ki, fəaliyyət süni şəkildə bölünmüş və əsas məqsəd vergi məbləğinin azaldılması olmuşdur. Qeyd olunan nəticəyə gələrkən vergi orqanı tərəfindən həmin hüquqi şəxslərin faktiki olaraq eyni şəxs tərəfindən idarə edilməsi və s. hallar sübuta yetirilmədən vergi ödəyicinə 75 faiz güzəştin tətbiq edilməsindən imtina edilmişdir.

26. Məhkəmə hesab edir ki, göstərilən fəaliyyətin eyni iş və ya xidmət olmamasına dair hallar cavabdeh qurum tərəfindən nəzərdən keçirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün göstərdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Eləcə də, İnzibati icraat haqqında Qanunun 21.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmə imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Konkret halda, bu hüquq özünü məsuliyyətə cəlb etmə haqqında qərarda vergi ödəyicisinin dəlillərin yoxlanılmasının nəticələrinin göstərilməsində ifadə olunur.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, Vergi qanunvericiliyi ilə qanunvericinin hüquq pozuntusu kimi qəbul etdiyi əməllərin xarakteri, cəzalandırılan və cəzalandırılmayan əməllərin arasındakı sərhəd dəqiq müəyyən edilməlidir ki, bu məsələ hər hansı hüquq tətbiqedicinin subyektiv mülahizəsinə, o cümlədən vergi orqanı vəzifəli şəxsinin mülahizəsinə buraxılmasın. Vergi pozuntuları tərkiblərinin qeyri-müəyyənliyi hüquq məsuliyyətinin əsas prinsipi olan qanunçuluq prinsipinə ziddir.

28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2nin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********284100 nömrəli qərarı ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

29. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. X2nin “vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********284100 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar