Məhkəmə qərarları › İş №2-1(118)-395/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-395/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-395/2021 02.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsə qarşı 23.08.1955-ci il təvəllüdlü X1 Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsindeə yerləşən 33 saylı fərdi yaşayış evində 07.07.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və bu əsasls ölüm faktını təsdiq edən tibbi şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23.08.1955-ci il təvəllüdlü X1 Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsindeə yerləşən 33 saylı fərdi yaşayış evində 07.07.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və bu əsasls ölüm faktını təsdiq edən tibbi şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X6 23.08.1955-ci il tarixdə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 33 saylı fərdi yaşayış evində vəfat etmişdir. Belə ki, onun halı qəflətən pisləşmiş və onlar dərhal X9 müraciət etmişlər. Hadisə yerinə Abşeron rayon X5 və X3 stansıyasının əməkdaşları gələnədək həyat yoldaşı vəfat etmişdir. Bi barədə ona həkim tərəfindən məlumat vərəqəsi verilmişdir. O, həmin məlumat vərəqəsini cavabdehə təqdim edərək ölüm haqqında tibbi şəhadətnamə almaq istəmiş, lakin ona imtina cavabı verilmişdir ki, ölümün səbəbi qeyd olunmadığından ölüv haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növləri müəyyən edilmişdir ki, həmin iddia növləri üzrə də cavabdehin inzibati orqan olması şərtdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) iddialara izniabti məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə cavabdeh inzibati orqan olmadığından iddia tələbinə inzibati mübahisə kimi inzibati-iqtisadi məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndində ölümün qeydə alınması qaydaları göstərilmişdir. Həmin Qaydalara əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır (8.1). Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır (8.2).Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır (8.3). Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir(8.5). Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir(8.6).Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir (8.7). Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir(8.14). Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur(8.15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Məhkəmə hesab edir ki, iddiaçıya məhz ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, ölüm haqqında tibbi şəhadətnamə tibb müəssisələri tərəfindən verilir ki, həmin şəhadətnamənin və ya arayışın verilməsi ilə bağlı həmin müəssisələrə qarşı iddialara da ümumi məhkəmələr tərəfindən baxılır. Belə ki, inzibati məhkəmə icraatını xarakterizə edən xüsusiyyətə görə bu icraatda bütün hallarda tərəfin biri kimi və bir qayda olaraq cavabdeh qismində inzibati orqan çıxış edir. Azərbaycan Rəspublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tibb müəssisələri inzibati orqan kimi müəyyən olunmamışlar. Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir ki, bu halda qeyd edilən faktın müəyyən olunmasına dair mübahisələr üzrə işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Göstərilən Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiacının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən cəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nomrəli Qərarında gostəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ucun zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər uzrə icraat qaydasında baxılmalı olan mubahisələrə dair iddialar mumkun sayılmamalı, iddiacıya aidiyyəti uzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər uzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.” Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X4 cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsə qarşı 23.08.1955-ci il təvəllüdlü X1 Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsindeə yerləşən 33 saylı fərdi yaşayış evində 07.07.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və bu əsasls ölüm faktını təsdiq edən tibbi şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı və iddiaçıya ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X4 cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsə qarşı 23.08.1955-ci il təvəllüdlü X1 Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsindeə yerləşən 33 saylı fərdi yaşayış evində 07.07.2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və bu əsasls ölüm faktını təsdiq edən tibbi şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar