Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3981/2025 13.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: uşaqlarının adının dəyişdirilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “uşaqlarının adının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixində birgə nikahdan anadan olan oğulları X1 "Məhəmməd" adının "Muhəmməd" adına dəyişdirilməsinin qeydə alınması, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilməsi, 02 oktyabr 2021-ci il tarixində 247 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin ləğv edilməsi və onun əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2021-ci il təvəllüdlü övladının doğum akt qeydində adının Məhəmməddən Muhəmmədə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh doğum haqqında akt qeydləri kitabında 02 oktyabr 2021-ci il tarixində 247 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamədə xx.xx.2021-ci il tarixində birgə nikahlarından anadan olan oğullarının adını X3 adı, soyadı və ata adı qeyd etmişdir. Sonradan araıarında razılığa gələrək "Muhəmməd" adının verilməsi üçün Cavabdehnə ərizə ilə müraciət olunmuşdur. Cavabdeh 26 dekabr 2024-cü il tarixli 3-16-5/8-62/180/2024 saylı məktubla cavab olaraq qeyd etmişdir ki, uşağa “Muhəmməd" adının yazılması onun mənafeyinə xələl gətirə biləcəyi üçün mümkün deyildir. Eyni zamanda bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Əlavə olaraq adın dəyişdirilməsinə münasibətin bildirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının yanında Qǝyyumluq və Himayəçilik Komissiyasına ərizə ilə müraciət olunmuşdur. Müraciətə 27 dekabr 2024-cü il tarixli 417 saylı məktubla cavab olaraq “Məhəmməd” adının əvəzinə “Muhəmməd” adının verilməsi məqsədǝmüvafiq hesab edilmədiyi bildirilmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2, 190.1, 190.2, 192, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 2.2.3-cü maddələrinə istinad edilmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Cavabdeh iddia tələbi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, “Dövlət dili haqqında” qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adı, soyadı və ata adı dövlət dilində yazılır. Eyni zamanda AMEA-nın ədəbiyyat institutu tərəfindən tövsiyyə olunan adlar siyahısında qeyd olunan ad “Məhəmməd” kimi yazılmışdır.
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3981/2025 nömrəli qərardadına əsasən Sumqayıt Şəhər İcra Hakimiyyəti hazırkı iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
b) Tərəflərin iştirakı və izahatları
7. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı2, cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən digər iddiaçı, cavabdeh və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
10. xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 421380 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar.
11. xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı, 619992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə doğulmuş X1 atası İddiaçı1, anası isə İddiaçı2dır.
12. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adı, soyadı və ata adı dövlət dilində yazılır. Həmçinin, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 1.15-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları Azərbaycan Respublikasının dövlət dilində yazılır. AMEA-nın ədəbiyyat institutu tərəfindən tövsiyə olunan adlar siyahısında qeyd olunan ad “Məhəmməd” kimi yazılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Göstərilənlərə əsasən uşağa “Muhəmməd” adınını yazılması onun mənafeyinə xələl gətirə biləcəyi üçün mümkün deyildir.
13. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli, 417 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 1.4cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin "Azərbaycan şəxs adları barədə məlumat" siyahısında göstərilməməsini və azyaşlının mənafeyini nəzərə alaraq, onun adının qeyd olunan ada dəyişdirilməsi şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədə müvafiq hesab edilməmişdir.
14. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə doğulmuş X1 doğum haqqında akt qeydi məhkəməyə təqdim edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi veb saytındakı adlar üzrə statistika bölməsindən çıxarışdan görünür ki, 2022-ci ildə 6, 2023-cü ildə 57, 2024-cü ildə 94 və 2025-ci ildə 27 nəfərə Muhəmməd adı qoyulmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
17. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
18. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.
b) Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 7.1-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. 7.2-ci bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır. 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır.
23. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 iyun 2022-ci il tarixli qərarındakı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə “Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X5rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X2rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd edir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünü fərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8- ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X4rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64-69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). İddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3 və 2019-cu ildə 4, 2020-ci ildə isə 6 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Lakin məhkəmələr ərizəçinin bu dəlilinə heç bir hüquqi qiymət verməmişlər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərar). Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, məhkəmələr müvafiq prosessual hüquq normalarının məzmununa uyğun olaraq hazırkı iş üzrə sübutları tam və hərtərəfli araşdırmayaraq və onları qiymətləndirməyərək mübahisənin qanuni və ədalətli həll edilməsinə nail olmamışlar.”
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
26. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2021-ci il tarixdə X3 doğulmuşdur. İddiaçılar uşaqlarının adının “Məhəmməd”dən “Muhəmməd”ə dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin icrasında imtina edərək bildirmişdir ki, uşağa “Muhəmməd” adınını yazılması onun mənafeyinə xələl gətirə biləcəyi üçün mümkün deyildir.
28. Məhkəmə qeyd edir ki, işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıların müraciətindən imtina edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi veb saytındakı adlar üzrə statistika bölməsindən çıxarışdan görünür ki, 2022-ci ildə 6, 2023-cü ildə 57, 2024-cü ildə 94 və 2025-ci ildə 27 nəfərə Muhəmməd adı qoyulmuşdur. Əvvəlki məhkəmə iclasında adlar üzrə statistika bölməsindən çıxarışda 2025-ci il üzrə 8 nəfərə Muhəmməd adının verildiyi görünür. Sonuncu keçirilmiş məhkəmə iclasında isə 2025-ci il üzrə Muhəmməd adı qoyulan şəxslərin sayı 27 olmuşdur. Göründüyü kimi, hazırkı iş məhkəmənin icraatında olduğu zaman da digər şəxslərə Muhəmməd adı verilmişdir.
29. Məhkəmə hesab edir ki, iddiaçıların övladının adının dəyişdirilməsindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur və adın dəyişdirilməməsi onların hüquqlarının pozulması ilə nəticələnmişdir.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2021-ci il tarixdə doğulmuş oğlunun doğum akt qeydində adının “Məhəmməd” adından “Muhəmməd” adına dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2021-ci il tarixdə doğulmuş oğlunun doğum akt qeydində adının “Məhəmməd” adından “Muhəmməd” adına dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli