Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3950/2024 08.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə iddiaçı X1 Cavabdehnə qarşı “icra sənədi üzrə məlumatın dayandırılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 (bundan sonra - “iddiaçı”) Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı “cavabdehin göndərdiyi 28 mart 2024-cü il tarixli, 3345/16 saylı icra sənədi üzrə 4 aprel 2024-cü il tarixdə keçiriləcək evin boşaldılması ilə bağlı məcburi qaydada verdiyi məlumatın dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda 13 fevral 2004-cü il tarixli hərracın nəticələrinə və protokolun etibarsız hesab edilməsi barədə iddiaçının iddia ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Bu barədə icraata götürülməsi haqda Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın icraatında 2(005)-1538/2024 tarixli işə 4 aprel 2024-cü il tarixdə baxılacaq. Bütün bunlara baxmayaraq bu haqda Sumqayıt Şəhər İcra İdarəsinin icra məmuru Toğrul müəllimə rəsmi şəkildə sənədləri təqdim edilmişdi. Buna baxmayaraq bugün də yeganə yaşayış yeri olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 256 ünvanın boşaldılması tələbi qoyulur. Bu da iddiaçının konstitusion hüquqlarının pozulması deməkdir. Məhkəmə prosesslərinin bitmədiyi təqdirdə hansı tədbirin görülməsi onun üçün şübhə yaradır. Aşağıda göstərdiyi məhkəmə qətnamələri ilə bağlı iddiaçının heç bir xəbəri olmamış və hərracın keçirilməsində də iştirak etməmişdir. Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddianı aşağıdakı kimi şərh edir. Sumqayıt şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(060)-995/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdeh X2 və qeyrilərinə qarşı "borcun ipoteka predmetinə yönəldilməsi və s. əmlakın hərracdan satılaraq tələbin ödənilməsinə dair mülki iş üzrə iddiası qismən təmin edilmiş, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsində X6 məxsus 257 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(105)-1347/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(060)-995/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçının mənzildən çıxarılma və mənzilin boşaldılması hissəsində təmin edilmişdir. Hərrac 9 iyun 2022-ci il tarixdə, həmin hərrac baş tutmadığından təkrar hərracda qiymət 244.800 manat olmaqla 28 iyun 2022-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(102)-105/2021 saylı qərarı ilə iddiaçı "xxxx" QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayit Apellyasiya Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(105)-112/2020 saylı qətnaməsi qismən ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Təkrar hərrac da baş tutmamış elan olunduğundan ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş. "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanmış 20 iyul 2022-ci il tarixli hərracın yekunları barədə Protokola və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə həmin tarixli müqaviləyə əsasən X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 257 saylı fərdi yaşayış evi həmin bank tərəfindən 183.600 manata əldə edilmişdir. Bildirilir ki, Sumqayıt şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsinin icrasını həyata keçirən Cavabdeh və Hərrac Mərkəzi keçirilən hərraclar barədə iddiaçı məlumatlandırılmamışdır. Cavabdeh iddiaçıya keçirilən hərracın yeri və vaxtı barədə rəsmi bildiriş verməmişdir. O, hərracda iştirak etsəydi, əmlakın pulunu ödəyərək onu alardı. Lakin cavabdeh qəsdən keçiriləcək hərrac barədə iddiaçını məlumatlandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 8 may 2024-cü il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə, qərara aldı: Ərizə təmin edilsin. İddiaçı X1 Cavabdehnə qarşı “cavabdehin göndərdiyi 28 mart 2024-cü il tarixli, 3345/16 saylı icra sənədi üzrə 4 aprel 2024-cü il tarixdə keçiriləcək evin boşaldılması ilə bağlı məcburi qaydada verdiyi məlumatın dayandırılması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova
Məhkəmə qərarları › İş №2-1(118)-3950/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3950/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver