Məhkəmə qərarları › İş №2-1(118)-3974/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3974/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3974/2025 14.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "qeydiyyatın ləğv edilməsi və iddiaçının adına qeydiyyatın aparılması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X5 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Novxanı 143 YS-də yerləşən 1461 saylı bağ sahəsinə dair X2 adına qeydiyyatın ləğv edilməsi, həmin bağ sahəsinə adına qeydiyyatın aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər ZDS İcraiyyə Komitəsinin 11 iyun 1965-ci il tarixli 12 nömrəli protokoluna əsasən mərhum atası X3 Novxanı bağlar ərazisindən 25 sot torpaq sahəsi verilmişdir. Novxanı 143 YS-də yerləşən həmin bağ sahəsinə 1461 nömrəsi verilməklə mövsümi olaraq həmin bağ sahəsindən istifadə edirdi. X8 xx.xx.1977-ci il tarixdə vəfat etdikdən sonra bağ sahəsi bağlar İdarəsi tərəfindən anası X1 adına qeydə alınmış və oradan mövsümi olaraq istifadə etməkdə davam etmişlər. X9 xx.xx.1995-ci il tarixdə vəfat etdikdən sonra bağ evi və sahəsindən öz ailə üzvləri ilə mövsümi qaydada istifadə etmişdir. Bağ evi kürsülü tikili olmaqla, 2 otaqlı ev idi, həyətyanı sahədə çardaq da qurmuşdu. Göstərdiyi kimi, bağ sahəsinə dair bağlar idarəsi ilə əvvəl atasının, daha sonra anasının adına müqavilə bağlanılmışdı. 1999-cu ildə növbəti yay mövsümündən sonra bağdan çıxandan sonra növbəti 2000-ci ildə bağa yığışmaq üçün gələndə bağ sahəsinin hasarının və evin uçurulduğunu, yerində yeni ev tikildiyini gördü. Giriş qapıları bağlı olduğu üçün bağa keçə bilməmişdir. Hasarı və evini uçurmuş, yerində ev tikmiş şəxsi uzun müddət axtarışlar nəticə vermirdi, həmin şəxsi tapa bilmirdi, nə də bağdan istifadə edə bilmirdi. Ona görə Novxanı 143 YS-də yerləşən 1461 nömrəli bağ sahəsinin adına qeydə alınması üçün bağlar idarəsinə müraciət etməli oldu. Səlahiyyətlərin iş üzrə hazırkı cavabdehə verilməsi səbəbindən bağ sahəsinə dair müqavilə və digər sənədlər cavabdeh təşkilata verilmişdi. Şəxsi problemlər, həmçinin səhhəti ilə bağlı uzun müddət bağ məsələsi ilə məşğul ola bilmirdi. Hazırda ailə üzvlərimin sayının artması ilə bağlı özünə məxsus olan bağ sahəsinin özəlləşdirilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təmin olunmamış və İdarənin xx.xx.2024- cü il tarixli, 3-21-3-31/2- R-0008/xx-xx/2024 saylı məktubu ilə 1461 saylı bağ sahəsinin adına özəlləşdirilməsindən imtina olunmuşdur. Həmin imtina hüquq müəyyənedici sənəd əlavə olunmaması və torpaq sahəsinin müvafiq hüquq müəyyənedici sənədlər əsasında X2 adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst üstə düşməsi ilə əsaslandırılmışdır. Göründüyü kimi, mərhum valideynlərinin adlarına qediyyata alınmış olan bağ sahəsi əsassız olaraq digər bir şəxsin adına özəlləşdirilmişdir. Cavabdeh orqanın arxivində ona aid olmalı olan sənədlərin, həmçinin Eltəkin Babayevə aid sənədlərin təqdim olunmasından qərəzli olaraq imtina olunmuşdur. Göründüyü kimi, hazırkı mübahisəli işin tərtibi zamanı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Bu səbəbdən X2 adına qeydiyyat ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə müraciət edilməmişdir. İşin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında iddiaçı iştirak etmiş və digər şəxsin adına olan qeydiyyatın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış məktubların məzmunlarından görünür ki, iddiaçının müraciətləri digər şəxsin adına olan qeydiyyatın ləğv edilməsi ilə bağlı deyil, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və torpaq sahəsinə dair məlumatların verilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələblə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar