Məhkəmə qərarları › İş №2-1(118)-3968/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3968/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3968/2023 18.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı Fərhad oğlunun və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Fərhad oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Sumqayıt UK-da təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixdən hərbi xidmətdə olduğu müddəti onun ümumi iş stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşından, yəni 2019-cu ildən təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Fərhad oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşından, yəni 2019cu ildən təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Sumqayıt UK-da təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixdən hərbi xidmətdə olduğu müddəti onun ümumi iş stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşından, yəni 2019-cu ildən təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, orta təhsilini başa vurduqdan sonra üçün xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək peşə-ixtisas təhsili almışdır. xx.xx.1976-cı ildə (ƏmrN: 82/k xx.xx.1976 ) “Aztexmontaj” Tresti Santexdetal zavodunda 2-ci dərəcəli havalandırıcı- çilingər (fəhlə) vəzifəsinə işə qəbul edilmişdir. Hərbi xidmətlə əlaqədar işdən azad olunmuşdur (1978-1980). Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən “Aztexmontaj” Tresti Santexdetal zavoduna işə qəbul olunmuş və xx.xx.1980-cı il tarixli 299 saylı əmrlə “PMİ” boruyayma sexində 3 saylı boruyayma şöbəsinin 3-cü dərəcəli soyuq borukəsici vəzifəsinə təyin edilmişdir. PMİ boruyayma sexində 3 saylı boru yayma şöbəsinə metal çeşidləyən və təhvil verən vəzifəsinə keçirilmişdir. PPC 1 sahəsində 3-cü dərəcəli soyuq borukəsici vəzifəsinə təyin edilmişdir. PPC 1 sahəsində 3-cü dərəcəli soyuq boru kəsici metal çeşidləyən və təhvil verən keçirilmişdir. Boru yayma sexinin boru yayma şöbəsi metal istehsalatı kran maşinisti vəzifəsinə keçirilmişdir. Boruyayma sexinin boru yayma şöbəsi metal istehsalatı kranı-4-cü dərəcəli maşinist verilmişdir.xx.xx.1989-cu ildə PMİ boruyayma sexində 3 saylı boru yayma şöbəsinə metal çeşidləyən və təhvil verən peşəsinə keçirilmişdir.xx.xx.1993-cü ildə PMİ boruyayma sexində qəbul sahəsində boruların yükləmə briqadiri,xx.xx.1993-cü ildə “Azərboru” zavodunu adı dəyişdirilmişdir.xx.xx.1996-cı ildə Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi “X2” MMC-də Texniki layihə şöbəsində montajçı vəzifəsində, xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilə kimi "xxxx" MMC-də Montaj quraşdırma şöbəsində montaj ustası vəzifəsində və daha sonra elektrik montyoru peşəsində işləmişdir. Beləliklə, onun ümumi iş stajı 26 ildən, xüsusi iş stajı 13 ildən çoxdur. Bununla o bağlı dəfələrlə cavabdeh orqana müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Onun əvvəki iddiaçı Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qərar ləğv edilmiş və və iddiaçının müraciətinə yenidən baxılması üçün 1 aylıq müddət təyin edilmişdir. Budnan sonra cavabdeh orqan tərəfində iddiaçıya 2022-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2019-cu ildə yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı 02 may 2023-cü il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, eyni zamanda həmin tarixə olan ümumi iş stajı 25 ildən az olduğundan müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin (iş,təhsil,hərbi xidmət) sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Mərkəzi Filial tərəfindən iddiaçıya 31 oktyabr 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Belə ki, pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23856,84 manat pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 aya) bölünərək 165,67 manat (23856,84:144) məbləğində əmək pensiyası müəyyən edilib və pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdə əmək pensiyasının minimum məbləğinin 240,00 manat olması ilə əlaqədar həmin tarixdən 240,00 manata, xx.xx.2023-cü il tarixində əmək pensiyasının minimum məbləğinin 280,00 manat olması ilə əlaqədar həmin tarixdən 280,00 manata çatdırılmaqla hesablanmışdır. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 975,99 manat pul vəsaiti hesablanaraq xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində pensiyasının üzərinə əlavə edilmişdir.Əlavə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19937,63 manat təşkil edirdi. Bundan başqa iddiaçının həmin tarixə ümumi iş stajı 25 ildən az (24 il 3 ay 27 gün (xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1980-xx.xx.1996-cı il və xx.xx.2006-xx.xx.2019-cu illər üzrə 5 il 11 ay)) təşkil edirdi. Cavabdehin nümayəndəsi həmçinin izah etdi ki, iddiaçının təhsil müddəti onun ümumi iş stajına daxil edilməmişdir. Belə ki,qüvvədə olan qanunvericiliyin tələblərinə görə təhsil müddəti ümumi iş stajına daxil edilmir. Həmin müddət daxil edilərsə iddiaçının tələb olunan ümumi iş stajı tamamlanır. İş materiallarında olan : -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. - 228 nömrəli şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1975- xx.xx.1976-cı illərdə Sumqayıt UK-də (peşə məktəbində) təhsil almışdır. -İddiaçının adına xx.xx.1976-cı il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1976- xx.xx.1978-ci illərədə və xx.xx.1980-xx.xx.1996-cı illərdə “Aztexmontaj” Tresti Santexdetal zavodunda (Az.boru zavodu), xx.xx.2013-xx.xx.2013 və xx.xx.2013xx.xx.2015-ci illərdə “X3” MMC-də, xx.xx.2016- xx.xx.2019-cu il tarixlərdə "xxxx" MMC-də işləmişdir. Məhkəmənin sorğusuna əsasən İddiaçı barəsində inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə cavabdeh orqanın iddiaçının ümumi stajının tamam olmaması (25 il) ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçıya verdiyi imtina cavabında və iddiaya etirazında iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Sumqayıt UK-da təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixdən hərbi xidmətdə olduğu müddəti onun ümumi iş stajına daxil etməmişdir. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət oensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) yarımbəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qayalarının 109-cu bəndinin z) yarımbəndinə görə kadr hazrılayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti ümumi əmək stajına aid edilir. İddiaçının ən azı 12 il 6 ay xüsusi iş stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin imtina üçün əsas dəlili ondan ibarətdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əməl pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsidir. Bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli qərardadında da qeyd etmişdir ki, “13 may 2022-ci il tarixli 530 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin dəyişikliyə əsasən fərdi hesabının sıöorta hissəsində qeydə alınmış pensiya kapitalının əməl pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin halları ilə iddiaçının 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajına malik olması təsdiq olunur”. Bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçının müraciətinə yenidən baxılması üçün 1 ay müddət verilməsi barədə qərardad çıxarmışdır. Lakin cavabdeh yenidən iddiaçıya imtina cavabl verərək onun 25 ildən az ümumi iş stajına malik olmasına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əməl pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Fərhad oğlunun xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Sumqayıt UK-da təhsil aldığı və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixdən hərbi xidmətdə olduğu müddətin onun sosial sığorta stajına daxil edilərək 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar