Məhkəmə qərarları › İş №2-1(118)-3885/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3885/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3885/2025 06.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1995-ci ildən 2021-ci ilədək olan müddətdə 26 il Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə 2-ci dərəcəli əlilliyi nəzərə alınaraq ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60% pozulmasına görə bir il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu ildə anadan olmuş və Qarabağ döyüşlərində 1993-cü ilin dekabr ayının 27-də aldığım güllə yarasından sonra hərbi xidmətə yararsız hesab olunaraq təxris edilmişdir. İddiaçının aldığı xəsarəylərlə bağlı 1995-ci ildən 2-ci dərəcəli əlillik təyin olunmuş və bu xəsarətin səbəbi kimi Azərbaycan Respublukasının ərazi bütövlüyü ilə əlaqədar qeyd olunmuşdur. İddiaçıya əlillik aşağıdakı diaqnoz əsasında təyin edilmişdir: dizaltı arteriyanın travması, hər iki aşağı ətrafın güllə yaralanmasının nəticələri, sağ dizaltı arteriyanın postravmatik apevrizmasına görə avtonevoplastikası, sağ dizaltı arteriyanın əməliyyatdan sonrakı vəziyyəti, aşağı ətraf arteriyasının emboliya və trombozu, tobiteriyasiya üsən trambanqit, (Buerqer xəstəliyi) stenokardiyanın digər formaları. İddiaçıya sonuncu dəfə 2016-cı ildə 5 illik müddətə əlilllik dərəcəsi təyin olunmuş və əlillik müddəti başa çatandan sonra o, tibb müəssisəsinə müraciət edərək yeni tibbi göndərişin verilməsinə nail olmuşdur. Lakin cavabdeh orqan iddiaçının 26 il 2-ci dərəcəli əlil kimi pensiya almasına baxmayaraq hər dəfə bir səbəb gətirməklə ona müddətsiz əlilliyin təyin edilməsindən imtina etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cavabdeh tibbi göndərişi geri qaytarmış və bunu göndərişin natamam doldurulması ilə əsaslandırmışdır. Cavabdehin imtinası tam əsassızdır, belə ki, cavabdeh orqan 2016-cı ildən iddiaçıya əlillik dərəcəsini 5 illik deyil, müddətsiz təyin etməli olduğu halda bunu etməmiş və indidə bu səhvi düzəltmək və iddiaçıya əlilliyin müddətsiz təyin etmək əvəzinə artıq 3 ildir ki, onun barəsində olan tibbi göndərişi geri qaytarır, halbuki cavabdeh iddiaçının hüquqlarını pozmuş və bu pozuntunu aradan qaldırmaq əvəzinə ona qarşı bu hərəkətləri bu gün də davam etdirir. İddiaçı belə hesab edir ki, cavabdehin hərəkəti qanunsuz hesab edilməli və ona müddətsiz əlilliyin təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1, 3.2. 3.3, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması” meyarlarına dair Əsasnamənin 2.1, 4.1, 4.3, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3, 3.4, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli, 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamənin 3.1.2-ci maddələrinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 2.2.1, 2.2.2, 14, 35-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Quba rayon sakini xx.xx.1969-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir(unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 203 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol budun və baldırın orta 1/3-nin sağ baldırın orta 1/3-nin yumşaq toxumalarının dəlib-keçən odlu silah güllə yaralanması nəticəsində sağ dizaltı arteriyanın və venaın zədələnməsi. Sağ dizaltı yalançı anavrizmasının partalamasından sonrakı vəziyyət, rekonstruksiyası, autovenoztransplantasiyadan və tromboektomiyadan sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafda sol budun, sol baldırın yuxarı 1/3-də, sağ baldırın yuxarı və orta 1/3ni əhatə edən 15 sm x4 sm ölçüdə toxuma defekti ilə çapıqlar izlənilmiş, sol budun yuxarı 1/3-də 10 sm, sağ baldırın tış və arxa səthində 20-25 sm ölşüdə əməliyyat çapıqları izlənilmiş, hər iki ayaqarxasında nəbz dolğun əllənmiş, hərəki sınaqları normal icra etmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarərtmə Birliyi” (TƏBİB) X6 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Aşağı ətrafların varikoz xəstəliyi. Hər iki böyük dizaltı venanın varikozu. İİ (ikinci) dərəcəli xroniki venoz çatışmazlıq. Ateroskleroz. Baldır arteriyasının stenozu. İİ (ikinci) dərəcəli xroniki işemiya” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Transtorakal Exokardioqrafiya müayinəsi aparılmış, nəticəsi “Aorta sərtləşib. Çıxan aorta (3,7sm) və aorta kökü (3,7sm) cüzi genişləniblər. Sağ qulaqcığın cüzi genişlənməsi (19sm2). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir.Min TR. Min MR. Min AR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, ƏƏSMN tabeliyində DTSERA xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriyaların dopplerografiyası müayinəsi aparılmış, nəticə “Trifazik axımlar” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3885/2025 nömrəli qərardadına əsasən X3 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

b) Tərəflərin iştirakı və izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

9. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

11. X2nin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarına əsasən İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir.

12. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə iddiaçıya bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

13. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə iddiaçıya bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

14. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə iddiaçıya beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

15. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir.

16. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2025-ci il tarixli, T 468/2025 nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Quba rayon mərkəzi xəstəxanasf’nda tərtib edilmiş xx.xx.2024-cü il tarixli, R00238244XSP №-li, Forma 88 göndərişdə XBT10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: İ83.9-aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi, hər iki böyük dəri altı venalarının varikozu. Ağırlaşma: İ87.2-(xroniki) (periferik) venoz çatmamazlıq, İİİ xroniki venoz xəstəlik, baldır art-vena stenozu. Yanaşı xəstəliklər: İ70.2-ətraf arteriyalarının aterosklerozu, İİ dərəcə xroniki işemiya, ateroskleroz” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Əsas xəstəlik ağırlaşdığından xroniki hala keçmiş və bu səbəbdən də onun həmin xəstəliklərdən əziyyət çəkməsini hazırda da inkar etmək mümkün deyildir.

19. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 Şəxs Quba rayon X4 Hüquqi Şəxsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 2022-ci ildən etibarən əvvəlki elektron sistem fəaliyyətini dayandırdığı üçün həmin sistemə daxil olmaq mümkün deyildir. Bu səbəbdən 2022-ci ilədək olan dövrə aid elektron məlumatlara baxmaq imkanı yoxdur. Hazırda qüvvədə olan sistem üzrə vətəndaş İddiaçı barəsində aparılmış axtarış nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sonuncu qiymətləndirmə xx.xx.2022-ci il tarixdə aparılmış və əlilliyin təyin edilməsindən imtina olunmuşdur (sistemə işlənilmiş Forma 88 sənədləri həmin dövrdə vətəndaşın ambulator kitabçasına tikilmişdir). İmtinanın səbəbi təqdim olunan diaqnoz və ağırlaşmaların əlilliyin müəyyən edilməsi meyarlarına uyğun gəlməməsi olmuşdur. E-təbib elektron sistemində aparılmış yoxlama zamanı vətəndaşın əlilliyin təyin edilməsi ilə bağlı növbəti müraciətinin qeydə alınmadığı müəyyən edilmişdir. Vətəndaş haqqında tibbi məlumatlar onun ambulator kitabçasında əks olunurdu. Lakin ambulator kitabça vətəndaşa təqdim edilmiş və geri qaytarılmamışdır. Bu səbəbdən tələb olunan sənədlərin təqdim edilməsi mümkün deyildir

20. Məhkəmənin sorğusuna cavab olaraq X2 tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti əlavə olunmuşdur.

21. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 Şəxs Quba rayon X4 Hüquqi Şəxsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba iddiaçı barəsində cavabdeh X3 tərəfindən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş 2021-2024-cü illər üzrə Forma 88 sənədlərinin ekran görüntüləri əlavə olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

22. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

23. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.

24. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

25. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, iddiaçı isə xx.xx.2024-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmişdir.

26. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

b) Tətbiq edilən hüquq

27 . Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 1.8-ci bəndinə əsasən əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

30. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının: 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 2.6-cı bəndinə əsasən Arteriyalar, arteriolaların və kapilyarların xəstəlikləri. 2.6.1. ateroskleroz – İ70 Qiymətləndirmə: 2.6.1.1 İİB dərəcəli işemiya, seqmentar okklüziya və ya stenozun (65%-dən çox) mövcudluğu ilə, ABİ 0,75-0,50 aralığında olduqda - 35-60 faiz, 2 il.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması 1.3-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bəndinə əssən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

34. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

35. Belə ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə göndərişin natamam dodurulması səbəbindən əlilliyin təyin edilməsindən imtina etmişdir.

36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2025-ci il tarixli, T 468/2025 nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Quba rayon mərkəzi xəstəxanasf’nda tərtib edilmiş xx.xx.2024-cü il tarixli, R00238244XSP №-li, Forma 88 göndərişdə XBT10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: İ83.9-aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi, hər iki böyük dəri altı venalarının varikozu. Ağırlaşma: İ87.2-(xroniki) (periferik) venoz çatmamazlıq, İİİ xroniki venoz xəstəlik, baldır art-vena stenozu. Yanaşı xəstəliklər: İ70.2-ətraf arteriyalarının aterosklerozu, İİ dərəcə xroniki işemiya, ateroskleroz” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Əsas xəstəlik ağırlaşdığından xroniki hala keçmiş və bu səbəbdən də onun həmin xəstəliklərdən əziyyət çəkməsini hazırda da inkar etmək mümkün deyildir.

37. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 2.6.1. ateroskleroz – İ70. Qiymətləndirmə: 2.6.1.1 İİB dərəcəli işemiya, seqmentar okklüziya və ya stenozun (65%-dən çox) mövcudluğu ilə, ABİ 0,75-0,50 aralığında olduqda.

38. Göründüyü kimi iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.

39. Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmalında qeyd edilmişdir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir (18-ci bənd). Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir (20-ci bənd). Digər tərəfdən, TSEK-in göndərişin natamam və yanlış doldurulması səbəbindən əlilliyin müəyyən edilməsindən imtina qərarlarının motivasiyasını aydınlaşdırmaq mümkün olmur, yəni natamamlıq və yanlışlığın nədə təzahür etməsi tam dəqiqliklə göstərilmir. Halbuki, normativ hüquqi sənəddə həkim komissiyası tərəfindən göndərişdə əks etdirilməli olan məlumatlar siyahı şəklində tam dəqiqliklə göstərilmişdir ki, həmin siyahıya şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər daxildir (“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.5-ci bəndi). Göstərilənlərə müvafiq olaraq, TSEK də göndərişin natamam və ya yanlış doldurulması və buna görə də, əlilliyin qiymətləndirilməsinin mümkün olmaması barədə qənaətini dəqiqliklə və yuxarıda qeyd olunan konkret əsaslara söykənən qaydada əsaslandırmalıdır (21-ci bənd).

40. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən göndərişin natamam doldurulması barədə qərar qəbul edilməsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarda natamamlıq və yanlışlığın nədə təzahür etməsi tam dəqiqliklə göstərilmir. Eyni zamanda cavabdeh inzibati orqan göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Lakin cavabdeh tərəfindən qeyd olunanlara əməl edilmədən göndərişin natamam dolduruması barədə qərar qəbul edilmişdir.

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2nin əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə bir il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. X2nin 12 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 12 dekabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə bir il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Cavabdehn üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar