Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-389/2021 12.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı və üçüncü şəxslər X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aqrar islahat komissiyasının qərarının ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı dövlət aktı və onun verilməsi üçün əsas olmuş aqrar iskahat komissiyasının qərarının ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və müqavilələrin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh qismində Cavabdeh cəlb edilməsini və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarının ləğv edilməsini iddia tələbi kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 08 sentyabr 2009-cu il tarixli alqı satqı müqaviləsinə əsasən X4 0.84 ha torpaq sahəsini satın almışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. 06 aprel 2017-ci il tarixdə iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə elektron baza məlumatlarına görə həmin torpaq sahəsinin başqa şəxsin adına qeydə alındığı bildirilmişdir. Daha sonra vəkil sorğusu vasitəsilə ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi11.04.2012-ci il tarixdə X3 adına qeydə alınmış, 17 fevral 2013cü il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən X2 adına keçirilmişdir. Göstərilən 0.84ha torpaq sahəsi uzun illərdir iddiaçının istifadəsindədir, onun həmin sahədə çoxillik əkmələri vardır. E.Bəşirovanın adına qeydə alınmış 0.84 ha torpaq sahəsi isaə faktiki mövcud deyildir. Çünki aqrar islahatlarının aparılması zamanı Urfuzər Bəşirovanın adına 0.84 ha torpaq sahəsinin qeyd edilməsi texniki səhv üzündən baş vermişdir. Tək onun adına 0.84 ha verilə bilməzdi, həmin qeyd 0.24 ha kimi göstərilməli olmuşdur. Hımin vaxt “İliç yolu” sovxozu üzrə adambaşına verilən payların norması 0.24 ha olmuşdur. Baş vermiş bu texniki xəta nəticəsində bütün sənədlərdə səhvən 0.84 ha göstərilmişdir. Nəticədə o, qanuni surətdə əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnu rəsmiləşdirə bilmir. O, müvafiq sənədlərin ləğv edilməsi ilə bağlı Xaçmaz rayon Məhkəməsində iddia qaldırmışdır.həmin məhkəmənin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18.08.2000-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci istansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi dövlət aktının verilməsi üçün əsas olmuş aqrar islahat komissiyasının qərarının ləğv edilməli olmasını izah etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədn xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X5 iddianı qəbul etməyərək izah etdi ki, aparılan aqrar islahatları zamanı ona 0.84 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra o tək qadın olduğundan kənd təsərrüfatı ilə məşğul olmaqda çətinlik çəkdiyi üçün həmin torpaq sahəsini bacısı Elsevər Bəşirovaya satmışdır. Onun tərəfindən hər hansı qanunpozuntusuna yol verilməmişdir. Lakin bir neçə il bundan əvvəl İddiaçı həmin torpaq sahəsini zəbt etdiyindən aralarında məhkəmə çəkişmələri başlanmışdır. Üçüncü şəxs X6 iddianı qəbul etmədi və U.Bəşirovanın izahatına uyğun izahat verdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən və digər iş materiallarından da göründüyü kimi iddiaçı mübahisələndirilən qərarın mövcudluğundan hələ 2017-ci ildə xəbərdar olmuşdur. Lakin həmin vaxt həmin qərarın ləğv edilməsi ilə bağlı iddia qaldırmamışdır. 2019-cu ildə Urfuzər Bəşirovanın adına verilmiş dövlət aktını, alqı-satqı müqaviləsini və daçınmaz əmlakın dövlət reyestrindən çıxarışı mübahisələndirmiş, həmin məhkəmə çəkişməsi ilə bağlı məhkəmə qərarlarında da mübahisələndirilən qərara istinad olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X13 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və bununla da ölkədə aparılan islahat başa çatmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin həmin vaxt qüvvədə olan 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq 4 üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı aqrar islahat komissiyasının qərarının ləğv edilməsinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-389/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-389/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver