Məhkəmə qərarları › İş №2-1(118)-3962/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3962/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3962/2023 05.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2016-cı il tarixli, 19 saylı iclasının 32 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin “Saray” bağları massivi ərazisində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ilkin olaraq məhkəməyə müraciət edib, Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2016-cı il tarixli, 19 saylı iclasının 32 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin “Saray” bağları massivi ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 3116Q saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən sahəsi 200 m2 olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2016-cı il tarixli, 19 saylı iclasının 32 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin “Saray” bağları massivi ərazisində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin “Saray” bağları massivi ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 3116Q saylı bağ torpaq sahəsi 1989-cu ildə Sumqayıt şəhər XDS İK-nin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən onun istifadəsinə verilmişdir.Həmin bağ torpaq sahəsi torpaq islahatı nəticəsində onun və ailə üzvlərinin əvəzsiz mülkiyyətinə verilmiş və 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 09 dekabr 2016cı il tarixdə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə onun və ailə üzvlərinin adına qeydiyyat nömrəsi ********** olan “Hüquqların dövlət deydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Lakin sözügedən bağ torpaq sahəsi 1989-cu ildə ayrılarkən sənəd üzrə 1200 kvadrat metr olsa da, bağın faktiki ölçüsü 1400 kvadrat metr olmuşdur. Həmin dövrdə bir ailəyə ayrılan bağ sahəsinin ölçüsü 1200 kvadrat metrdən artıq ola bilmədiyindən, qalan 200 kvadrat metr torpaq sahəsi sənədsiz olaraq istifadəsində saxlanılmışdır. 2016-cı ildə 3116Q saylı bağ torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındıqdan sonra o, ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək 1989-cu ildən faktiki istifadəsində olan qalan 200 kvadart metr torpaq sahəsinin də mülkiyyətinə verilməsini xahiş etmiş, onun müraciəti müsbət qarşılandığından Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmış və müvafiq sənədləşmədən sonra Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2016-cı il tarixli,19 saylı iclasının 32 saylı qərarı ilə Sumqayıt şəhərinin “Saray” bağları massivi ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 3116Q saylı bağ torpaq sahəsinin çıxarışda gösrtərilən ölçüdən artıq istifadə edilən sahəsi 200 kvadrat metr olan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə, eləcə də “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 10-cu və 23-cü bəndlərinə əsasən onun mülkiyyətinə verilmiş, eyni zamanda iddiaçı torpağın tələb olunan alqı-satqı haqqı məbləği olaraq 1120 (bir min bir yüz iyirmi) manat məbləğində pulu Sumqayıt Bələdiyyəsinin hesabına ödəyərək tərəflər arasında torpağın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Bir müddət əvvəl torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdeh 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə, cavabdeh tərəfindən onun torpaq sahəsi üzərində hüququmun dövlət qeydiyyatının aparılmasından imtina edilmişdir. Cavabdehin 06 iyun 2023-cü il tarixli, 3-21-3-31/2-1879/2023 nömrəli imtina məktubu qanunsuz olduğundan məhkəməyə müraciət müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən, ümumi sahəsi 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar xx.xx.2023-cü il tarixli, ********** saylı ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən Corat Bələdiyyəsinin ərazisində qeydiyyatda olan şəxsə qanunvericiliyin tələblərinə zidd olaraq hərracdan kənar satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra bu Qanunun 9.1 -ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 06 iyun 2023-cü il tarixli, 3-21-3-31/2-1879/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarının surəti, xx.xx.2023-cü il tarixli, 4Ə-906 reyestr nömrəli alqı-satqı müqaviləsinin surəti, DƏDRX tərəfindən verilmiş **********28 reyestr nömrəli çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 06 iyun 2023-cü il tarixli, 3-21- 3-31/2-1879/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Saray bağlar ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin, cavabdeh orqan 06 iyun 2023-cü il tarixli, 3-21-3-31/2-1879/2023 nömrəli məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Sumqayıt şəhəri, Saray bağlar ərazisində yerləşən 0.02 ha torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər aidiyyəti orqanlar tərəfindən lazımi təsdiq olunmasına baxmayaraq iddiaçının müraciəti cavabdeh tərəfindən müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdeh təşkilat imtinanın əsası kimi iddiaçı ilə Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi, yəni torpağın hərracdan kənar satılması göstərilmişdir. Qeyd olunan arqumentlə əlaqədar məhkəmə qeyd etməyi zəruri bilir ki, Sumqayıt Bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsi üzərində fiziki şəxs ilə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsində diskression səlahiyyətə malikdir və onun bu səlahiyyəti qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Araşdırma zamanı müəyyən olundu ki, Sumqayıt şəhərinin Saray bağları massivi ərazisində yerləşən sahəsi 1200 m2 olan 3116Q saylı bağ torpaq sahəsinin çıxarışda gösrtərilən ölçüdən artıq istifadə edilən sahəsi 200 m2 olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2016-cı il tarixli,19 saylı iclasının 32 saylı qərarı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə, eləcə də “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 10-cu və 23-cü bəndlərinə istinad edilməklə qəbul olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında ,habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Nəzərə alınmalıdır ki, sözügedən bağ sahəsi İddiaçı istifadəsinə ayrılmış bağın daxilində yerləşməklə ayrılaraq ayrıca bağ sahəsi olaraq başqa şəxsə verilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqe nəzərə alınmalıdır. Belə ki, həmin qərarda xüsusi olaraq vurğulanmışdır ki,”...Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.“İnzibati icraat haqqında” Qanunun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.lnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, yuxarıda sadalanan normalardan da aydın olur ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılmasına dair inzibati akt qüvvədə olduğu təqdirdə, cavabdehin hüququn qeydiyyatından imtinası qanuni və əsaslı sayıla bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə, əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə desək, qüvvədə olan qanunvericiliyin tələbinə görə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Cavabdehin imtina məktubunda istinad etdiyi halların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları ilə uzlaşmır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsinə dair bələdiyyə qərarı qanunvericiliyin tələblərinə uyğun ayrılmaması ilə əlaqədar cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır. Belə olan halda cavabdehin göstərdiyi iradə ifadəsi, yəni iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaması İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olduğu üçün iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2016-cı il tarixli, 19 saylı iclasının 32 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin “Saray” bağları massivi ərazisində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə havalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar