Məhkəmə qərarları › İş №2-1(118)-3888/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3888/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3888/2024 11.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı məxsus SX seriyalı, ******* nömrəli “Hərbi bilet”;

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 25 noyabr 2020-ci il tarixli, 9325 nömrəli arayışından görünür ki, İddiaçı “sağ diz oynağının medial meniskin natamam radial cırılması, ön çarpaz bağın hissəvi qopması” diaqnozu “Hərbi travmadrr Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qoyulmuşdur.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabça”dan çıxarışlar.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Stasionar kitabça”dan çıxarışlar.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 8 iyun 2022-ci il tarixli, 5799 nömrəli məktubundan görünür ki, İddiaçı 8 iyun 2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: “Posttravmatik stress pozuntusu F43.1” qoyulmuşdur.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N iyun 2022-ci il tarixli, 2321 nömrəli “Travma haqqında arayış”.

7. 4 iyul 2022-ci il tarixli, 8268 nömrəli İddiaçı barəsində “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Gərginlik tip baş ağrıları. Barotravma (10 noyabr 2020-ci il), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin sağ qulağda 4 metr, sol qulaqda 5 metr məsafədən eşitməsi ilə. Sağ diz oynağının medial meniskin radial cırılması, ön çarpaz bağın hissəvi qopması, saq əlin İİİ, V barmağın yumsaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 19 yanvar 2023-cü il tarixli, 378 nömrəli məktubundan görünür ki, İddiaçı 19 yanvar 2023-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi mənşəli emosional labil pozuntu F06.6, Posttravmatik stress pozuntusu F43.1” qoyulmuşdur.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Həkim Psixiatr Komissiyasının 16 oktyabr 2023-cü il tarixli, 2030 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə F06.3.

10. Müayinəyə dair məlumatlardan görünür ki, İddiaçı 5 yanvar 2024-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.

Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

11. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 4 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1637/2024 nömrəli qərarından görünür ki, iddiaçının 13 fevral 2024-cü il tarixdə aparılmış əyani müayinə nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

12. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xəstəliyi ilə bağlı pensiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. İddiaçı iddia tələbinin əsasları kimi aşağıdakılar göstərilmişdir: - iddiaçı müddətdən artıq hərbi qulluqçu kimi 27 iyul 2020-ci il tarixdən 2021-ci ilin iyun ayınadək ordu sıralarında xidmət etmişdir. İddiaçı vətən müharibəsinin iştirakçısıdır. 10 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən ağır döyüşlər zamanı ağır xəsarətlər almış, iki gün yaralı vəziyyətdə döyüş meydanında qalmışdır. - xəsarətləri həyati təhlükə yaratdığı üçün, X4 yerləşdirilmişdir. - daha sonra Müdafiə Nazirliyinin hərbi hospitalında müalicəsini davam etdirmişdir. - dəfələrlə müayinə olmuşdur və müharibə zamanı almış olduğu barotravma nəticəsində affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Göstərilən diaqnozla bağlı iddiaçıya pensiya təyin olunmalıdır. Müayinədən keçən zaman həkimlər də bildirmişlər ki, iddiaçı əlilliyə görə pensiya almalıdır. Lakin o, pensiya almağı ilə bağlı müraciət edərkən 5 mart 2024-cü il tarixdə imtina cavabı almışdır. İmtinanın səbəbi olaraq diaqnozun öz təsdiqini tapmaması göstərilmişdir. Lakin göstərilən diaqnozu bir neçə həkim komissiyası təsdiq etmişdir. Qeyd olunan ərizənin icrası bu səbəbdən mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri tamamilə qanuna ziddir və əsassız olduğundan iddiası təmin edilməlidir.

14. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.1, 2.2, 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.

15. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. Məhkəmənin 24 iyun 2024-cü il tarixli, 2-1(118)-3888/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nə tapşırılmışdır.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

17. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Xaçmaz rayon sakini xx xxxx 1997-ci il təvəllüdlü iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində 28 may 2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 4 iyul 2022-ci il tarixli, 8268 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Gərginlik tip baş ağrıları. Barotravma (10 noyabr 2020-ci il), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip aqıreşitmə, pıçıltı nitqinin sağ qulağda 4 metr, sol qulaqda 5 metr məsafədən eşitməsi ilə. Saq diz oynağının medial meniskin radial cırılması, ön çarpaz bağın hissəvi qopması, saq əlin İİİ, V barmağın yumsaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, ifadə olunmuş davranış pozuntuları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 6 oktyabr 2023-cü il - 16 oktyabr 2023-cü il tarixli, 11311135 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının 16 oktyabr 2023-cü il tarixli, 2030 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından, diz oynağında olan ağrılardan və onunla bağlı verilmiş əməliyyat qərarını tibb müəssisələrinin icra etmədiklərindən şikayətlənmişdir. Sol səidin iç səthində göstərdiyi müxtəlif istiqamətlərdə edilmiş çapıq izlərini Bizon qutusu ilə etdiyini bildirmişdir. Ünsiyyətdə emosional labil olmuş, psixi statusunda ruhi xəstəlik əlamətləri, şəxsiyyət pozuntusu və ağıl zəifliyi aşkar edilməmiş, bələdliliyi saxlanılmış, psixoproduktiv simptomatika qeyd edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Etioloii faktor birmənalı şəkildə öz təsdiqini tapmır. Somatogeniya fonunda nevrozabənzər sindrom, isterik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, SX0232951 nömrəli Hərbi biletin 22-ci səhifəsində Hərbi xidmətçekmə haqqında Əsasnamənin 156 “e” bəndinə əsasən xidməti uyğunsuzluqla ehtiyata buraxıldığı qeyd edilmişdir.

18. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarına istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

25. Cavabdeh tərəfindən təqdim edilmiş edilmiş sənədlərdə “Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilməsinə dair” SMS-in ********** mömrəsinə göndərildiyi görsənsə də, nömrənin şəxsə məxsus olması məhkəmə prosesində öz təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən göndərilmiş SMS xəbərdarlıqlar isə 051 ******* nömrəsinə göndərilmişdir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

32. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”

34. İddia tələbinin əsaslarına görə: - iddiaçı müddətdən artıq hərbi qulluqçu kimi 27 iyul 2020-ci il tarixdən 2021-ci ilin iyun ayınadək ordu sıralarında xidmət etmişdir. İddiaçı vətən müharibəsinin iştirakçısıdır. 10 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən ağır döyüşlər zamanı ağır xəsarətlər almış, iki gün yaralı vəziyyətdə döyüş meydanında qalmışdır; - xəsarətləri həyati təhlükə yaratdığı üçün, X4 yerləşdirilmişdir, daha sonra Müdafiə Nazirliyinin hərbi hospitalında müalicəsini davam etdirmişdir; - dəfələrlə müayinə olmuşdur və müharibə zamanı almış olduğu barotravma nəticəsində affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Göstərilən diaqnozla bağlı iddiaçıya pensiya təyin olunmalıdır. Müayinədən keçən zaman həkimlər də bildirmişlər ki, iddiaçı əlilliyə görə pensiya almalıdır. Lakin o, pensiya almağı ilə bağlı müraciət edərkən 5 mart 2024-cü il tarixdə imtina cavabı almışdır.

35. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından, diz oynağında olan ağrılardan və onunla bağlı verilmiş əməliyyat qərarını tibb müəssisələrinin icra etmədiklərindən şikayətlənmişdir. Sol səidin iç səthində göstərdiyi müxtəlif istiqamətlərdə edilmiş çapıq izlərini Bizon qutusu ilə etdiyini bildirmişdir. Ünsiyyətdə emosional labil olmuş, psixi statusunda ruhi xəstəlik əlamətləri, şəxsiyyət pozuntusu və ağıl zəifliyi aşkar edilməmiş, bələdliliyi saxlanılmış, psixoproduktiv simptomatika qeyd edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Etioloii faktor birmənalı şəkildə öz təsdiqini tapmır. Somatogeniya fonunda nevrozabənzər sindrom, isterik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Qeyd edilənlərə əsasən “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməsi barədə qərar qəbul edilmişdir.

36. İş materialında olan sənədlərlə müəyyən edilir ki, iddiaçıya Mərkəzi Hərbi Poliklinikasının tərəfindən “sağ diz oynağının medial meniskin natamam radial cırılması, ön çarpaz bağın hissəvi qopması” diaqnozu “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qoyulmuşdur. İddiaçıya Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Gərginlik tip baş ağrıları. Barotravma (10 noyabr 2020-ci il), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip aqıreşitmə, pıçıltı nitqinin sağ qulağda 4 metr, sol qulaqda 5 metr məsafədən eşitməsi ilə. Saq diz oynağının medial meniskin radial cırılması, ön çarpaz bağın hissəvi qopması, saq əlin İİİ, V barmağın yumsaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən edilmişdir. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən “Üzvi mənşəli emosional labil pozuntu F06.6, Posttravmatik stress pozuntusu F43.1” diaqnozu qoyulmuşdur. Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə F 06.3 müəyyən edilmişdir.

37. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 4 sentyabr 2024-cü il tarixli, 2565 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki: İ. Motivləşdirici hissə. İddiaçıda hal-hazırda “üzvi şəxsiyyət pozuntusu” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travməsı alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘‘Saatlı rayon Mərkəzi Xəstəxanası”da “Barotravma” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”də “Posttravmatik stress pozuntusu F43.1” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’da “Üzvi emosional labil pozuntu ifadə olunmuş davranış pozuntuları” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Quba Rayonlararası Psixiatrik Xəstəxanası”da “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 Xəstəxanası”da “Əhvalın üzvi mənşəli affektiv pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi emosional labil pozuntu ifadə olunmuş davranış pozuntuları” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”də “Üzvi mənşəli emosional labil pozuntu F06.6. Posttravmatik stress pozuntusu F43.1” diaqnozu təyin-edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1”də “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Posttravmatik stress pozğunluğu” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi (İİ Qarabağ mühahbəsi zamarij nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələr F06.3” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xaçmaz rayon Mərkəzi Xəstəxanası”da “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İddiaçıda “XBT 10 kodu F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” aşkar olunur. “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı almış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri, özünü kəsmələrlə” diaqnozu qeyd edilmişdir. İddiaçının əmək qabiliyyətinin olub-olmamasının mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan əlilliyin təyin edilməsi meyarlarına istinadən dəyərləndirilir. Müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsasən, əlilliyin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən meyarlarla yanaşı, həyat fəaliyyəti kateqoriyaları da dəyərləndirilir. Əlilliyə əsas verən həyat fəaliyyəti kateqoriyalarından 1. Özünəqulluq bacarığı - insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları, 2. Sərbəst hərəkətetmə bacarığı - sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı, 3. İstiqamətseçmə bacarığı - ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı, 4. Ünsiyyət bacarığı - məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı, 5. Davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvietik normaları ehtiva edən adekvat davranış bacarığı, 6. Öyrənmə bacarığı - bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı, 7. Əmək fəaliyyəti bacarığı - işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi istiqamətlərdə kənar şəxs nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilmir. İstinada əsasən, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır müalicəyə rezistent simptomlar (yəni situasiyanı mühakimə qabiliyyəti, özünə tənqidin, bütövlüklə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı - mövcud vəziyyət tibbi sənədlərlə təsdiqini tapmır), məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti kimi hallar izlənilmir. Yekun olaraq, müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsaslanaraq, psixi durumu səbəbilə kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən ağırlaşmalar öz təsdiqini tapmır. “Üzvi mənşəli şəxsiyyət pozuntusu” aşkar olunur.

38. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.

39. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir.

41. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

42. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 26 dekabr 2023-cü il tarixli göndərişə əsasən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar