Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3985/2023 09.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Quba Rayon İcra Hakimiyyətinin Şuduq İƏV-nin nümayəndəliyinə və Quba rayon Şuduq Bələdiyyəsinə qarşı “Quba RİH-nin Şuduq İƏV-nin nümayəndəliyinin, Şuduq kənd bələdiyyəsinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, icarə müqavilələrinin ləğv olunması, Bad çayını su ilə təmin edən bulaqların üzərində qurulmuş bənd və kəmərlərin ləğv olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Quba Rayon İcra Hakimiyyətinin Şuduq İƏV-nin nümayəndəliyinə və Quba rayon Şuduq Bələdiyyəsinə qarşı “Quba RİH-nin Şuduq İƏV-nin nümayəndəliyinin, Şuduq kənd bələdiyyəsinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, icarə müqavilələrinin ləğv olunması, Bad çayını su ilə təmin edən bulaqların üzərində qurulmuş bənd və kəmərlərin ləğv olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasını başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xəstəliyi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyinə görə, iddia tələbinə mahiyyəti üzrə baxılması məqsədəmüvafiq hesab edildi. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddia tələbinə etiraz edərək bildirmişdir ki, ərizədə qeyd edilmiş ərazilərdə əməkdaşlarımız tərəfindən araşdırılma aparılmışdır və ərizədə qeyd edilmiş bütün sahələrin koordinatları çıxarılmışdır. Sözügedən ərazilər Bad çayının soi tərəfində yerləşir və həmin ərazilər Xanagah bələdiyyəsinin sahələridir. Həmçinin bildirilir ki, həmin sahələrin ümumiyyətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aidiyyəti yoxdur. Qeyd edilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2 eyniməzmunlu izahat verərək, cavabdeh inzibati orqan kimi cavab verməli deyillər. Nəzərə almağı məhkəmədən xahiş etdi. Cavabdehlər Quba Rayon İcra Hakimiyyətinin Şuduq İƏV-nin nümayəndəliyi və Quba rayon Şuduq Bələdiyyəsi iddia tələbinə etriaz edərək bildirmişlər ki, iddiaçının subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutlar mövcud olmalıdır. İddiaçı məhz nümayəndəliyin və bələdiyyənin hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu bildirsə də, belə bir pozuntunun baş verməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən, İddiaçı iddiasının mümkünsüz hesab edilməsi barədə qərar çıxarmağınızı xahiş etmişlər. İddiaçı və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, digər cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi cavabdehlərdən maddi və mənəvi ziyana görə 400000 manat məbləğində pulun onun xeyrinə tutulması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Göründüyü kimi hazırkı iddia tələbi kompensasiya ilə bağlı deyil, vurulmuş maddi və mənəvi tələb ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Quba Rayon İcra Hakimiyyətinin Şuduq İƏV-nin nümayəndəliyi və Quba rayon Şuduq Bələdiyyəsi tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamış, cavabdeh təşkilatların hərəkət və hərəkətsizliyinin nədən ibarət olması göstərilməmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, iddia tələbində bir neçə cavabdeh təşkilata qarşı iddia qaldırılmışdır. Hüquqi yardımla bağlı iddiaçıya keiriləcək iclas barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə qeyd olunan kompensasiya tələbi isə iddiaçıya vurulmuş ziyandan irəli gəlməlidir. Başqa sözlə desək, inzibati orqandan kompensasiya tələbi o halda tələb edilə bilər ki, inzibati orqanının şəxsə əmlak ilə bağlı vurduğu maddi ziyan mövcud olmuş olsun. Mənəvi zərərin şəxsin qeyri-əmlak hüquqlarından irəli gələ biləcəyini nəzərə alınaraq, iddiaçının mənəvi zərərlə bağlı mülki mübahisə qaydasında ümumi rayon (şəhər) məhkəmələrinə cavabdeh qarşı iddia qaldırmaq hüququnun olması diqqətinə çatdırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bir iddia ərizəsində bir necə inzibati orqana qarşı iddia tələbinin qaldırılması yolverilməzdir. İddiaçının iddia etdiyi tələb kompensasiya ilə bağlı olmuş olsaydı inzibati orqana qarşı məhkəmədə iddia qaldırmadan öncə pretenziya qaydasınada riayət olunmalı idi. Bu səbəbdən də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Quba Rayon İcra Hakimiyyətinin Şuduq İƏV-nin nümayəndəliyinə və Quba rayon Şuduq Bələdiyyəsinə qarşı “Quba RİH-nin Şuduq İƏV-nin nümayəndəliyinin, Şuduq kənd bələdiyyəsinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, icarə müqavilələrinin ləğv olunması, Bad çayını su ilə təmin edən bulaqların üzərində qurulmuş bənd və kəmərlərin ləğv olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3985/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3985/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver