Məhkəmə qərarları › İş №2-1(118)-391/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-391/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-391/2020 03.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxxx 2016-cı il tarixli əmrinin ləğv edilməsi və iddiaçının dövlət təhlükəsizlik orqanlarında xidmətə bərpa olunması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxxx 2016-cı il tarixli əmrinin ləğv edilməsi və iddiaçının dövlət təhlükəsizlik orqanlarında xidmətə bərpa olunması barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4031/2019 saylı qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2005-ci il tarixdən keçmiş MTN-in X2 gizir rütbəsində həqiqi xidmətə qəbul olunmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını boksçu ixtisası ilə bitirmiş, əlbəyaxa döyüş növləri üzrə peşəkar idmançı kimi 11 ildən artıq müddətdə DTX-nin (keçmiş MTN-in) bir neçə struktur bölməsində müxtəlif vəzifələrdə qüsursuz xidmət aparmışdır, hər zaman üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmış, zabit rütbəsinə layiq görülmüş, nümunəvi xidməti ilə bağlı dəfələrlə mükafatlandırılmışdır. Lakin iddiaçı heç bir əsaslı səbəb olmadan Dövlət Təhlükəsizlik Xidmətinin xx xxxxxx 2016-cı il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, Dövlət Təhlükəsizlik Xidmətinin xx xxxxxx 2016-cı il tarixli əmri qanunsuz və əsassızdır, həmin əmr ləğv edilməli və o Dövlət Təhlükəsizlik Xidməti orqanında xidmətə bərpa olunmalıdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və idianın təmin olunmasını xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq, xx xxxxxx 2016-ci ildən başlayaraq, başqa idarələrdə işlədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddianı müdafiə etmiş, məhkəmənin hüquqi yardımından sonra iddia müddətini ötürmədiklərini, cavabdehin xx xxxxxx 2019-cu il tarixli məktubunu aldıqdan sonra məhkəməyə müraciət etdiklərini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddianı qəbul etməmiş və iddia müddətinin buraxıldığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçının “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxxx 2016-cı il tarixli əmrinin ləğv edilməsi və iddiaçının dövlət təhlükəsizlik orqanlarında xidmətə bərpa olunması”na dair tələbinə münasibətdə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPMnin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Lakin hazırki iş üzrə iddiaçı xx xxxxxx 2016-cı il tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İş materillarında olan ******* saylı əmək kitabçasının sürətindən görünür ki, iddiaçı 2503 nömrəli əmrlə xx.xx.2016-cı il tarixdə işdən azad edilmiş, xx.xx.2016-cı il tarixdə ləğv prosesində olan QSC “Bank Standart” KB-də Bankın inzibati departamentinin təhlükəsizlik üzrə mütəxəssisi vəzifəsinə təyin edilmiş daha sonra isə əmək fəaliyyətinə digər müəssisədə davam etmişdir. Göründüyü kimi iddiaçı cavabdehin sözügedən əmrindən məlumatı olmuşdur. Buna baxmayaraq o, sözügedən əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə xx.xx.2019-cu il tarixdə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxxxx 2016-cı il tarixli əmrinin ləğv edilməsi və iddiaçının dövlət təhlükəsizlik orqanlarında xidmətə bərpa olunmasına dair iddiası qeyri mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar