Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-394/2025 20.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı Rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamı və iddiaçı ilə Xızı Rayon İcra Hakimiyyəti arasında torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə bağlanılmış 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsi əsasında sahibkarlığı inkişaf etdirmək məqsədi ilə icarəsinə verimiş və Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli,JN-8250 kod 30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə“yə əsasən üzərində icarə hüququ yaranmış Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisində yerləşən 25 hektar torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı Rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamı və iddiaçı ilə Xızı Rayon İcra Hakimiyyəti arasında torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə bağlanılmış 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsi əsasında sahibkarlığı inkişaf etdirmək məqsədi ilə icarəsinə verimiş və Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli,JN-8250 kod 30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə“yə əsasən üzərində icarə hüququ yaranmış Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisində yerləşən 25 hektar torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1298/2024 saylı qərardadına əsasən iş üzrə icraat dayandırılmışdır. Daha sonra Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-394/2025 saylı qərardadına əsasən isə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, Xızı rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamı ilə sahibkarlığı inkişaf etdirmək məqsədi ilə Xızı rayonunun “Qızıldərə” adlandırılan asudə dövlət torpaq fondunun ərazisindən 25 hektar kənd təsərrüfatında istifadə edilməyən örüş torpaq sahəsi müvəqqəti istifadə üçün iddiaçının icarəsinə verimişdir. Qeyd edilən sərəncam əsasında iddiaçı ilə Xızı rayon İcra Hakimiyyəti arasında torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Sadalanan hüquq müəyyənedici sənədlər əsasında Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisində yerləşən 25 hektar torpaq sahəsi 2005-ci ilin dekabr ayında müvəqqəti istifadə hüququ ilə iddiaçının adına dövlət qeydiyyatından keçirilmiş və bununla bağlı Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli, JN-8250 kod 30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” verilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A №018281 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək X3 kitabında 23 oktyabr 2007-ci il tarixdə 148 nömrə ilə qeydiyyata alınmışdır. Bir müddət əvvəl qeyd edilən torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilməsi və bununla bağlı müvafiq reyestr çıxarışının və torpağın planı və ölçüsünün verilməsi üçün aidiyyəti üzrə cavabdehə müraciət etdikdə qarşı tərəfin süni maneələri ilə qarşılaşmışdır. Belə ki, torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatı ilə əlaqədar etdiyi müraciətə cavabdeh tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli, 3-21-3-31/2-2044/2023 saylı cavab məktubunda torpaq sahəsindən başqa şəxsin istifadə etdiyi, eləcə də torpağın elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş torpaqları kimi qeyd edildiyi, həmçinin torpaq sahəsinin sərhədindən 8,7 metr aralı məsafədə 10 kv-luq vüksək gərginlikli elektrik xəttinin, 31-40 metr aralıdan isə dəmiryolu xəttinin keçdiyinin müəyyən olunduğu bildirilərək müraciətinin icrasından imtina olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır və müəyyən edilmişdir ki, Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, tərəfinizdən sözügedən torpaq sahəsinin yerləşdiyi yeri idarənin mütəxəssislərinə göstərmək mümkün olmadığı üçün kadastr planında qeyd edilən koordinatlara əsasən torpaq sahəsinə müayinə baxış keçirilmiş və torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Bundan əlavə müayinə baxışı keçirilərkən əldə olunmuş məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş torpaqları kimi qeyd edilmişdir. Əlavə olaraq, müayinə baxışı keçirilərkən torpaq sahəsinin sərhədindən 8.7 metr aralı məsafədən 10 kV-luq yüksək gərginlikli elektrik xəttinin, 31.40 metr aralı məsafədən isə dəmiryolu xəttinin keçdiyi müəyyən olunmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: JN 8250 KOD30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”; A № 018281 saylı torpaq sahəsinin plün-ölçüsü; cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu; məhkəmə araşdırma nəticəsində əldə edilmiş digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xızı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 170 saylı sərəncamı ilə İddiaçı Xızı rayonu, “Qızıldərə” kəndi ərazisindən 25 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və icarəsində olmuşdur. Buna dair iddiaçının adına JN 8250 KOD 30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” tərtib edilmişdir. Daha sonra isə iddiaçının adına A №018281 saylı “Torpaq sahəsinin plan-ölçü” sənədi tərtib edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncam, o cümlədən dövlət aktı və plan-ölçü sənədi ilə də təsdiq edilir. İddiaçı hazırda 25 ha torpaq sahəsi üzərində icarə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 21 iyun 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi sözügedən torpaq sahəsinin yerləşdiyi yerin idarənin mütəxəssislərinə göstərmək mümkün olmadığı üçün kadastr planında qeyd edilən koordinatlara əsasən torpaq sahəsinə müayinə baxış keçirilərkən torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyini, elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı torpaq sahəsinin elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş torpaqları kimi qeyd edildiyini, müayinə baxışı keçirilərkən torpaq sahəsinin sərhədindən 8.7 metr aralı məsafədən 10 kV-luq yüksək gərginlikli elektrik xəttinin, 31.40 metr aralı məsafədən isə dəmiryolu xəttinin keçdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və göstərdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi Xızı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 170 saylı sərəncamına əsasən İddiaçı ayrılmışdır. Buna dair tərəflər arasında 45 saylı, xx.xx.2005-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” də bağlanmışdır. Beləliklə, torpaq sahəsi Xızı Rayon İcra Hakimiyyəti Başçısının tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçının icarəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə inzibati işin hərtərəfli araşdırılmasını təmin etmək məqssədilə müvafiq sorğular ünvanlamışdır. Cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “JN-8250 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” əsasında İddiaçı icarəsinə verilmiş Xızı rayonu ərazisində yerləşən 25.0 ha torpaq sahəsinin kateqoriyası 21 iyun 2023-cü il tarixli, 3-21-3-31/2-2044/2023 saylı imtina bildirişində qeyd edildiyi kimi kənd təsərrüfatı kateqoriyalı torpaqlara aiddir (müayinə aktı və ortofoto əlavə olunur). Sözügedən torpaq sahəsinin yararlılıq dərəcəsi haqqında məlumatların, Xızı Rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2005-ci il tarixli 170 nömrəli sərəncamı və həmin tarixli 45 nömrəli icarə müqviləsinin, həmçinin qonşuluqda yerləşən JN-6371 (icarə müqaviləsinin müddəti başa çatıb) və JN-8251 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin (şəhadətnamələrin təsdiq edilmiş surəti əlavə olunur) hazırlanmasına əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi üçün “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-yə müraciət etməyiniz tövsiyə olunur. Eyni zamanda bildirmək istəyirik ki, Xızı Rayon İcra Hakimiyyətinin vətəndaş Quliyev Güloğlan Əlİsafa oğlunun istifadəsində olan 67.0 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması və rəy verilməsi barədə 03 aprel 2023-cü il tarixli, 5-50/2-222/2023 nömrəli müraciəti əsasında əraziyə baxış keçirilərkən torpaq sahəsi üzərində JN-6371, JN- 8250 və JN-8251 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin qeydiyyata alındığı aşkar edilmiş və bu səbəbdən müraciətin icrasından imtina olunmuşdur”. Həmçinin həmin məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktında torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olduğu; həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki ölçüsünün 25 ha olduğu; texniki inventarlaşdırma zamanı mübahisə halının baş vermədiyi; həmin torpaq sahəsinin başqa vətəndaş tərəfindən əkildiyi; elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsinin örüş torpaqlarına aid olduğu; torpaq sahəsinin sərhəddindən 8.7 metr aralı məsafədən YGEX (10 KV) və 31.40 metr məsafədən isə dəmiryol xətti keçdiyi qeyd edilmişdir. Xızı rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda Xızı rayon rayon İcra Hakimiyyəti Başçısının 55 nömrəli, 17 iyun 2016-cı il tarixli sərəncamına əsasən iddiaçının icarəsinə torpaq sahəsinin ayrılmasına dair Xızı rayon rayon İcra Hakimiyyəti Başçısının 170 nömrəli, 23 dekabr 2005-ci il tarixli sərəncamının və 45 nömrəli 23 dekabr 2005-ci il tarixi müqavilənin ləğv edildiyini qeyd etmişdir. Məhkəmə iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə üst-üstə düşmə halının müəyyənləşdirilməsi məqsədilə cavabdeh orqana müvafiq sorğular ünvanlanmışdır. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda elektron kadastr məlumat bazasına əsasən sözügedən JN 8250 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” nin JN 8251 və JN 6371 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”lərlə üst-üstə düşməsinin aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi üçün cavabdeh orqana sorğu ünvanlamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Bununla əlaqədar bildiririk ki, JN-8250 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” əsasında İddiaçı icarəsinə verilmiş Xızı rayonu ərazisində yerləşən 25.0 ha torpaq sahəsinin faktiki ölçüləri və koordinatları təqdim edilir. İdarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilən zaman mübahisə halı qeydə alınmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisinin müəyyən edilməsi mümkün olmamışdır”. Məhkəmə həmçinin qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 905/20255 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən “Xızı rayon İcra Hakimiyyəti başçısının Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisindən dövlət torpaq fondunun 25 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamının ləğv edilməsi və həmin sərəncamla təsdiq olunmuş 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsinə xitam verilməsi haqqında 17 iyun 2016-cı il tarixli, 55 nömrəli sərəncamı ləğv edilməsi” qərara alınmışdır. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən mübahisə predmeti olan torpaq sahəsinin iddiaçını icarəsinə verilməsinə dair sərəncamın ləğv edilməsi barədə Xızı rayon İcra Hakimiyyəti başçısının 17 iyun 2016-cı il tarixli, 55 nömrəli sərəncamı məhkəmə qərarı əsasında ləğv edildiyindən, həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş son məlumatlarda torpaq sahəsinə dair mübahisə halı və üst-üstə düşmə halı qeydə alınmadığından sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydə alınmasından cavabdeh tərəfindən imtina edilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən:
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 19cu maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xızı Rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamı və iddiaçı ilə Xızı Rayon İcra Hakimiyyəti arasında torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə bağlanılmış 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsi əsasında sahibkarlığı inkişaf etdirmək məqsədi ilə icarəsinə verimiş və Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli,JN-8250 kod 30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə“yə əsasən üzərində icarə hüququ yaranmış Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisində yerləşən 25 hektar torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Xızı Rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2005-ci il tarixli, 170 saylı sərəncamı və iddiaçı ilə Xızı Rayon İcra Hakimiyyəti arasında torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə bağlanılmış 23 dekabr 2005-ci il tarixli, 45 saylı torpaq icarə müqaviləsi əsasında sahibkarlığı inkişaf etdirmək məqsədi ilə icarəsinə verimiş və Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli,JN-8250 kod 30600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə“yə əsasən üzərində icarə hüququ yaranmış Xızı rayonunun “Qızıldərə” adlandırılan ərazisində yerləşən 25 hektar torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva