Məhkəmə qərarları › İş №2-1(118)-3917/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3917/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3917/2025 07.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı İmaməli oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı İmaməli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixli qərarının qiymətləndirilmə tarixi hissəsində ləğv edilməsi və əlilliyin qiymətləndirilməsinin xx.xx.2024-cü il tarixdən hesablanması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı İmaməli oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı bağlı xx.xx.2024-cü il tarixli qərarının qiymətləndirilmə tarixi hissəsində ləğv edilməsi və əlilliyin qiymətləndirilməsinin xx.xx.2024-cü il tarixdən hesablanmasının cavabdeh təşkilata həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Ona xx.xx.2019-cu il tarixdən 2-ci dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş, ödənişi əlillik müddətin bitməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. xx.xx.2024-cü il tarixdən təkrar müayinə əsasında yenidən iddiaçıya 2 il müddətinə orqanizm funksiyaların 65% pozulmasına görə əlilliyi müəyyən edilmiş və həmin tarixdən yenidən 220 manat məbləğində əlilliyə görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməli olan sosial müavinət məbləğini isə cavabdeh təşkilat 6 ay müddət keçməsinə əsas gətirərək ödəməkdən imtina edir. Buna səbəb olaraq, cavabdeh təşkilatın əlilliyin qiymətləndirmə tarixinin xx.xx.2024-cü il olmasını qeyd edir. İddiaçı bununla razı deyil, çünki müddətin bu qədər uzanmasının səbəbkarı elə cavabdehin özüdür. Onların əsassız, təkrar-təkrar müayinələri, hipokratik süründürməçilik halları müddətin bu qədər uzanmasına səbəb olmuşdur. Bu müddət ərzində iddiaçının sağlamlığında müsbətə doğru heç bir irəliləyiş olmamışdır. Müalicə xərclərini qarşılaya bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, icraatınızda olan İddiaçı İmaməli oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildiririk ki, vətəndaşın əlillik vəziyyəti səhiyyə müəssisəsinin Y00218992XED nömrəli göndərişinə əsasən, xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması”qərarı verilmişdir. Ətraflı səbəb: “İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin.”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin Y00218992XED nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyacın olması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Ətraf arteriyalarının aterosklerozu, aşağı ətraf arteriyaların aterosklerozu. Hər iki səthi bud və baldır arteriyasının stenooklyuziyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.6.1.2 bəndinə əsasən, orqanizmin funksiyalarının 65% pozulmasına görə 2 il müddətinə əlillik təyinatı aparılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən, tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçı tərəfindən şikayət verilməsi müddətinin ötürülməsini bildirərək, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir.

II. İddianın mümkünlüyü

6. İddiaçının ilkin əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).

9. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

10. Hazırki iddia mübahisələndirməyə dair iddiadır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

11. İddia tələbi xx.xx.2024-cü il tarixli qərarının qiymətləndirilmə tarixi hissəsində ləğv edilməsi və əlilliyin qiymətləndirilməsinin xx.xx.2024-cü il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

13. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən 2-ci dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş, ödənişi əlillik müddətin bitməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. xx.xx.2024-cü il tarixdən təkrar müayinə əsasında yenidən iddiaçıya 2 il müddətinə orqanizm funksiyaların 65% pozulmasına görə əlilliyi müəyyən edilmiş və həmin tarixdən yenidən 220 manat məbləğində əlilliyə görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməli olan sosial müavinət məbləğini isə cavabdeh təşkilat 6 ay müddət keçməsinə əsas gətirərək ödəməkdən imtina edir. Buna səbəb olaraq, cavabdeh təşkilatın əlilliyin qiymətləndirmə tarixinin xx.xx.2024cü il olmasını qeyd edir. İddiaçı cavabdeh orqanın mövcud olan qərarını mübahisələndirərək, qərarının qiymətləndirilmə tarixi hissəsində ləğv edilməsi və əlilliyin qiymətləndirilməsinin xx.xx.2024-cü il tarixdən hesablanmasını xahiş etmişdir.

14. Göründüyü kimi, iddiaçı 03 ay 21 gün müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.

15. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Kəpəz Hospitalda ayağından əməliyyat olmuş, xx.xx.2024-cü il tarixdə isə Topçubaşov xəstəxanasında ürəyindən açıq əməliyyat olmuşdur. xx.xx.2024-cü il tarixədək Topçubaşov xəstənanasında həkim nəzarət altında olmuşdur. Sumqayıt şəhər 2 №-li xəstəxana Forma 88-i bir dəfə xx.xx.2024-cü ildə cavabdehə göndərib. Sənədlərinin natamam olduğu bildirilmişdir. 2-ci dəfə xx.xx.2024-cü il tarixdə göndərilib. Cavabdehin növbəti imtinası bundan sonra olmuşdur. Qeyd olunan üzrlü səbəblərdən sözügedən qərardan şikayət vermək müddəti tərəfindən ötürülmüşdür.

16. İddiaçı narazı qaldığı xx.xx.2024-cü il tarixli inzibati aktdan vaxtında məlumatlı olduğunu etiraf etdiyi halda, hazırki iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsini əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, buraxılmış müddətin üzrlü hesab edilməsi barədə əsaslar mövcud deyildir və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).

17. Məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir.

18. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. X4-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar