Məhkəmə qərarları › İş №2-1(118)-392/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-392/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-392/2023 06.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Müdafiə Nazirliyinin nəznində Quru Qoşunlarının tərkibində N saylı hərbi hissə komandirinin hərbi xidmət keçmə haqqında qanunların pozulmasına yol verilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək normativ hüquqların pozulmasına yol verərək qanunsuz və ədalətsiz qəbul etdiyi protokol və qərarlardan irəli gələn 156-cı maddənin “E” bəndində qəbul edilmiş əmri əsassız olaraq hüquqi qiymət verərək rədd edilməsinə və onun hərbi xidmətdə sonuncu tutduğu vəzifəyə qaytarılmağı”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “cavabdeh Müdafiə Nazirliyinin nəznində Quru Qoşunlarının tərkibində N saylı hərbi hissə komandirinin hərbi xidmət keçmə haqqında qanunların pozulmasına yol verilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək normativ hüquqların pozulmasına yol verərək qanunsuz və ədalətsiz qəbul etdiyi protokol və qərarlardan irəli gələn 156-cı maddənin “E” bəndində qəbul edilmiş əmri əsassız olaraq hüquqi qiymət verərək rədd edilməsinə və onun hərbi xidmətdə sonuncu tutduğu vəzifəyə qaytarılmağı”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası SHXÇDX-nin Şabran Rayon Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixində həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.2012-ci il tarixdə hərbi xidmətini başa vurmuşdur. 2017-ci ilinin iyul ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təlim-tədris məktəbinin Gizir hazırlıq kursuna qəbul olunmuşdur. 02 oktyabr 2017-ci il tarixdə kursu bitirmişdir. Həmin tarixdə də Göy-Göl rayonunda yerləşən N saylı hərbi hissənin 4-cü Taborunun 14-cü Bölüyünün 3-cü Tağım Komandirinin müavini vəzifəsində xidmətə başlamışdır. xx.xx.2019-cu il tarixdə hərbi xidmət keçmənin 156-cı maddəsinin "E" bəndinə əsasən xidmətə uyğunsuzluqla xidmətdən azad olunmuşdur. Xidməti zamanı çox saylı təşəkkürlər hərbi hissə komandiri tərəfindən almış, Vətəninə canla başla xidmət etmişdir. Sonradan N saylı hərbi hissənin komandiri şəxsi mənafeylərini güdərək ona şər və böhtan ataraq narkotik maddə qabul etməyi ilə ittiham etmişdir. Hərbi hissə komandirinin dedikləri doğrudursa, Narkoloji testdən keçməyi üçün onu Narkoloji Dispanserə göndərməli idi. Cavabdeh N saylı hərbi hissənin komandiri hərbi xidmət keçmə haqqında qanunlara istinad etməyərək normativ hüquqların pozulmasına yol verərək öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək yəni, heç bir yoldaşlıq Məhkəməsi olmadan qəbul edilmiş qərar hərbi xidmətkeçmə haqqında qanunlara ziddir. Bu nöqteyinəzərdən hesab edir ki, inzibati Məhkəmə inzibati orqanın (Müdafiə Nazirliyinin) tabeliyində olan N saylı hərbi hissənin qəbul etdiyi qərarları əsassız və qanunsuz hesab etməlidir. Buraxılmış normativ hüquq pozuntularının araşdırılması üçün tərəflərə sorğu verərək qəbul edilmiş qərarın əsassız olunmasını sübutlara yiyələnərək ləğv edilməsi haqqında Məhkəmə hüquqi qiymət verməlidir. Narkoloji Dispanserdən keçmədən, qan testi vermədən öz başına qərar qəbul etdi, bildirmişdir ki, narkotik qəbul etmisən. Hərbi xidmət keçmənin Əsasnaməsinin 156-cı maddənin "E" bəndini əsas gətirərək xidmətə uyğunsuzluqla xidmətdən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referens Laboratoriyasında norkotika qarşı qan analizi vermiş, həmin analizin cavabları müsbət nəticə vermişdir. Lakin N saylı hərbi hissənin komandiri iddiaçının normativ hüquqlarını kobud surətdə pozaraq qanuna zid şəkildə onu xidmətdən azad etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, əmr ona elan olunmamışdır, verilməmişdir. Hərbi bileti, sənədləri 2 ay sonra Komissarlıqdan almışdır. 156-e bəndi ilə ehtiyata buraxılmışdır. Dəfələrlə müraciət etmiş, deyilmişdir ki, gözləsin. Tağım komandiri müavini olmuşdur. Müdafiə Nazirliyinə, hərbi hissəyə müraciətləri olmuşdur. Yoldaşlıq məhkəməsi keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, nə əmr , nə də əmək kitabçası idiaçıya təqdim edilməmişdir. Əmr iddiaçıya yalnız bir cümlə ilə elan olunmuş, təqdim edilməmişdir. 2018-ci ildə komandiri ilə və təkrarən 2022-ci illərdə iki dəfə müayinədən keçmişdir, qanında narkotik maddə aşkar edilməmişdir. Cavabdeh inzibati orqan məhkəmə sorğusuna cavabında qeyd etmişdir ki, “İnzibati icraat’’ haqqında Azərbaycan Respublikası Qanununun inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətlidir, («inzibati icraat» haqqında Qanunun şərhi) 3 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Beləliklə də, Əsasnamənin qeyd olunan müddəalarında hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarışın elan olunmasına dair norma əks edilmiş, əmrin hərbi qulluqçuya bilavasitə verilməsinə dair bilavasitə göstəriş əks edilməmişdir. İddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. İddiaçı bu hüquqdan istifadə etməmiş əmr onun mübahisələndirilməsi üçün inzibati-prosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət ötürülməklə üç il sonra mübahisələndirilmişdir. Belə ki, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qəragah rəisinin 25 yanvar 2019-cu il tarixli müvafiq əmri ilə gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Lakin, iddiaçı inzibati orqanın 25 yanvar 2019-cu il tarixli əmrini 3 il sonra mübahisələndirmişdir. Bununla da, iddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.3-cü bəndinə göstərilmişdir ki, məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olun olmaması, qanunverciliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığla yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37.1 -ci maddəsinə əsasən yoxlamalıdırlar. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin nəzdində Quru Qoşunlarının tərkibində N saylı hərbi hissə komandirinin hərbi xidmət keçmə haqqında qanunların pozulmasına yol verilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək normativ hüquqların pozulmasına yol verərək qanunsuz və ədalətsiz qəbul etdiyi protokol və qərarlardan irəli gələn 156-cı maddənin “E” bəndində qəbul edilmiş əmri əsassız olaraq hüquqi qiymət verərək rədd edilməsinə və onun hərbi xidmətdə sonuncu tutduğu vəzifəyə qaytarılmağını məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçı Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qəragah rəisinin 25 yanvar 2019-cu il tarixli müvafiq əmrini mübahisələndirir. İddia mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericilyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Lakin hazırki iş üzrə iddiaçı qeyd edilən 6 aylıq müddəti də üzürlü səbəb olmadan buraxaraq məhkəməyə müraciət etmişdir. İddiaçı həmin qərarla tanış olduğu halda qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək üç ildən artıq müddət keçdikdən sonra məhkəmədə 06 iyul 2022-ci il tarixdə iddia qaldırmışdır. İddiaçı özü də izahatında 2 ay sonra sənədlərini hərbi komissarlıqdan aldığını etiraf etmişdir. Buna baxmayaraq o, sözügedən əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüş, üç ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, bu qədər müddətdən sonra məhkəmədə iddia qaldırılması hüquqi müəyyənlik prinsipi ilə ziddiyət təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar