Məhkəmə qərarları › İş №2-1(118)-396/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-396/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-396/2022 17.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Masazır bələdiyyəsinin 15 iyul 2003-cü il tarixli 24 saylı qərarı əsasında satılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Abşeron rayon Masazır kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Masazır bələdiyyəsinin 15 iyul 2003-cü il tarixli 24 saylı qərarı əsasında satılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən Abşeron rayonu, Masazır kəndində 0,08 ha torpaq sahəsində inşa etdiyi 68 saylı həyət evində yaşayır. 07 və 09 iyul 2003-cü il tarixdə ərizələrlə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə müraciət edərək iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 14 iyul 2003-cü il tarixli 230 saylı məktubuna əsasən iddiaçıya və bir neçə digər şəxslərin adına torpaq sahəsinin sənədləşdirilməsi qərara alınmışdır. Abşeron rayon Masazır Bələdiyyəsinin ehtiyat fondu torpaqlarından 0,08 ha torpaq sahəsi bələdiyyənin 15 iyul 2003-cü il tarixli 24 saylı qərarına əsasən iddiaçıya satılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Abşeron rayon Masazır Bələdiyyəsinin qərarına uyğun olaraq iddiaçıya satılması nəzərdə tutulan 0,08 ha torpaq sahəsinə dair Abşeron rayon Masazır Bələdiyyəsinin **********0 saylı hesabına Masazır Bələdiyyəsinin 15 iyul 2003-cü il tarixli 24 saylı qərarına uyğun olaraq 850 000 köhnıə manatla pul ödəmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 05.09.2012-ci il tarixli 18731 saylı uçot nömrəsi ilə qeydiyyata alınan torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. Bütün bu qeyd olunanlara və Abşeron rayonu, Masazır kəndində yerləşən 0,08 ha torpaq sahəsinin dəyərini ödəməyinə baxmayaraq həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi 24.08.2021-ci il tarixli **********13 saylı məktubla dəyərini ödədiyi Abşeron rayonu, Masazır kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Bununla bağlı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Xamiyev iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 28 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur.Aparılan araşdırma zamanı Masazır Bələdiyyəsi tərəfindən İddiaçı 0,08 ha torpaq sahəsinin 15 iyul 2003-cü il tarixdə. 24 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 0.10 ha torpaq sahəsinə dair tərtib edildiyi, alqı-satqı aktının 19 iyun 2012ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. İş materiallarında olan : - -Abşeron rayon Masazır bələdiyyəsinin 15 iyul 2003-cı il tarixli 24 saylı sərəncamından görünür ki, Abşeron rayon Masazır bələdiyyəsi torpaqlarından İddiaçı 0,08 ha torpaq sahəsinin ayrılmasına və vətəndaşa fərdi ev tikməyə icazə verilmişdir. - -Abşeron rayon Masazır bələdiyyəsinin 15 iyul 2003-cı il tarixli qərarından görünür ki, Abşeron rayon Masazır bələdiyyəsi ehtiyat fondunun alqı-satqı predmeti torpaq sahəsindən İddiaçı Masazır bələdiyyəsinin ərazisindən 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - -DTXK–nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus torpaq sahəsinə dair tərtib edilmişdir - 19.06.2012-ci il tarixli alqı-satqı aktından görünür ki, Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsi satımışdır -24.06.2003-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən torpaq pulu olaraq Masazır bələdiyyəsinin hesabına 850 manat ödənilmişdir . - Masazır bələdiyyəsinin DƏDRX-nin Abşeron Ərazisinə ünvanlanmış 18.06.2012-ci il tarixli 735 saylı məktubundan görünür ki, İddiaçı aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənədin hazırlanıb verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. - DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Abşeron rayon Masazır bələdiyyəsinin 15 iyul 2003-cü il tarixli qərarı ilə İddiaçı satılmış 0,08 ha torpaq sahəsi barəsindədir. - - 15.07.2003-cü il tarixli aktdan görünür ki, Masazır bələdiyyəsinin 15 iyul 2003-cü il tarixli qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsi ona təhvil verilmişdir. - Məhkəmə sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 13.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, Masazır bələdiyyəsinin 05.10.2007-ci il tarilxi 24 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Abşeron rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyumasına dair hissəsi ayrıca qərardadla mümkün sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon Masazır Kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X3 Mülkiyyət Hüququnun Dövlət Reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi Üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Masazır bələdiyyəsinin 15 iyul 2003-cü il tarixli 24 saylı qərarı əsasında satılmış 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar