Məhkəmə qərarları › İş №2-1(118)-3978/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3978/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3978/2025 29.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2nə qarşı “01 fevral 2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi və həmin tarixdən ödənilməli olan məbləğin birdəfəlik ödənilməsi tələbinin cavabdehin üzərinə qoyulması öhdəliyi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi və həmin tarixdən ödənilməli olan məbləğin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə Xızı rayonu, Sitalçay kəndi Əlabbas Ələkbərov küçəsində yerləşən fərdi evdə yaşayır. Həyat yoldaşı Nümayəndə2 hal-hazırda "xxxx" ASC-də sürücü işində işləyir. Həyat yoldaşının aldığı aylıq maaş az olduğu üçün, eyni zamanda özü azyaşlı körpə uşaqlara qulluq etdiyi üçün işləyə bilmir. Bu səbəbdən də ailənin gəlirləri aşağı olduğuna görə maddi vəziyyətləri çox ağırdır. Çünki ailə 5 (beş) azyaşlı uşaq olmaqla 7 (yeddi) nəfərdən ibarətdir. Ailə üzvlərinin mülkiyyətində hər hansı əmlak - ev, torpaq, nəqliyyat vasitəsi yoxdur.İddiaçının yaşca böyük olan övladı 9 cu sinifdə təhsil alır. Kiçik qızının 3 yaşı var. O, uşaqlar azyaşlı olduqları üçün işləyə bilmir, uşaqlara qulluq edir. Bəzən yaxınların verdiyi ərzaqla, geyimlə keçinməyə çalışırlar. Maddi imkanları çox zəif olduğu üçün ailəni, uşaqları dolandırmaq, ailənin gündəlik xərclərini, kommunal xidmət haqlarını ödəmək, əlavə olaraq 4 (dörd) uşağın orta məktəb, təhsil xərclərini qarşılamaq qeyri-mümkündür. Ailənin orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan çox aşağıdır. Bu səbəbdən də ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisnin xüsusi notariusu tərəfindən verilmiş **********476 nömrəli sənədlə cavabdeh Azərbaycan Respublikası X2nin VEMTAS elektron sistemi vasitəsilə online müraciət etmişdir. Daha sonra aldığı imtinalara görə və eyni zamanda sənədin vaxtının bitməsi səbəbindən, məcburən yenidən, qanunvericiliyin tələblərinə uyğun olaraq 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən **********008 saylı sənəd alaraq cavabdehə ünvanlı dövlət sosial yardımı almaq üçün vemtas vasitəsilə müraciət etmişdir. Bütün müraciətlərə cavabdeh tərəfindən qanunsuz olaraq imtinalar verilmişdir. Həmin imtinlarda əsasən göstərilir ki, iddiaçı ailə gəlirlərini cavabdehdən gizlətmişdir. Amma əslində ailəyə gələn gəlir yalnız həyat yoldaşının aylıq aldığı əmək haqqıdır. Ondan başqa ailənin heçbir əlavə gəliri yoxdur. Bu səbəbdən də iddiaçı hesab edir ki, cavabdehin verdiyi imtinalar əsassız və qanunsuzdur. İddiaçının iki müraciətinə verilən imtina cavablarında "Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi" qeyd edilmişdir. İddiaçı hesab edir ki, bu imtinalar absurd həqiqətə uyğun olmayan cavablardır. İddiaçının və ailənin Nümayəndə2 aldığı aylıq maaşdan başqa heçbir əlavə gəlirləri yoxdur. Bütün bunlarla yanaşı sonuncu dəfə 04 sentyabr 2024 cü il tarixində bir daha ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etməyinə baxmayaraq hələ bu günə qədər heç bir cavab əldə etməmişdir. Yəni qarşı tərəf bütünlüklə insan hüquq və azadlıqlarına hörmətsiz yanaşaraq, ailəni, ünvanlı dövlət sosial yardımı almaqdan qanunsuz şəkildə məhrum edib. Cavabdehin imtinası formal xarakter daşıyır. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi və həmin tarixdən ödənilməli olan məbləğin birdəfəlik ödənilməsini xahiş etmişdir. Hazırkı iş üzrə iddia tələbinin əsasını və məhkəmə mübahisəsinin predmetini İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin edilməsi və həmin tarixdən ödənilməli olan məbləğin birdəfəlik ödənilməsi təşkil edir. Belə ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********476 nömrəli müraciətinə “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən abonent kodu ilə bağlı uyğunsuzluğun aşkar edilməsi, Azərbaycan Respublikasının X2nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” altsistemindən əldə edilən məlumata əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs barədə məlumatlarda uyğunsuzluğun müəyyən edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfinədn təqdim edilən məlumata əsasən ailə üzvü Nümayəndə2 adına **********75 dövlət qeydiyyatı nömrəli torpaq sahəsinin qeyd edilməməsi səbəbi ilə imtina verilmişdir. xx.xx.2024-cü il tarixii, **********476 nömrəli müraciətinə ailə gəlirləri barədə məlumatların təqdim edilməməsi, Azərbaycan Respublikasının X2nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” altsistemindən əldə edilən məlumata əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs barədə məlumatlarda uyğunsuzluğun müəyyən edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfinədn təqdim edilən məlumata əsasən ailə üzvü Nümayəndə2 adına **********75 dövlət qeydiyyatı nömrəli torpaq sahəsinin qeyd edilməməsi səbəbi ilə imtina verilmişdir. xx.xx.2024-cü il tarixli, **********476 nömrəli müraciətinə ailə üzvü Nümayəndə2 Azərbaycan Respublikasının X2nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" altsistemindən əldə edilən məlumata əsasən A**********75-023224 torpaq sahəsinin qeyd edilməməsi səbəbi ilə imtina verilmişdir. xx.xx.2024-cü il tarixli, **********476 nömrəli müraciətinə ailə gəlirləri barədə məlumatların düzgün göstərilməməsi səbəbi ilə imtina verilmişdir. Ailəni təmsil edən şəxs qismində Zərnişan Abuzərovun ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş 04,09.2024-cü il tarixli **********4686-1 nömrali sonuncu müraciətinə əsasən ona xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək aylıq 647,92 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Hazırkı iddia inzibati mübahisə olmaqla inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Qeyd olunan qanunvericiliyin təhlilinə uyğun olaraq İddiaçı yuxarıda qeyd edilən imtinaları məhkəmə qaydasında mübahisələndirməmişdir. Əksinə hər dəfə məlumatlarda müvafiq düzəlişlər edərək, ünvanlı dövlət sosial yardımın teyin edilməsi ilə bağlı xx.xx.2024-cü il, xx.xx.2024- ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ərizə ilə müraciət etmişdir. Belə ki, ailənin gəlirlərinin tam və düzgün olaraq müəyyən edilmədən ünvanlı sosial yardımın təyin edilməsinin qanunvericiliklə mümkün olmadığını və məlumatlardakı uyğunsuzluğun müraciətin təmin edilməsindən imtina əsası kimi müəyyən edildiyini nəzərə alaraq hesab edirik ki, inzibatı orqanın imtinaları əsaslı olmuşdur. Burdan belə nəticəyə gəlmək olar ki, iddiaçı əvvəlki imtinalarla razılaşmış və məlumatlarda müvafiq düzəlişlər etməklə ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə yenidən müraciətlər etmişdir. İndiki halda isə iddiaçının məhkəməyə müraciət etmək hüququ cavabdehin imtinasını aldığı gündən 30 gün ərzində mövcud olduğu halda, İddiaçı iddia ərizəsi ilə məhkəməyə 1 il müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7 -ci bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə cavabdeh inzibati orqana müraciətlər etmiş və həmin müraciətlər üzrə ona ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilərək bu barədə müvafiq bildirişlər təqdim edilmişdir. İddiaçının sonuncu xx.xx.2024-cü il tarixli müraciəti əsasında ona xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək aylıq 647,92 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinə İPMin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişlərin (inzibati akt) mübahisələndirilməsi təklif edilsə də, hazırkı iddia tələbi üzrə işə baxılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə iddiaçı barədə müvafiq qərarlar qəbul edilmiş, iddiaçı tərəf həmin qərarlardan məlumatlı olmasına baxmayaraq həmin qərarları mübahisələndirmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. İddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi barəsində qəbul edilmiş inzibati aktların mübahisələndirilməsidir. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar