Məhkəmə qərarları › İş №2-1(118)-390/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-390/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-390/2022 27.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, iddiaçının satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kvadrat metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, iddiaçının satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kvadrat metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, eləcə də, X8 adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı olmadığından onun adına olan şəhadətnamənin bütövlükdə və ya iddiaçının Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə satın aldığı 360 kvadrat metr torpaq sahəsi ilə üst-üstə düşən 320 kvadrat metr hissədə etibarsız sayılması haqqında qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı Qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Xırdalan şəhərində yerləşən 375 kvadrat metr ölçüdə torpaq sahəsi satılmışdır. İddiaçı həmin torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihə əsasında bir ədəd iki mərtəbəli fərdi yaşayış evi tikdirmiş, hasara aldırmışdır. Lakin qanunvericiliklə müəyyən edilmiş qaydada ona notarial təsdiqlə satılmış həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması və çıxarış verilməsi üçün DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etdikdə, xx.xx.2018-ci il tarixli imtina bildirişi ilə məlumat verdilər ki, aldığı torpaq sahəsinin bir hissəsi digər mülkiyyətçi X4 torpağın mülkiyyətə verilməsinə dair KOD 30800106, JN-542A nömrəli şəhadətnamə ilə məxsus olan torpaq sahəsi ilə üst- üstə düşür. Həmçinin imtina bildirişində göstərilmişdir ki, torpaq sahəsi iddiaçıya hərrac yolu ilə deyil, bilavasitə satılmışdır. Ona görə də ərizənin icrası və çıxarış verilməsi mümkün deyil. İddiaçının aldığı 375 kvadrat metr torpaq sahəsi azalmış, istifadədə cəmi 360 kv.m torpaq sahəsi qalmışdır. İddiaçı notarial qaydada ərizə yazaraq azalmış 15 kv.m torpaq sahəsindən imtina etmişdir. Aldığı 360 kv.m torpaq sahəsinə çıxarış almaq üçün bütün ətrafdakı qonşularla birlikdə mövcud vəziyyəti diqqətlə öyrənməyə çalışmışdır. Çünki DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin imtina bildirişi real vəziyyəti əks etdirmirdi və şübhə doğururdu. Belə ki, iddiaçının aldığı torpaq sahəsinin bir hissəsinin X3 torpaq sahəsi ilə üst-üstə düşməsi üçün Vəsilə Muradovanın torpağı onun qonşuluğunda olmalı idi. Lakin həmin torpaq sahəsinin ətrafında, qonşuluqda Vəsilə Muradova adlı şəxs yox idi. Ona görə də iddiaçı təkrar ərizə ilə 2-ci dəfə müraciət edərək həmin torpaq sahəsinə baxış keçirilməsini xahiş etmişdir. DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinin mütəxəssisləri və qonşuların iştirakı ilə aldığı torpaq sahəsinə təkrar baxış keçirilərkən məlum oldu ki, torpağın sağ tərəfində Vaxtanq Pançulidzenin və Qamilya Abıyevanın fərdi yaşayış evləri, sol tərəfində isə Kənan Həmzəyevin fərdi yaşayış evi yerləşir. Qonşular çıxarışlarını təqdim etdilər. İddiaçının aldığı torpaq sahəsinin ətrafında, dövrəsində Vəsilə Muradova adlı şəxsin torpaq sahəsi aşkar olunmamışdır. İddiaçı tərəfdən akt tərtib edilmiş, qonşuların çıxarışlarının surətləri akta əlavə edilmişdir. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri Vəsilə Muradovanın torpaq sahəsini tapıb göstərə bilməmişlər və müdiriyyətin qəzəbindən qorxub aktı imzalamaqdan imtina etmişlər. Lakin qonşular akta imza etmişlər. Bundan sonra şəxsi araşdırmalar davam etdirilmiş, DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarının şifahi məlumatları əsasında Vəsilə Muradovanın yaşadığı Xırdalan şəhəri, R.Rza küçəsi 26 saylı ev axtarılaraq məlum olmuşdur ki, həmin küçədə 25 saylı evdən sonrakı ərazi Xırdalan şəhərindən kənara, çöllük hissəyə düşür, iddiaçının torpağından təxminən 1 km aralıdadır və 26 saylı ev mövcud deyildir. X5 heç kim tanımırdı. Ətrafdakı çıxarışı olan qonşular da ondan torpaq sahəsi almamışdılar. Ona görə də xx.xx.2019-cu il tarixdə cavabdeh orqana 3-cü dəfə müraciət etdikdən sonra yenidən torpaq sahəsinə baxış keçirilmiş, həmin idarənin əməkdaşları qəsdən sürüşmə, süni surətdə mübahisə yaratdıqları torpaq sahəsini tapıb göstərə bilməmişlər. Lakin iddiaçının aldığı torpaq sahəsini qeydiyyata almaqdan təkrar olaraq imtina etmiş və imtina bildirişində göstərmişdilər ki, guya “idarənin elektron baza məlumatı əsasında” müəyyən edilmişdir ki, onun aldığı 360 kv.metr torpaq sahəsinin 320 kv.metr hissəsi X3 torpaq sahəsi ilə üst-üstə düşür. Buradan tam aydın olmuşdur ki, DƏDRX-in əməkdaşları X3 12 sot torpaq sahəsinin 320 kv.metr hissəsini iddiaçının satın aldığı 360 kv.metr torpaq sahəsində “axtarıb tapıblar”. Qalan 11 sot 680 kv.metr hissəsini isə başqa ölkədə axtaracaqlar. Çünki qonşuların hamısının çıxarışları olduğundan 12 sot torpaq sahəsini onun qonşuluğuna və torpaq sahəsinə yerləşdirmək mümkün deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, X8 haqqında heç bir məlumat yoxdur. Qeyd olunur ki, DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinin imtina bildirişində cavabdeh X3 adına JN-524A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olması göstərilməsinə baxmayaraq, bu günə kimi heç kim, o cümlədən cavabdeh tərəfindən iddiaçıya və ətrafdakı qonşulara qarşı hər hansı iddia və ya tələb irəli sürülməmişdir. İddiaçının aldığı torpaq sahəsi isə 1999-cu ildən onun istifadəsində olmuşdur (bu barədə Bələdiyyənin arayışının surəti əlavə olunur). Bundan başqa, Xırdalan Bələdiyyəsinin iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün 375 kv.m torpaq sahəsinin satılması barədə məktubuna Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi xx.xx.2012-ci il tarixli, 779 nömrəli rəyi ilə etiraz etməmişdir. Həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2012-ci il tarixli 203 nömrəli rəyi ilə və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 203/2 saylı Sərəncamı ilə torpağın iddiaçıya satılmasına və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Xırdalan Bələdiyyəsinin yer quruluşu planından çıxarışda da iddiaçıya satılmış torpağın hansısa başqa şəxsə aid olduğu göstərilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ayrı-ayrı vətəndaşlara münasibətdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları ona uydurma, saxta bəhanələr gətirdikləri KOD 30800106, JN-542A nömrəli şəhadətnamədən dələduzluq niyyəti ilə müxtəlif cür istifadə etmişlər. Ona verdikləri imtina bildirişində KOD 30800106, JN-542A nömrəli şəhadətnamə ilə X3 0.12 ha torpaq sahəsi ilə onun Xırdalan Bələdiyyəsindən notarial qaydada satın aldığı 360 kv.metr torpaq sahəsinin 320 kv.metr hissədə üst-üstə düşdüyü göstərilmişdir. Digər bir vətəndaş X2 verilən imtina bildirişində isə KOD 30800106, JN-542A nömrəli şəhadətnamənin X6 aid olduğu göstərilib. Göründüyü kimi şəhadətnamənin nömrəsi, kodu eyni olsa da sahibinin soyadı və ata adları fərqlidir. Hər iki halda şəhadətnamənin “sahibi” yoxdur. Ona görə də Abşeron Rayon Məhkəməsi 2(012)-2074/2013 saylı, xx.xx.2013-cü il tarixli Qətnaməsi ilə iddiaçı X1 cavabdeh X6 qarşı iddiasını təmin etmişdir. Bundan başqa, iddia ərizəsində qeyd edilən torpaq sahəsi 1999-cu ildən onun istifadəsindədir. Bu barədə arayışı iddia ərizəsinə əlavə etmişdir. Lakin iddiaçının qonşuluğunda Zeynəb Quliyeva və X9 adlı şəxslər yoxdur. JN-542A nömrəli şəhadətnamə ilə olan torpaq sahəsi başqa yerdədir. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları haqqında heç bir məlumat olmayan X3 0.12 ha torpaq sahəsinin 320 kv.metr hissəsini “guya iddiaçının satın aldığı 360 kv.metr hissədə axtarıb tapıblar”. 0.12 ha torpaq sahəsinin qalan hissəsinin yerini göstərə bilmədiklərindən “guya öz kompüterlərindəki xəritələrə əsaslanırlar”. KOD 30800106, JN-542A nömrəli şəhadətnamə ilə olan torpaq sahəsi ilə üst-üstə düşməsi üçün iddiaçının satın aldığı torpaqla həmsərhəd, qonşuluqda olmalıdır. Lakin nəinki həmsərhəd deyil, heç yaxın bir kilometrlik ərazidə də yoxdur. İddiaçının torpağı ilə həmsərhəd olan, qonşuluqda yaşayan şəxslərin mülkləri “sürüşmə yaradılmasına” imkan vermir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən İddiaçı ayrılmış 0.0375 ha (faktiki 0.0360 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 26 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, torpaq sahəsinin bilavasitə mülkiyyətə verilməsi barədə Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli iclasının 03 saylı qərarından xx.xx.2012-ci il tarixli çıxarışın 1-ci bəndində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək həyətyanı təyinatlı olaraq İddiaçı tərəfindən istifadə olunması, bələdiyyənin mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinin hərrac və ya müsabiqəyə çıxardılmasının qeyrimümkünlüyü, torpaq sahəsinin üzərində bələdiyyə yaranan dövrə qədər tikilmiş evin olduğunun qeyd edildiyi aşkar edilmişdir. Lakin müraciətə torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək tərəfinizdən istifadə olunmasına dair sənəd əlavə edilməmiş və həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin müddəalarına zidd olaraq bilavasitə satılmışdır. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Bundan başga, müayinə olunan torpağ sahəsinin 0.032 ha hissəsinin digər mülkiyyətçiyə (X8) torpağın mülkiyyətə verilməsinə dair JN-542A nömrəli şəhadətmamə ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, X4 Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmış və bu qərar əsasında JN- 542A, KOD 30801006 "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilmişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi etirazla eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi X8 adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı olmadığından onun adına olan şəhadətnamənin bütövlükdə və ya iddiaçının Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə satın aldığı 360 kvadrat metr torpaq sahəsi ilə üst-üstə düşən 320 kvadrat metr hissədə etibarsız sayılması haqqında qərar qəbul edilməsi hissəsində mümkün sayılmamışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: • İş materiallarında olan Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 472 nömrəli cavabdehə ünvanlanmış məktubundan görünür ki, iddiaçıya bələdiyyənin qərarı ilə 18 sentyabr 2012-ci il tarixli çıxarışla 375 kvm torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya hərrac keçirilmədən, bilavasitə satılmasının səbəbi bələdiyyənin qərarınadək 1999-cu ildən torpaq sahəsinin üzun illər iddiaçının istifadəsində olması və satınalmaqda üstünlük hüququna malik olmasıdır. Eyni zamanda Xırdalan Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 407 nömrəli məktubunda müəyyən edilmişdir ki, iddiaçıya fərdi yaşayış evi tikintisi məqsədilə satılmış 375 kv.metr torpaq sahəsinin yerquruluşu planından çıxarışı çəkilərkən həmin sahənin 360 kv.metr olduğu müəyyən edilmişdir. • İddiaçının notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, ona Xırdalan bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış 375 kv.metr torpaq sahəsinin yerquruluşu planından çıxarışı çəkilərkən 360 kv.metr olması səbəbindən məlum olan həmin sahəsi ilə razılaşmış, yerdə qalan 15 kv.metr torpaq sahəsindən imtina etmişdir. • Abşeron rayon Xırdalan bələdiyyəsinin 03 sentyabr 2012-ci il tarixli iclasının 03 saylı qərarından çıxarışa əsasən fərdi yaşayış evinin tikilməsi məqsədilə bələdiyyənin mülkiyyətində olmuş 375 kv.metr torpaq sahəsi ərazinin planlaşdırılması və tikintisi layihəsinə uyğun olduğundan, həmin yerin başqa fiziki və hüquqi şəxsin mülkiyyətinə və icarəsinə verilmədiyindən iddiaçıya bilavasitə satılmışdır. •Torpaqların alqı-satqısına dair akta əsasən iddiaçı tərəfindən bank hesabına müvafiq haqq ödənilmiş və akt Abşeron rayon Torpaq şöbəsi tərəfindən təsdiq edilmişdir. • Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 779 nömrəli rəyindən görünür ki, iddiaçının istifadəsində olmuş 375,0 kv.metr torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir və torpaq sahəsinin bilavasitə iddiaçıya satılmasına DTXK-nin Abşeron rayon şöbəsi etiraz etmir. • Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin Xırdalan bələdiyyəsinin müraciətinə əsasən torpaq sahəsinin sənədləşdirilməsinə dair 11 sentyabr 203 nömrəli rəyinə əsasən iddiaçıya torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə onun adının sənədləşdirilməsinə etiraz edilməmişdir. • Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 2032 nömrəli sərəncamına əsasən iddiaçıya bələdiyyə qərarına əsasən 0,0375 ha torpaq sahəsində iki mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir. • xx.xx.2012-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Xırdalan bələdiyyəsinin hesabına müvafiq haqqı köçürmüşdür. • AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bələdiyyə mülkiyyətində olan 470 ha torpaq sahəsinin 0,0375 ha hissəsinin iddiaçıya satıldığı müəyyə olunur. • İş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. • Abşeron rayon Xırdalan Bələdiyyəsinin yerquruluşu planından çıxarış da iş materiallarına əlavə edilmişdir. • İddiaçı tərəfindən məhkəməyə göndərilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)- 2074/2013 saylı Qətnaməsinə əsasən Əhmədova (Muradova) Vəsilə Cəlil qızına məxsus KOD JN 542A 30800106 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0,0475 ha hissədə ləğv edilməsi qət edilmişdir. • Məhkəmə sorğusu nəticəsində cavabdeh tərəfindən ünvanlanmış məktubda qeyd olunmuşdur ki, JN 542A (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı arxivdə aşkar edilməmişdir. Belə ki, həmin şəhadətnamənin təsdiq edilmiş surətində Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarına əsasən Vəsilə Muradovaya 0,12 ha torpaq sahəsinin ayrılması göstərilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 03 sentyabr 2012-ci il tarixli 03 nömrəli qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq həmin idarənin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti həmin idarəyə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın müvafiq məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları və s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 03 sentyabr 2012-ci il tarixli 03 nömrəli qərarına əsasən 375 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Xırdalan Bələdiyyəsi tərəfindən alqı-satqı aktına əsasən iddiaçıya satılmış, iddiaçı həmin torpaq sahəsinin dəyərini bələdiyyənin bank hesabına köçürmüşdür. Torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinin 15 kv.metr hissəsindən notarial qaydada imtina etmiş, yerdə qalan 360 m2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdehin imtinası aşağıdakılardan ibarətdir: 1) Torpaq sahəsinin iddiaçıya hərrac keçirilmədən, bilavasitə satılması; 2) Torpaq sahəsinin 0,032 ha hissəsinin digər mülkiyyətçiyə (X7) torpağın mülkiyyətə verilməsinə dair JN-542A nömrəli şəhadətnamə ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi. Məhkəmə cavabdehin imtinasını araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Birinci imtina ilə bağlı məhkəmə qeyd edir: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Sözügedən Qanunun 16.3-cü maddəsində qeyd edilmişdir ki, həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Göründüyü kimi bələdiyyə torpaqlarının ayrılmasının xüsusiyyətləri qanunvericiliklə imperativ olaraq müəyyən edilmiş və müəyyən hallar istisna olmaqla bələdiyyə torpaqlarının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunmuşdur. Torpaqların açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, birbaşa vətəndaşlara satılması ilə bağlı istisna hallara Azərbaycan Respublikası vətəndaşının bələdiyyənin ərazisində daimi yaşaması və ya beş il müddətində qeydiyyatda olması, torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi halları və torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir. Qeyd olunan halların hər biri ayrıayrılıqda bələdiyyə tərəfindən torpaq sahəsinin vətəndaşlara birbaşa ayrılması üçün əsasdır. Beləliklə, Xırdalan bələdiyyəsinin 07 dekabr 2018-ci il tarixli məktubundan da göründüyü kimi torpaq sahəsinin iddiaçıya hərrac keçirilmədən, bilavasitə satılmasının səbəbi 1999-cu ildən həmin torpaq sahəsinin iddiaçının istifadəsində olması və satın almaqda üstünlük hüququnun olması ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsinin iddiaçıya hərrac keçirilmədən satılmasına zərurət yoxdur. Cavabdehin ikinci imtinası ilə bağlı məhkəmə aşağıdakıları müəyyən edir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İşdən göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsini Xırdalan Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə satın almış, həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmiş, habelə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən torpağın fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasına etiraz edilməmişdir. Torpaq sahəsinin yer quruluşu planından çıxarış hazırlanmışdır. Yəni, torpaq sahəsi qanunvericiliyə uyğun olaraq iddiaçının istifadəsinə verilmişdir. Bundan əlavə, iş materiallarında olan üçüncü şəxs X7 aid olan Şəhadətnamənin verilməsinə əsas olmuş Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı arxivdə aşkar edilməmiş və ona məxsus torpaq sahəsinin 320 kv.metr hissəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi cavabdeh orqan və üçüncü şəxs tərəfindən sübut edilməmişdir. Belə ki, üçüncü şəxsə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil edilməmiş, mübahisəli torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, İddiaçı satın aldığı Xırdalan şəhəri ərazisində yerləşən 360 kvadrat metr torpaq sahəsinə yeni plan və cizginin verilməsi, həmçinin mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar