Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3905/2023 18.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Ədliyyə Nazirliyinə qarşı “mərhum həyat yodaşı X4 ölüm haqqında şəhadətnaməsində düzəliş edilməsi, ölüm səbəbinin kəllə-beyin travması deyil, minaya düşməsi nəticəsində həlak olmasının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X5 Azərbaycan Dəmir Yolları QSC- də 1986-1993-cü illərdə növbətçi kimi çalışmışdır. xx.xx.1993-cü ildə gecə növbəsində olarkən, iş vaxtı ərzində yanında olan digər iş yoldaşı ilə minaya düşərək dünyasını dəyişmişdir. İş yoldaşı komada olsa da, bir müddət sonra ayılmış və hal-hazırda yaşayır. Lakin həyat yoldaşı yerindəcə dünyasını dəyişmişdir. Yoldaşı iş vaxtı minaya düşməsi nəticəsində dünyasını dəyişdiyi halda, ölüm haqqında şəhadətnamədə kəllə beyin travması nəticəsində öldüyü qeyd olunmuşdur. İddiaçı bu yaxınlarda DSMF-yə yoldaşının adına olan pensiyasının onun adına keçməsinə görə müraciət etdikdə, aşağıda qeyd etdiyi halların şahidi olmuşdur: belə ki, yoldaşının əmək kitabçası itdiyinə görə oğlu yoldaşının işlədiyi yerdən arxiv arayışı almışdır. Orda qeyd olunanlara əsasən, guya yoldaşı öz istəyi ilə xx.xx.1992-ci ildə işdə azad edilmişdir. Halbuki yoldaşı 1993-cü ildə iş vaxtı minaya düşərək dünyasını dəyişmişdir. Sənəddə saxtakarlığa yol verilmiş və ölüm halı gizlədilmişdir. İş yeri olaraq Azərbaycan Dəmir Yolları QSC bu halı ört-basdır etmiş və haqqı tapdanmışdır. Mümkün deyil ki, 1993-cü ildə iş vaxtı minaya düşməsi nəticəsində vəfat etmiş adam 1992-ci ildə işdən öz xahişi ilə çıxmış olsun. Ölüm haqqında şəhadətnamədə dəyişiklik edilməsi və düzgün ölüm səbəbinin qeyd edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, cavabdeh qurum tərəfindən imtina cavabı verilmişdir. Odur ki, ölüm haqqında şəhadətnaməyə düzəliş edilməsi və düzgün öülm səbəbinin qeyd edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə məhkəmə qaydasında qoyulmasına zərurət meydana gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini göstərsə də mövcud tələb üzrə cavabdeh orqan Ədliyyə Nazirliyi deyil, Nazirliyin müvafiq yerli qurumu ola bilər. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi özünün xx.xx.2023-cü il tarixli, 3-16-5/2-13-23-6/2023 saylı məktubda iddiaçıya hüquqi yardım edərək izah etmişdir ki, “Xızı rayon Şuraabad qəsəbə icra nümayəndəliyi tərəfindən mərhum əriniz Oruc Baxışovun ölümü haqqında tərtib edilmiş xx.xx.1993-cü il tarixli 7 nömrəli ölüm haqqında akt qeydində mərhumun ölüm səbəbi Xızı rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş ölüm haqqında arayışa əsasən yazılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 25 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş və 31 oktyabr 2003-cü ilədək qüvvədə olmuş “Azərbaycan SSR-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında Təlimaf’m 106-cı bəndinin tələblərinə əsasən ölüm baş verdikdən və ya meyit tapıldıqdan sonra üç sutkadan gec olmayaraq ölüm haqqında məlumat verilməli idi. Ölüm faktı tibb müəssisəsinin arayışı ilə (ölüm haqqında həkim arayışı və ya ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməli, həmin arayış ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı onun üzərinə qeydlərin nömrəsi, ölümün qeydiyyatının tarixi yazılmalı idi. Ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə ölüm qeyd edilirdi. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Xızı rayon qeydiyyat şöbəsindən əldə olunmuş məlumatda kifayət qədər əsaslar olmadığından dəyişikliyin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməsinin mümkün olmadığı bildirilir.” Göründüyü kimi inzibati orqanın hərəkətlərində qanunsuzluq olduğu halda belə cavabdeh Ədliyyə Nazirliyi deyil, Xızı rayonu üzrə mvafiq qurum cavabdeh ola bilərdi. Lakin məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məktubunda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qeydiyyat qeydiyyat orqanın səhvi nəticəsində aparılmadığına görə akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Hazırda iddiaçının tələbinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən həlli üçün əsas mövcud deyil. Mübahisələndirilən qeydiyyat qeydiyyat orqanın səhvi nəticəsində aparıldığı halda, həmin düzəliş qeyd edilən normaya əsasən qeydiyyat orqanı tərəfindən düzəldilə bilər. Lakin belə bir hal hazırkı işdə mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə əsasən müvafiq ümumi məhkəməyə müraciət edilə bilər.) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev