Məhkəmə qərarları › İş №2-1(118)-387/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-387/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-387/2023 22.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2388/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 inzibati işə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron rayonu Fatmayı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli sərəncamına əsasən iddiaçının mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə fərdi yaşayış evi tikmək üçün qanunvericiliyin tələblərinə uyğun olaraq torpağın həmin dövrün bazar qiymətlərinə uyğun dəyəri 840000 manat ödənilməklə (qəbz verilmişdir) alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Bununla bağlı bələdiyyə ilə aralarında Torpağın alqısatqısına dair müqavilə imzalanmışdır. Eyni zamanda keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən 373 nömrəli xx.xx.2004-cü il tarixli məktubunda müvafiq torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 1/660 nömrəli xx.xx.2022-ci il tarixli rəyində torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etmədiyi qeyd edilmişdir. Abşeron rayonu Fatmayı Bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Ərazi İdarəsinin sorğusuna cavab olaraq cavabdehə ünvanladığı 112 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda həqiqətən də qeyd olunan ünvanda fərdi yaşayış evinin tikintisi üçün ona 0,10 ha torpaq sahəsinin ayrıldığı və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasına etiraz etmədiyi qeyd olunmuşdur. Sözügedən torpaq sahəsinin plan-cizgisi və faktiki koordinatları qeyd olunaraq yerquruluşundan çıxarış tərtib edilərək təsdiq edilmişdir. Sözügedən torpaq sahəsinə uzun müddətdir ki, mübahisəsiz olaraq təyinatı üzrə tərəfindən istifadə edilir, vergi və digər ödənişlər vaxtı vaxtından tərəfindən ödənilməklə hal-hazırda da qanuni mülkiyyətindədir. Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə rəsmi qaydada xx.xx.2021-ci il tarixdə ərizə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ona ünvanlanmış 06 yanvar 2022-ci il tarixli, **********66 saylı imtina məktubunda ‘‘Fatmayı Bələdiyyəsi tərəfindən ona ayrılmış 0,10 ha torpaq sahəsinin 07 iyun 2004-cü il tarixdə 05 nömrəli qərarla ayrıldığı halda alqı-satqı aktının və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin əlavə edilmədiyi və təqdim olunmuş təhkim aktının sözügedən qərara aid olmadığının müəyyən edildiyi və qeyd olunan səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyinin aşkar edildiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nm Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyinin və sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluğun olduğu, faktiki torpaq sahəsinin **********37 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsilə üst-üstə düşdüyünün müəyyən edildiyi” əsas gətirilərək ərizənin icrasından imtina edilmiş və imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddiaya uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı: 1.Fatmayı Bələdiyyəsi tərəfindən 0.10 ha torpaq sahəsinin 07 iyun 2004-cü il tarixdə, 05 nömrəli qərarla ayrıldığı halda alqı-satqı aktının ərizəyə əlavə edilmədiyi; 2.Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK- nın Abşeron rayon şöbəsinin möhürü ilə və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi; 3.Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, faktiki torpaq sahəsinin **********37 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları’’nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edək ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalan”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdehin nümayəndəsi və üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Məhkəməyə sorğu əsasında daxil olmuş Abşeron rayonu Fatmayı bələdiyyə sədrinin 07 iyun 2004-cü il tarixli 05 saylı sərəncamından çıxarışdan görünür ki, İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması üçün 0.10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - 02 iyun 2004-cü il tarixli aktdan görünür ki, İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 0.10 ha torpaq sahəsi yerində nişangahlar qoyulduqdan sonra ona təhvil verilmişdir. - 42 saylı, 03 iyun 2004-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Fatmayı bələdiyyəsinin hesabına 840.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 07 iyun 2004-cü il tarixli rəyindən görünür ki, iddiaçıya 0.10 ha torpaq sahəsinin ayrılması qanunamüvafiq hesab edilmişdir. - Abşeron rayonu Fatmayı bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş yeruquluşu planından çıxarışdan görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır və onuna adına yeruquluşu planından çıxarış tərtib edilmişdir. - “Torpaqların alqı-satqısı”na dair 05 saylı, 18 may 2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Fatmayı bələdiyyəsinin 07 iyun 2004-cü il tarixli, 13 saylı qərarı ilə ona ayrılmış torpaq sahəsi Abşeron rayonu Fatmayı bələdiyyəsinin hesabına 840000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Abşeron rayon İcra Hakimiyyətinin 660 saylı, 20 aprel 2022-ci il tarixli rəyindən görünür ki, iddiaçıya 0.10 ha torpaq sahəsinin ayrılması qanunamüvafiq hesab edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 19 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində xx.xx.2013-cü il tarixli, **********37-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X2 adına olan fərdi yaşayış evinin texniki pasportuna xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə faktiki yerləşmə vəziyyətinə uyğun olaraq cari dəyişiklik edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçının Abşeron rayonu Fatmayı bələdiyyəsinin 05 saylı, 07 iyun 2004-cü il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu Fatmayı bələdiyyəsinin 07 iyun 2004-cü il tarixli, 05 saylı qərarı ilə İddiaçı Abşeron rayonu Fatmayı bələdiyyəsinin alqı-satqı predmeti olan Abşeron rayonu, Fatmayı bələdiyyəsi ərazisindəki torpaq sahəsindən 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 07 iyun 2004-cü il tarixli rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəfindən 03 iyun 2004-cü il tarixdə, mübahisəli torpaq sahəsinin ona satılması müqabilində 840000 (səkkiz yüz qırx min) manat məbləğində pul Abşeron rayonu Fatmayı bələdiyyəsinin hesabına ödənilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müvafiq rəyi, torpaqların alqı-satqısına dair akt, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 06 yanvar 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi:

1. Fatmayı Bələdiyyəsi tərəfindən 0.10 ha torpaq sahəsinin 07 iyun 2004-cü il tarixdə, 05 nömrəli qərarla ayrıldığı halda alqı-satqı aktının və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırki ərizəyə əlavə edilmədiyini;

2. Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin ycrquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK- nın Abşeron rayon şöbəsinin möhürü ilə və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq etmədiyi;

3. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, faktiki torpaq sahəsinin **********37 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsilə üst-üstə düşdüyünü göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası və dəlilləri əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Abşeron rayonu Fatmayı bələdiyyəsinin 05 saylı, 07 iyun 2004-cü il tarixli qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 07 iyun 2004-cü il il tarixli və Abşeron rayon İcra Hakimiyyətinin 660 saylı, 20 aprel 2022-ci il tarixli rəyləri ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 07 iyun 2004-cü ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Torpaq sahəsinə alqı-satqı aktının sonradan tərtib olunması həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Çünki sözügedən torpaq sahəsi ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmış və eyni zamanda iddiaçı tərəfindən bələdiyyənin hesabına 840000 (səkkiz yüz qırx min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 840000 (səkkiz yüz qırx min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Abşeron rayon Qobu bələdiyyəsinin 07 iyun 2004-cü il tarixli, 05 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli inzibati orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan inzibati orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin ilkin dəlillərinə münasibətdə bildirir ki, müvafiq bələdiyyə qərarı məhkəmə tərəfindən sorğu əsasında əldə edilmişdir və Abşeron rayon İcra Hakimiyyətinin 660 saylı, 20 aprel 2022-ci il tarixli rəyi ilə də iddiaçıya torpaq ayrılmasına etiraz edilməmişdir. Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən rəyin sonradan verilməsi isə iddiaçının məsuliyyətinə səbəb ola, vətəndaşın ziyanına şərh oluna və ya ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz və qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinanın digər bir əsası kimi isə Abşeron rayonu Fatmayı bələdiyyəsinin yeruquruluşu planından çıxarışın qanunavümafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilməməsini göstərmişdir. Məhkəmə qeyd olunan dəlilə münasibətdə bildirir ki, tərtib edilmiş yerquruluşu planından çıxarış Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri və Fatmayı bələdiyyəsinin sədri tərəfindən imzalanmış və möhürlənmişdir. Çıxarışın ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə təsdiq edilməməsi iddiaçının mülkiyyət hüquqlarınının məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə cavabdeh orqanın sonuncu, yəni sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, faktiki torpaq sahəsinin **********37 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsilə üst-üstə düşməsi dəlilinə münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, məhkəmə tərəfindən qeyd olunan halın inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi üçün cavabdeh orqana sorğu ünvanlanmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş 13 aprel 2023-cü il tarixli mütəxəssis rəyində, mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışla X3 məxsus torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarının “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışla X3 məxsus torpaq sahəsinin koordinatları ilə tam üst-üstə düşdüyü qeyd edilmişdir. Daha sonra məhkəmə cavabdeh inzibati orqana X3 məxsus torpaq sahəsinin korodinatlarının məhkəmə icraatının gedişatında dəyişdirilib-dəyişdirilməməsinin müəyyən edilməsini müəyyənləşdirmək məqsədilə sorğu ünvanlamışdır. Cavabdeh orqanın 19 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində xx.xx.2013-cü il tarixli, **********37-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X2 adına olan fərdi yaşayış evinin texniki pasportuna xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə faktiki yerləşmə vəziyyətinə uyğun olaraq cari dəyişiklik edilmişdir. Belə olan halda isə iddiaçının torpaq sahəsi ilə üçüncü şəxs X2 torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi halı aradan qalxmış olur. Göründüyü kimi cavabdeh orqan özü cavab məktubu ilə imtinasının əsaslarından biri kimi göstərdiyi dəlilin aradan qaldırıldığını bildirmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar