Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3949/2025 25.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı “kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş 576000 manat zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 03 saylı sərəncamı əsasında Sumqayıt şəhəri, Bakı-Quba yolunda yerləşən 0,0375 ha torpaq sahəsinin 40 kvm sahəsində yüngül konstruksiyalı inşaat materiallarından mövsümi iaşə xidməti göstərmək məqsədilə qeyri-yaşayış obyektinin quraşdırılmasına icazə verilmişdir. Sərəncama uyğun olaraq sahədə öz vəsaiti hesabına qeyri-yaşayış obyekti quraşdırmışdır. Həmin sahəyə görə dövlət reyestrindən xx.xx.2019cu ildə çıxarış verilmişdir. Obyekt fəaliyyətə başlayanda elektrik enerjisindən müqaviləyə əsasən istifadə edilirdi. 2010-2012-ci illərdə Sumqayıt-Bakı avto magistral yolu genişləndiyi üçün onun ətrafında sökünlü işləri aparılmış və obyekt də sökülmüşdür. Bu zaman ona məxsus obyektin sökülməsi ilə əlaqədar olaraq elektrik enerjisinin verilməsi dayandırılmış və Sumqayıt şəhər İşıq İdarəsi obyektdə olan elektrik sayğacını söküb aparmışdır. Obyekt ətrafında tikinti işlərini baş çatdırdıqdan sonra sənədləri qaydaya salaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən yuxarıda göstərilən sərəncamı almışdır. Bundan sonra yenidən obyektə elektrik enerjisi verilməsi məqsədilə Sumqayıt şəhər İşıq İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər İşıq İdarəsi bildirdi ki, obyektdəki köhnə abonent kodunu çıxardıb Sumqayıt “Asan Xidmət” Mərkəzinə müraciət etsin. O, köhnə kodu və obyektə aid sənədləri Sumqayıt “Asan Xidmət” Mərkəzinə xx.xx.2022-ci ildə təqdim etmişdir. Sumqayıt “Asan Xidmət” Mərkəzi razılaşmanı qəbul etmədi. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulmağı və həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacının quraşdırılması öhdəliyinin cavabdeh ’‘Azərişıq“ Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 03,09.2024-cü il tarixli, 2-1(118)-4/01/2024 saylı qərarı ilə Sumqayıt şəhəri, Bakı-Quba yolunda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulması və həmin qeyri-yaşayış sahəsində elektrik sayğacı quraşdırılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü ıl tarixli, 2-1(105)-1092/2024 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti rədd edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Lakin obyektə elektrik enerjisi cavabdehin günahı üzündən verilməmişdir. Nəticədə xx.xx.2021-ci ildən hal-hazırkı tarixə qədər qeyri-yaşayış obyektindən təyinatı üzrə istifadə edə bilmir. Qeyri-yaşayış obyektindən əvvəllər istifadə edərək hər ay 12000 manat gəlir əldə edirdi, əldə etdiyi gəlirdən dövlət büdcəsinə vergi ödəyirdi. Cavabdehin günahı üzündən 4 il ərzində qeyri-yaşayış obyektinin istifadəsindən 576000 manat (48 ay x 12000 manat = 576000 manat) gəlir əldə edə bilərdi. "xxxx" Ayıq Səhmdar Cəmiyyətinin günahı üzündən 576000 manat gəlirdən məhrum olmuşdur. İşlədiyi dövrdə ticarət obyektində 6 daimi işçi çalışmış və hər ay əmək haqqı almışlar. Hesab edir ki, vurulmuş 576000 manat zərərin tutularaq ona ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə müraciət edilməmişdir. İşin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında iddiaçı iştirak etmiş və hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələblə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-3949/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3949/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver