Məhkəmə qərarları › İş №2-1(118)-391/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-391/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-391/2023 19.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “onun mənzil növbəsindən çıxarılması və mənzil kirayəsi ödənişinin dayandırılması barədə Cavabdeh Başçısının sərəncamının ləğv olunması, ailə üzvlərilə birlikdə yaşayış sahəsi ilə təmin olunması üçün icra hakimiyyətində mənzil növbəsinə bərpa edilməsi və yaşayış sahəsi ilə təmin olunana qədər AR Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsinin Cavabdehnə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və mayor hərbi rütbəsində AR Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli, 0755 saylı əmri ilə “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. 2016-cı ildə Cavabdeh müvafiq sərəncamı ilə 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilmiş və həmin tarixdən müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin olunmağa başlamışdır. Daha sonra isə xx.xx.2022-ci il tarixdən Cavabdeh Başçısının sərəncamı ilə mənzil növbəsindən çıxarılmış və ona mənzil kirayə xərclərinin ödənilməsi dayandırılmışdır. İddiaçı mənzil növbəsinə bərpa olunmağı və mənzillə təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsinin bərpa olunması xahişi ilə Cavabdehnə müraciət etmişdir. Müraciətinə 8/089 №-li, xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, o AR Müdafiə Nazirinin xx.xx.2015- ci il tarixli, 0755 saylı əmri ilə “Hərbi XidmətKeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. İmtinanı əsassız və qanunsuz hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda yazılıb: Maddə 12.2 “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və yaşayış sahəsi olmayan hərbi qulluqçuların, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Maddə 12.7 Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında hakimiyyəti orqarımm müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). 10.Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “onun mənzil növbəsindən çıxarılması və mənzil kirayəsinin ödənişinin dayandırılması barədə Qobustan Rayonu İcra Hakimiyyəti başçısının Sərəncamının ləğv olunması, ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunana qədər kirayə haqqı ilə təmin olunması vəzifəsinin cavabdeh Qobustan Rayonu İcra Hakimiyyətinə həvalə edilməsi” tələbinə dair mübahisə ilə bağlı bildiririk ki, Rəsulov X1 Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə alınması üçün müraciət etməmiş, mənzil növbəsinə götürülməmiş, bununla bağlı heç bir Sərəncam verilməmişdir. Mənzil növbəsinə götürülməsi üçün xx.xx.2022-ci il tarixdə (məhkəmədə iddia qaldırdıqdan sonra) müraciət etmiş, mübahisə ilə bağlı məhkəmə iclası təyin olunduğuna görə, adı çəkilən iddia tələbi ilə bağlı işə baxılıb yekunlaşana və bununla bağlı qərar qanuni qüvvəyə minənə qədər hər hansı qərarın verilməsi mümkün olmamışdır. Vətəndaşın təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışdan məlum olmuşdur ki, adında JN 500A nömrəli şəhadətnaməyə əsasən 0.6 sot həyətyanı torpaq sahəsi vardır. Bu səbəbə görə İddiaçı mənzil növbəsinə götürmək mümkün olmamışdır. Mənzil növbəsinə götürülməyən hərbi qulluqçunun mənzil kirayə xərclərinin ödənilməsi qeyrimümkündür. Əlavə olaraq tərəfimizdən xx.xx.2022- ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə adı çəkilən hərbi qulluqçunun Müdafiə Nazirliyində mənzil növbəsində olub-olmaması, müsbət olduğu halda, növbədə neçənci şəxs olması, nə zaman mənzillə təmin olunması barədə məlumat verilməsi üçün müraciət edilmişdir. “Hərbi Qulluqçuların Statusu Haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilən qaydada mənzil kirayə xərclərinin ödənilməsi qaydası Nazirlər Kabinetinin 174 nömrəli Qərarında öz əksini tapmışdır. Belə ki, mənzil növbəsinə götürülmüş bütün ehtiyata və istefaya buraxılmış hərbiçilərə deyil, yalnız aşağıdakı hərbi qulluqçulara kompensasiya ödənilir: Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilir. Vətəndaş İddiaçı isə “Hərbi xidmətkeçmə haqqında Əsasnaməmin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytında tez-tez verilən suallar bölməsində Ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular müvəqqəti mənzil kirayə xərclərini necə ala bilər? sualına cavabda göstərilir ki: "Ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçuların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına uyğun olaraq yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi əvəzinə pul kompensasiyasının ödənişi yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrasıdır, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə iddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Belə ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən ehtiyatda olan mayor İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin kursantı, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, xx.xx.2002-ci il tarixdən xx.xx.2003cü il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri, xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə direktrisa rəisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissdə mərkəz rəisinin müavini vəzifələrində xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2015-ci il tarixli müvafiq əmrinə əsəsən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinə göndərilmişdir. İş materiallarından görsənir ki, iddiaçıya mənzil kirayə xərci verilsə də, kirayə xərcinin verilməsi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. İddiaçı onun mənzil növbəsindən çıxarılması və mənzil kirayəsi ödənişinin dayandırılması barədə Cavabdeh Başçısının sərəncamının ləğv olunması, ailə üzvlərilə birlikdə yaşayış sahəsi ilə təmin olunması üçün icra hakimiyyətində mənzil növbəsinə bərpa edilməsi və yaşayış sahəsi ilə təmin olunana qədər AR Nazirlər Kabinetinin 174 №li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsinin Cavabdehnə həvalə edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “onun mənzil növbəsindən çıxarılması və mənzil kirayəsinin ödənişinin dayandırılması barədə Qobustan Rayonu İcra Hakimiyyəti başçısının Sərəncamının ləğv olunması, ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunana qədər kirayə haqqı ilə təmin olunması vəzifəsinin cavabdeh Qobustan Rayonu İcra Hakimiyyətinə həvalə edilməsi” tələbinə dair mübahisə ilə bağlı bildiririk ki, Rəsulov X1 Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə alınması üçün müraciət etməmiş, mənzil növbəsinə götürülməmiş, bununla bağlı heç bir Sərəncam verilməmişdir. Mənzil növbəsinə götürülməsi üçün xx.xx.2022-ci il tarixdə (məhkəmədə iddia qaldırdıqdan sonra) müraciət etmiş, mübahisə ilə bağlı məhkəmə iclası təyin olunduğuna görə, adı çəkilən iddia tələbi ilə bağlı işə baxılıb yekunlaşana və bununla bağlı qərar qanuni qüvvəyə minənə qədər hər hansı qərarın verilməsi mümkün olmamışdır. Məhkəmə ilk növbədə hazıkı mübahisə ilə bağlı tənzimləyici hüquq normalarına istinad etməyi vacib sayır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən : Maddə 1.1 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 41. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ....xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda (maddə 41.0.3); “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 5-ci bəndinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər. 7-ci bəndinə əsasən Gizir və miçmanlara könüllü həqiqi hərbi xidmət keçən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərbi rütbələr verilən aşağıdakı hərbi qulluqçular aiddir: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (Azərbaycan Ordusunun və sərhəd mühafizə orqanlarının hərbi gəmiləri (katerləri) və bu gəmilərin (katerlərin) döyüş təminatını həyata keçirən sahil hissələri istisna olmaqla) və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) - kiçik gizir, gizir, baş gizir; Azərbaycan Ordusunun və sərhəd mühafizə orqanlarının hərbi gəmilərində (katerlərində) və bu gəmilərin (katerlərin) döyüş təminatını həyata keçirən sahil hissələrində - kiçik miçman, miçman, baş miçman. 146-cı bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. -156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci hissəsinə əsasən: Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində – 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində – 55 manat. Məhkəmə qeyd edir ki, bu kateqoriya işlərdə fəqli məhkəmə təcrübələri olduğuna görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadı qəbul edilmişdir. Qərardadda qeyd edilmişdir ki, .....Qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Konstitusiya Məhkəməsi həmin qərardadında əlavə olaraq bildirmişdir ki, “Qeyd olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü də istisna edilməməlidir.” Göründüyü kimi Konstitusiya Məhkəməsi qeyd edilən qərarında ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirdiyini müəyyən etsədə, hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyünü də istisna etməmişdir.” İnzibati İcraat haqqında Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İnzibati İcraat haqqında Qanuna əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı işdə isə cavabdeh inzibati orqan apardığı inzibati icraatı qanunvericliyin tələblərinə uyğun aparmamış, müvafiq qərar qəbul edilməsinin mümkün olmadığını bildirmiş, faktiki xarakterli hərəkətlər etsə də müvafiq qərarlar qəbul etməmiş, iddiaçının ilkin olaraq kirayə haqqı ilə təmin olunması əsaslarını məhkəməyə təqdim etməmiş, iddiaçının xeyrinə ola biləcək halları araşdırmamış, inzibati icratı tam aparmamış, yekun inzibati akt qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilənləri, yuxarıda qeyd edilən hüquq normalarının tələblərini və məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə alaraq müvafiq inzibati icraat aparmalı və əsaslandırılmış qərar qəbul etməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilənləri, yuxarıda qeyd edilən hüquq normalarının tələblərini və məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə alaraq müvafiq inzibati icraat aparmaq və əsaslandırılmış inzibati akt qəbul etmək öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar