Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3984/2023 24.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi, keçmiş illər üçün ödənilməli olan pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi, keçmiş illər üçün ödənilməli olan pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-54534/2023 saylı məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. Məktubun əslinin poçt vasitəsilə göndərilməsi bildirilsə də, iddiaçı cavab ala bilmədiyindən, müraciəti əsasında xx.xx.2023cü il tarixdə məktubun surəti ona təqdim edilmişdir. Dövlət Sosial Müdafiə Fondu imtinanı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 7-ci maddəsində nəzərdə tutulan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna, 25 il sığorta stajı olmadığına görə ona 60 yaşdan pensiya təyinatına imkan vermir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən xüsusi stajı mübahisələndirilməmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” hazırda qüvvədə olan qanuna deyil, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarına uyğun güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxxx 1959-cu ildə anadan olmuş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən xx.xx.2017-ci ilə kimi "xxxx" ASC-də (keçmiş Sumqayıt boru-prokat zavodu) rəngsaz, metal çeşidləyici və təhvil verən, çatı quran, boru kəsici peşələrində işləmişdir. xx.xx.1997-ci ildən xx.xx.2017-ci ilə kimi ödənişsiz məzuniyyətdə olmuşdur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 №-li əlavəsində İİİ. Metallurgiya istehsalı (qara metallar) 20400000 bölməsinin 2a yarımbölməsində metal qırıntılarının ayrılması ilə məşğul olan stropçular (2040200а- 188971), 4a yarımbəndində metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər (2040400а- 1753b), boru və pəstahların kəsiciləri (2040400a-17968) peşələri güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasında təsdiq olunmuş məlumatlardan və "xxxx" ASC-nin verdiyi arayışdan göründüyü kimi o, xx.xx.2006-cı il tarixə kimi güzəştli pensiya təyini üçün lazım olan 25 il ümumi əmək stajını xx.xx.2004-cü ildə və 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlər üzrə xüsusi əmək stajını 1997-ci ilə kimi tam toplamış, xx.xx.2016-cı il tarixdə nəzərdə tutulan 56 il 6 ay yaş həddinə çatmışdır. Həmin tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun imtina üçün əsas gətirdiyi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olması, ödənişsiz məzuniyyətdə olduğu müddətin sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə dəlilləri hazırda qüvvədə olan “Əmək pensiyası haqqında” Qanunun normaları ilə uyğunluq təşkil edir və həmin normalara istinad edilməklə əsaslandırılır. İddiaçı isə əvvəllər qüvvədə olan və yuxarıda göstərdiyi qanunvericiliyin tələblərinə əsasən pensiya təyin edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan normativ aktların məzmunundan da göründüyü kimi həmin vaxt pensiya təyini üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması tələbi yox idi, 25 il sığorta stajı deyil, ümumi əmək stajı tələbi var idi. Ödənişsiz məzuniyyət müddətinin xx.xx.2006-cı il tarixə kimi ümumi əmək stajına daxil edilməsi həm əmək qanunvericiliyinin, həm əvvəllər qüvvədə olan pensiya qanunvericiliyinin, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə tamamilə uyğundur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9931/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilmiş və iddiaçının ərizəsi əsasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Mübahisə ilə bağlı keçirilmiş məhkəmə iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı müdafiə edərək iddianının təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət edərək 57 yaşına çatdığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 4 ay 21 gün (xx.xx.1978-xx.xx.1980-ci il və xx.xx.1981-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-2017-ci illər üzrə cəmi 1 ay)) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçının cavabdeh orqana təqdim etdiyi Azərboru ASC-nin iddiaçıya dair 2 may 2017-ci il tarixli 77 nömrəli arayışında xx.xx.1997-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. İddiaçıya 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2016-cı il tarixədək 25 il ümumi stajı, 12 il 06 ay güzəştli iş stajı olmalıdır. Yuxarıdakı qeydlərdən də aydın olur ki, iddiaçının yetərincə ümumi stajı yoxdur, yəni 25 ildən azdır. xx.xx.1981-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlərin staja daxil edilməməsi səbəbi isə qanunvericiliyin tələblərindən irəli gəlir. Qanunvericiliyin tələbləri ilə yanaşı, vətəndaşın 17 il boşdayanmada olması həmin dövrün iş stajına daxil edilməsi ilə əlaqədar heç bir məntiqi açıqlama yoxdur, ödənişsiz məzuniyyətdə olmaq, yəni boşdayanma o anlama gəlir ki, şəxs işləməyib. Buradan o nəticəyə gəlirik ki, hər hansı br şəxs işləməyib sadəcə ödənişsiz məzuniyyətə çıxaraq pensiyaya çıxa bilər. Göründüyü kimi gəlinən nəticə absurd və bir o qədər də qeyri-qanunidir. 17 ilin sosial sığorta stajına daxil edilməsi digər əmək pensiyasına çıxan şəxslərin hüquqlarını, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş bərabərlik prinsipini də pozmuş olur. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 25 il sosial sığorta stajı çatmır. Əlavə olaraq qeyd edək ki, iddiaçıya 60 yaşdan da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilmir. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt yəni xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə 3 tələb vardı: 1) qanunla müəyyən edilmiş minimum pensiya kapitalına malik olmaq; 2) 25 il sosial sığorta stajının olması; 3) 12 il 06 ay güzəştli iş stajının olması. İddiaçının 25 il sığorta stajının olmaması ilə yanaşı, pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabın sığora hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16980,94 manat təşkil edir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(102)-1527/2021 nömrəli və xx.xx.2022-ci il tarixli 2-1(102)-1517/2022 nömrəli qərarlarından da aydın olur ki, ödənişiz məzuniyyətdə olan dövr sosial sığorta stajına daxil edilmir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. • Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla onun ərizəsinin icrasından imtina edilmişdir. • İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş (НЗ seriyalı, ******* nömrəli hərbi biletlə də sübut olunur), xx.xx.1981-xx.xx.2017-ci ilə kimi "xxxx" ASC-də (keçmiş Sumqayıt boru-prokat zavodu) çalışmışdır. • İşdə olan X2 Təhsili Komitəsinin 2517 nömrəli attestatına əsasən iddiaçı xx.xx.1977-xx.xx.1978-ci illərdə texniki peşə məktəbində təhsil almışdır. • "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 77 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1981-ci ildən xx.xx.2017-ci ilədək X4 sexində fəhlə, metal çeşidləyən və təhvil verən, çatı quran vəzifələrində işləyib. xx.xx.1997-ci ildən xx.xx.2017-ci ilədək ödənişsiz məzuniyyətdə olub.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı inzibati orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. Məhkəmə ilkin olaraq iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş (eyni zamanda əmək kitabçasında da qeyd edilib), X2 Təhsili Komitəsinin 2517 nömrəli attestatına əsasən xx.xx.1977-xx.xx.1978-ci illərdə texniki peşə məktəbində təhsil almış, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1981-xx.xx.2017-ci illərdə kimi "xxxx" ASC-də (keçmiş Sumqayıt boru-prokat zavodu) çalışmışdır. Lakin eyni zamanda "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 77 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1997-ci ildən xx.xx.2017-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı əmək kitabçasına əsaslanaraq ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu ilə yaş və stajının tam olması səbəbindən ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etsə də, cavabdeh orqan tərəfindən ona imtina cavabı verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyətinin növləri sadalanmışdır. Həmin hallara nəzər saldıqda işçinin ödənişsiz məzunuyyətdə olduğu müddətin iş stajına aid edildiyi müəyyən edilmir. Bundan əlavə həmin Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: - işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti.....). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (1 sentyabr 2000-ci il) 9-cu maddəsinin x bəndinə əsasən iddiaçının hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir (maddə 111). İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət (maddə 112). Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır (maddə 128). Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (24 fevral 2009-cu il tarixli 771-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 129-cu maddənin 2-ci hissəsində “müddəti” sözündən sonra “altı aydan çox olmayaraq” sözləri əlavə edilmişdir). İşdən göründüyü kimi, iddiaçının adı 1997-ci ildən 2017-ci il tarixə kimi "xxxx" ASCdə (keçmiş Sumqayıt boru-prokat zavodu) işçi statusunda qalsa da, ödənişsiz məzuniyyətdə olmuş və həmin halı özü də təsdiq etmişdir. Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Qeyd olunan maddi hüquq normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun normaları tətbiq edilərək əmək pensiyası hesablana bilməz. Belə ki, həmin qanunla tələb olunan şərtlərdən iddiaçının ümumi iş stajına malik olması iş materialları ilə müəyyən edilmir. Yəni, iddiaçı 1997-2006-cı illər ərzində (ümumilikdə isə 1997-2017-ci illərdə) ödənişsiz məzuniyyətdə olduğu üçün (6 ay istisna olmaqla) onun iş stajının hesablanmağa başlandığı 1977-ci ildən ödənişsiz məzuniyyətə çıxdığı 1997-ci ilə qədər dövrü əhatə etməklə 25 ili tamamlanmır. İddiaçının çalışdığı illərdən iş stajına daxil edilən dövr - xx.xx.1977-xx.xx.1978-ci illər, xx.xx.1978-xx.xx.1980-ci illər, xx.xx.1981-xx.xx.1997ci illər və 2006-2007-ci illər üzrə 1 ay hesablanmaqla ümumilikdə 19 il 04 ay 24 gündən ibarətdir. Bu müddət güzəştli şərtlərlə pensiya təyinatı üçün kifayət etmir. Həmçinin, iddiaçıya 60 yaşı tamam olduğu vaxtdan da güzəştli şərtlərlə pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun tələbləri ödənilmədiyindən təyin edilməsi mümkünsüzdür. Çünki tələb olunan ümumi iş stajı ödənilmir və iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı kifayət etmir. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmayaraq 20 ilə qədər dövrü əhatə etmişdir. Eyni zamanda ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamış, iddiaçı həqiqətən də həmin dövrlərdə ödənişsiz məzuniyyətdə olduğunu təsdiq etmiş, boşdayanma halının olmasının işəgötürənin təqsiri üzündən baş verməsi sübut edilməmişdir. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlərdən biri - iddiaçının müvafiq yaşa çatması ödənilsə də, ümumi iş stajı iş materialları ilə təsdiq olunmadığından cavabdehin imtinası əsaslı hesab edilməli, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı həmin halları sübut edə bilməmiş, məhkəməyə yetərli ümumi staja malik olması barədə sənəd təqdim edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi, keçmiş illər üçün ödənilməli olan pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev