Məhkəmə qərarları › İş №2-1(118)-3881/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3881/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3881/2024 03.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X2 xx.xx.2001-ci il tarixli, 10 saylı Qərarına əsasən ünvan 1 ünvanında yerləşən 0.13 ha torpaq sahəsi və bu torpaq sahəsində inşa edilmiş, **********60-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2001-ci il tarixli, 10 saylı Qərarına əsasən ünvan 1 ünvanında yerləşən 0.13 ha torpaq sahəsi və bu torpaq sahəsində inşa edilmiş, **********60-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.17 ha torpaq sahəsi X2 xx.xx.2001-ci il tarixli, 10 saylı Qərarına əsasən iddiaçıya ayrılmışdır. Sözügedən qərara əsasən ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair iddiaçının adına “X1, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi” tərəfindən 24032 qeydiyyat, 304 inventar nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Daha sonra qeyd olunan qeydiyyat vəsiqəsi əsasında iddiaçının adına ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən **********60-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə X2 xx.xx.2001ci il tarixli, 10 saylı Qərarı ilə ayrılmış 0,17 ha (faktiki olaraq 0,13 ha) torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı ərizə ilə müracət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********76 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edilir ki, cavabdehin qeyd olunan imtina ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Torpaq sahəsinin X3 ərazisində yerləşməsinə baxmayaraq Bilgəh Bələdiyyəsi tərəfindən ayrıldığı yanlış əsasdır. Bilgəh Bələdiyyəsi öz mülkiyyətinə verilmiş ərazi olmadığı halda torpaq sahəsi ayırmazdı və “X1, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” tərəfindən Bilgəh Bələdiyyəsinin müvafiq qərarına əsasən bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi və texniki pasport verilməzdi, bu qərar və qeydiyyat vəsiqəsi mübahisələndirilər və ya ləğv edilərdi. Əksinə, bu qeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Əlavə olaraq qonşuluqda yerləşən torpaq sahələrinin bir çoxu məhz Bilgəh Bələdiyyəsinin qərarlarına əsasən ayrılmışdır. Torpaq sahəsinə dair hüqumüəyyənedici sənədlərin təqdim edilməməsi də tam əsassız bir imtinadır. Belə ki, bu iddia ilə torpaq sahəsinin bələdiyyə tərəfindən normadan artıq ayrılması və torpaq sahəsinin sovxoz ərazisi olması, lakin torpaq sahəsinin Bilgəh Bələdiyyəsi tərəfindən ayrılması barədə qeydlərlə tam ziddiyyət və uyğunsuzluq təşkil edir. Bundan başqa torpaq sahəsinin Bilgəh Bələdiyyəsinin xx.xx.2001ci il tarixli, 10 saylı Qərarına əsasən ayrılmasını cavabdeh inzibati orqan özü təsdiq edir. Qeyd olunan qərarın əsli və digər sənədlər cavabdeh inzibati orqanın arxiv əsaslarında saxlanılmalıdır və iddiaçıda ola bilməz. Torpaq sahəsinin normadan artıq ayrılması qanunazidd hal kimi qeyd edilsə də cavabdehin hüquqi varisi olduğu qurum tərəfindən bu qərara əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi verilmişdir. Bundan başqa Bilgəh Bələdiyyəsi tərəfindən 0,10-0.40 ha torpaq sahələrinə dair qərarlar verilmiş, həmin qərarlar əsasında qeydiyyat vəsiqələri və çıxarışlar verilmiş, müxtəlif məhkəmə qərarlarına əsasən həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 03 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq təmsil edilməmiş, lakin məhkəməyə etiraz təqdim etmiş və onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin Abşeron rayonu X3 ərazisində yerləşməsinə baxmayaraq 0,17 ha torpaq sahəsinin Bilgəh bələdiyyəsi tərəfindən iddiaçıya 2 aprel 2001-ci il tarixli, 10 nömrəli qərarla ayrıldığı müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Həmçinin, Bilgəh bələdyyəsinin 2 aprel 2001-ci il tarixli, 10 nömrəli qərarına əsasən 0,17 ha torpaq sahəsinin iddiaçıya normadan artıq ayrıldığı müəyyən edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.  İşdə olan cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 103643 nömrəli çıxarışa (xx.xx.2017-ci il qeydiyyat tarixli) əsasən ünvan 5-də yerləşən 142,8 kv.metr fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. X2 02 aprel 2001-ci il tarixli 10 nömrəli qərarına əsasən iddiaçıya fərdi yaşayış evi inşa etmək üçün 0,17 ha torpaq sahəsi ayrılmışdır.  İşdə olan 24022 reyestr nömrəli, 304 inventar nömrəli Qeydiyyat vəsiqəsi ilə iddiaçıya Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinin ayrıldığı müyyən edilir.  Məhhkəmə sorğusu nəticəsində iddiaçıya məxsus fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu əldə edilmşdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, torpaq sahəsi iddiaçıya X2 qərarı ilə ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, bununla bağlı olaraq X2 xx.xx.2001-ci il tarixli, 10 saylı Qərarına əsasən Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu, A.Salahzadə küçəsi, 2 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,17 ha (faktiki 0,13 ha ) torpaq sahəsinin Bakı şəhərinin, yaxud Abşeron rayonunun inzibati ərazisində olması haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi 4 saylı Ərazi İdarəsinin istifadəsində olan elektron baza məlumatlarına əsasən hazırda Abşeron rayonu inzibati ərazisinin hüdudları daxilində yerləşir. Eyni zamanda həmin orqanın 27 avqust 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş X3 torpaq sahəsinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı nümayəndəsi vasitəsilə cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Abşeron rayonu olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 9.1-ci maddə: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 9.Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayışevlərinin, həyətyanısahələrin, fərdi, kollektiv vəkooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikləmüəyyən olunmuşqaydadaəvəzsiz olaraq onların mülkiyyətinəverilir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 6.1-ci maddə: Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddə: Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddə: Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə 5-ci bənd: Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərinicarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki,son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, X2 2 aprel 2001-ci il tarixli, 10 saylı Qərarı ilə iddiaçıya fərdi yaşayış evi inşa edilməsi üçün Abşeron rayonu, Bilgəh Sovxozu ərazisində 0,17 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair iddiaçıya “X1, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi” tərəfindən 24032 qeydiyyat, 304 inventar nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən aşağıdakı arqumentlər irəli sürülərək etiraz edilmişdir: 1) İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin Abşeron rayonu X3 ərazisində yerləşməsinə baxmayaraq 0,17 ha torpaq sahəsinin Bilgəh bələdiyyəsi tərəfindən iddiaçıya 2 aprel 2001-ci il tarixli, 10 nömrəli qərarla ayrılması; 2) Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsi; 3) Bilgəh bələdyyəsinin 2 aprel 2001-ci il tarixli, 10 nömrəli qərarına əsasən 0,17 ha torpaq sahəsinin iddiaçıya normadan artıq ayrılması.

Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün irəli sürülənlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. İlkin imtinaya münasibətdə qeyd olunur ki, iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Bələdiyyə Şurasının qərarı ilə müəyyən olunur ki, Bələdiyyə Şurasının iclasında müzakirə edildikdən sonra müvafiq protokolla 0,17 ha torpaq sahəsi fərdi yaşayış evi inşa edilməsi üçün iddiaçıya ayrılmışdır. Həmin qərar bələdiyyə sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Müvafiq qərarın mötəbərliyi məhkəmə tərəfindən verilən sorğu ilə öz təsdiqini tapmışdır. Yəni, sözügedən aktın həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi üçün mötəbər hesab olunur. Həmin qərarla ayrılmış torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmiş və həmin yaşayış evinə dair Qeydiyyat Vəsiqəsi əldə edilmişdir. Mövcud vəsiqə ilə inşa edilən yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayışevlərinin, həyətyanısahələrin, fərdi, kollektiv vəkooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikləmüəyyən olunmuşqaydadaəvəzsiz olaraq onların mülkiyyətinəverilir. Göründüyü kimi iddiaçının ona qanuni əsaslarla ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun cavabdeh orqan tərəfindən qeydiyyata alınmasından imtina edilməsi əsassızdır. Bələdyyə Şurasının qərarı torpağa dair hüquqmüəyyənedici sənəd olmaqla, iddiaçının mülkiyyət hüququnu təsdiq edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə2007-ci il 13 dekabr tarixli, §40 vəStolyarova Rusiya Federasiyasına qarşı iş üzrə2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, Bilgəh bələdiyyəsinin 2 aprel 2001-ci il tarixli, 10 nömrəli qərarına əsasən torpaq sahəsinin iddiaçıya normadan artıq ayrılmasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi 0,17 ha ölçüdə ayrılmasına baxmayaraq, hazırda 0,13 ha ölçüdə olmuşdur və iddiaçı iddia tələbində 0,13 ha torpaq sahəsinə, yəni faktiki vəziyyətinə dair çıxarış əldə edilməsini iddia etmişdir. Ona görə də məhkəmə bu hissədə də imtinanı əsassız hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalanan halları ümumiləşdirərək qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların iddiaçının adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında qeyd olunmuşdur ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir.Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq torpaq sahəsi və üzərindəki tikili vahid daşınmaz əmlak hesab edilməlidir. Belə ki, Mülki Məcəlləyə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar əsassız olmaqla, iş materialları ilə təkzib edildiyindən iddia təmin edilməli, X2 xx.xx.2001-ci il tarixli, 10 saylı Qərarına əsasən ünvan 1 ünvanında yerləşən 0.13 ha torpaq sahəsi və bu torpaq sahəsində inşa edilmiş, **********60-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 xx.xx.2001-ci il tarixli, 10 saylı Qərarına əsasən ünvan 1 ünvanında yerləşən 0.13 ha torpaq sahəsi və bu torpaq sahəsində inşa edilmiş, **********60-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar