Məhkəmə qərarları › İş №2-1(118)-387/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-387/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-387/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı qızı və vəkili X8 oğlunun iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Fərdi yaşayış evinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan 1317 kv.m (0.1317 ha) torpaq sahəsindən 200.0 kv.m (0.02 ha) hissəsi çıxılmaqla, yerdə qalan Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.1117 ha (1117.0 kv.metr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və olçüsünün ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək fərdi yaşayış evinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan 1317 kv.m (0.1317 ha) torpaq sahəsindən 200.0 kv.m (0.02 ha) hissəsi çıxılmaqla, yerdə qalan Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.1117 ha (1117.0 kv.metr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi və evin həyətyanı 0.12 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı və ailə üzvləri həmin evdə daimi yaşamaqla orada daimi qeydiyyatdadır. Məlumat üçün bildirir ki, sözügedən yaşayış evi 1970-ci ildə keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı tərəfindən ərizəyə əlavə edilmiş müqavilə əsasında iddiaçıya verilmiş, həmin yaşayış evi və həyətyanı torpaq sahəsinə dair iddiaçı adına keçmiş texniki inventarlaşdırma bürosu tərəfindən 1988-ci il tarixdə texniki pasport verilmişdir (əlavə edilir). Həmin fərdi yaşayış evi köhnə, istifadəyə yararsız olduğundan sökülmüş və yerində yenisi inşa edilmişdir. Həmin evin və torpağın qeydiyyatı ilə əlaqədar idarəyə müraciət etdikdə, ilk öncə torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı, bundan sonra yeni inşa edilmiş fərdi yaşayış evinin qeydiyyata alınmalı olduğu bildirilmişdir. Bununla əlaqədar olaraq, yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi barədə notarial təsdiq edilmiş ərizə (əlavə edilir) iddiaçıdan tələb edilmişdir. Bundan sonra, ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi və evin həyətyanı 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar 14 avqust 2020-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq ********** nömrə ilə qeydiyyata alınmış və 17 sentyabr 2020-ci il tarixli, **********90 saylı məktubla müraciətinin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. İdarənin imtinada bir dəlili “fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi” olmuşdur. Bununla bağlı bildirir ki, fərdi yaşayış evi və torpaq sahəsi iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı ilə iddiaçı arasında bağlanılmış müqavilə əsasında iddiaçının qanuni istifadəsinə verilmiş və müvafiq sənədlərlə, habelə texniki pasportla rəsmiləşdirilmişdir. Eyni zamanda həmin torpaq sahələri ev tikintisi üçün ayrılmış və qonşu torpaq sahələri eyni iddiaçının sənədləri əsasında torpaqlarını özəlləşdirmişlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Bundan başqa, iddiaçının qonşuları eyni onda olan sənədlər əsasında torpaqlarını qeydiyyata alıdırmışlar. Belə olan halda, qeydiyyat orqanı tərəfindən imtina edilməsi ümumiyyətlə mümkünsüzdür. İnzibati icraat haqqında Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə tmək və onun barəsində sərəncam vermək hüquqlarmdan ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının tərəfdar çıxrığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəlləinn 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakiimyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasmda hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmişdir. Həmin siyahının 1.11 -ci yarımbəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahının 2.5-ci yarımbəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İdarənin imtinada göstərilən digər dəlili ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmaması və fərdi evin yerləşdiyi faktiki (1317 kv.m) torpaq sahəsinin 200 kv.m hissəsinin **********07-10301 reyestr nömrəsi ilə başqa şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur. İddiaçı hesab edir ki, idarənin hazırki dəlilləri ümumiyyətlə absurddur. Belə ki, ona məxsus evin ünvanı H.Aslanov küçəsi 8-dir və əlavə edilmiş texniki pasportda ev və torpaq sahəsi haqqında bütün məlumatlar göstərilib. Habelə, idarə iddiaçının qonşusu X5 məxsus fərdi yaşayış evinə dair texniki pasport tərtib edərkən səhvə yol vermişdir. Hazırda təkrar inventarlaşdırma işləri aparmaqla müvafiq düzəliş oluna bilər. Qeyd olunan normaların tələbinə əsasən torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Belə ki, iddiaçı həmin torpaqdan və fərdi yaşayış evindən qanuni istifadə edir. Çünki həmin torpaq və üzərindəki ev iddiaçının mülkiyyətində olub, həmin əmlakı qanuni əsaslarla əldə etmişdir, həmin torpaq sahəsi də iddiaçının həyətyanı sahəsi olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı və vəkili X8 oğlu iştirak etmişdir. İddiaçının nümayəndəsi və vəkili X8 oğlu iddia ərizəsinə uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, fərdi evin yerləşdiyi faktiki torpaq sahəsinin 200 kv.m hissəsinin başqa şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı cavabdehin etirazı olduğu üçün iddia tələbini azaltmışlar, artıq cavabdehin torpaq sahəsinə mülkiyyət sənədi verməsindən imtina üçün əsas qalmamışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili X8 oğlu iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qızıdı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəfilərindən araşdırılması zamanı iddiaçının istifadəsində olan 0.1317 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair 9 inventar nömrəli texniki pasportu, fərdi yaşayış evinə dair kirayə müqaviləsini təqdim etdiyi, lakin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin 4 saylı Abşeron Ərazi İdarəsinə edilən müraciətə əlavə edilmədiyi aşkarlanmışdır. Bundan əlavə olaraq bildirirlər ki, müraciətə əlavə edilmiş İddiaçı verilmiş 9 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Həmçinin müraciət üzrə əlavə olunmuş sənədlərdə göstərilən fərdi yaşayış evi söküldüyündən baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq bildirirlər ki, fərdi yaşayış evinin yerləşdiyi faktiki (1317 kv.m) torpaq sahəsinin 200 kv.m hissəsinin **********07-10301 reyestr nömrəsi ilə başqa şəxsin istifadəsində olan torpaq sahəsilə üst-üstə düşdüyü aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd-əsaslar kimi qəbul edilmişdir. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar, torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin(plan və ölçüsünün) tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qeydiyyat orqanına verilən ərizəyə bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir və həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlə yanaşı tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Mövcud əmlak kompleksi binası tikintisinə icazə tələb olunan tikinti obyekti hesab olunduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2. və 48.3.3.-cü maddələrinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir və layihəçi sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Əsasnaməsinə görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə kiddiaçı iddiasını onunla əsaslandırır ki, ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi və evin həyətyanı 0.12 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı və ailə üzvləri həmin evdə daimi yaşamaqla orada daimi qeydiyyatdadır. Məlumat üçün bildirir ki, sözügedən yaşayış evi 1970-ci ildə keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı tərəfindən ərizəyə əlavə edilmiş müqavilə əsasında iddiaçıya verilmiş, həmin yaşayış evi və həyətyanı torpaq sahəsinə dair iddiaçı adına keçmiş texniki inventarlaşdırma bürosu tərəfindən 1988-ci il tarixdə texniki pasport verilmişdir. Həmin fərdi yaşayış evi köhnə, istifadəyə yararsız olduğundan sökülmüş və yerində yenisi inşa edilmişdir. ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi və evin həyətyanı 0.12 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olması ilə bağlı dəlilini məhkəmə əsaslı hesab etmir. İddiaçı qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı tərəfindən ərizəyə əlavə edilmiş müqavilə əsasında iddiaçıya verilmişdir. Göründüyü kimi kirayə müqaviləsi əsasında iddiaçıya evin verilməsi, həmin evin dövlət mülkiyyətində olmasını göstərir. Torpaq sahəsi ilə bağlı isə yalnız texniki pasportda məlumat vardır. İddiaçının dövlət mülkiyyətində olan əmlakı özəlləşdirmək imkanı olduğu halda, özünün qeyd etdiyi kimi həmin evi söküb səlahiyyətli orqanlardan razılıq almadan yerində yenisini inşa etmişdir. Hazırda isə texniki posportda qeyd edilən torpaq sahəsinin mülkiyyət hüququ əsasında onun adına dövlət reystrində qeydiyyat aparılmasını cavabdehə həvalə edilməsini istəyir. Cavabdeh inzibati orqanın imtina edərək əsas dəlili olaraq göstərir ki, araşdırılma zamanı iddiaçının istifadəsində olan 0.1317 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair 9 inventar nömrəli texniki pasportu, fərdi yaşayış evinə dair kirayə müqaviləsini təqdim etdiyi, lakin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin 4 saylı Abşeron Ərazi İdarəsinə edilən müraciətə əlavə edilmədiyi aşkarlanmışdır. Bundan əlavə müraciətə əlavə edilmiş İddiaçı verilmiş 9 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın digər dəlillərini əsaslı hesab etməsədə, yuxarıda qeyd edilənləri imtina üçün əsas hesab edir. Beləki cavabdeh inzibati orqanın təqdim edilən texniki pasportda qeyd edilmiş torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alması üçün hüquqi əsas mövcud deyil. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin sıyahısına əsasən:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İddiaçı bildirir ki, fərdi yaşayış evi və torpaq sahəsi iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı ilə iddiaçı arasında bağlanılmış müqavilə əsasında iddiaçının qanuni istifadəsinə verilmiş və müvafiq sənədlərlə, habelə texniki pasportla rəsmiləşdirilmişdir. O, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın 1.11 -ci yarımbəndinə əsaslanaraq fərdi yaşayış evinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan 1317 kv.m (0.1317 ha) torpaq sahəsindən 200.0 kv.m (0.02 ha) hissəsi çıxılmaqla, yerdə qalan Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.1117 ha (1117.0 kv.metr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün iddiaçıya verilməsini istəyir. Lakin qeyd edilən siyahının 1.11-ci yarımbəndindən göründüyü kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqmüəyyənedici sənəd kimi müəyyən edilmişdir. İddiaçının istifadəsində olan 0.1317 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə kirayə müqaviləsi əsasında onun istifadəsinə verilmiş, özəlləşdirllməmiş, faktiki olaraqda sökülmüşdür.İddiaçı həmin evi sökən zaman müvafiq səlahiyyətli orqandan icazə almalı, həmin evin özəlləşməsi üçün müvafiq hərəkətlər etməli olduğu halda bunları etməmiş, hazırda texniki pasporta əsalanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyirki, cavabdeh inzibati orqanın mövcuq qanunvericiliyə əsasən belə bir səlahiyyəti müəyyən olunmur və həmin orqan əsaslı olaraq imtina etmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır, iddiaçının hazırda seçdiyi hüquq müdafiə vasitəsi əsaslı hesab oluna bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar