Məhkəmə qərarları › İş №2-1(118)-3950/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3950/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3950/2023 17.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə, onun doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 20-si günündə 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa olunması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı bu günə kimi şəxsiyyət vəsiqəsi almamışdır. Şəxsiyyət vəsiqəsini almaq üçün aidiyyəti orqana müraciət etdikdə ona məlum olmuşdur ki, ona məxsus doğum haqqında şəhadətnamə mövcud olsa da, doğum haqqında akt qeydi mövcud deyil. Ona görə də iddiaçıya izah olunmuşdur ki, qeydiyyat şöbəsinə müraciət etsin. Qeydiyyat şöbəsində də iddiaçıya izah olunmuşdur ki, doğum haqqında akt qeydi mövcud deyil. İddiaçı akt qeydinin bərpa olunması üçün doğum haqqında şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim etmişdir. Lakin akt qeydinin bərpasından imtina olunmuşdur. Hesab edir ki, bu qanunsuzdur. Çünki ona doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı doğumu qeydə alan şəxs deyil. Doğumu qeydə almaq Qeydiyyat şöbəsinin vəzifəsidir. Onlar doğumu qeydə almadan doğum haqqında şəhadətnamə vermişdir. Yəni bu səhv onların səhvidir və bərpa etməlidirlər. Oların səhvlərindən iddiaçı bu gün özünə şəxsiyyət vəsiqəsi ala bilmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının həddi buluğa çatmasına baxmayaraq hal hazırda şəxsiyyət vəsiqəsi ilə təmin olunmamışdır. Lakin təqdim etdiyi yeganə sənəd Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə qeydə alınmış AZ-İİ 714413 saylı doğum şəhadətnaməsidir.Tərəflərindən aparılmış inzibati araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş X3 doğum haqqında şəhadətnaməsi verilmiş olsada doğum akt qeydə alınmamışdır. Bunun nəticəsində vətəndaş özünə şəxsiyyət vəsiqəsi ədə etməkdə maneələrlə üzləşmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı X1 iddia tələbinin təmin edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı onun doğum haqqında akt qeydinin bərpa edilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçıya doğum haqqında Şəhadətnamə Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmişdirsə bu halda cavabdeh orqan Cavabdeh deyil, Şamaxı rayon Qeydiyyat Şöbəsi ola bilərdi. Belə ki, doğum haqqında akt qeydinin bərpası mümkündürsə bunu Şamaxı rayon Qeydiyyat Şöbəsi edə bilərdi. Bundan başqa məhkəmə qeyd edir ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. Digər sənədlər isə həmin qeydiyyat əsasında aparılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 2-ci hissənin 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 2-ci hissənin 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi doğum haqqında akt qeydinin bərpası cavabdeh tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırda iddiaçının tələbinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən həlli üçün əsas mövcud deyil. Bu halda məhkəmə qaydasında doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. hüquqi faktın təsdiqi isə mülki məhkəmə icraatının predmetini təşkil edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən müvafiq ümumi məhkəməyə müraciət edilə bilər.) Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar